Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2391/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə saatlara görə ödənilməli olan pulun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «işə bərpa və əlavə saatlara görə ödənilməli olan pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsi və əlavə saatlara görə ona ödənilməli olan pulun ödənilməsini Cavabdeh ASC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Dörd ilə yaxın müddət ərzində Cavabdeh ASC-də işləmişdir. 05 aprel 2021-ci il tarixli №231-k saylı əmrlə 06 aprel 2021-ci il tarixdən X3 Dövriyyəsi İdarəsinin Kassa və İnkassasiya Proseslərinin idarə edilməsi Deparmentinin İnkassasiya şöbəsinə böyük inkassator vəzifəsinə təyin edilmişdir. 01 mart 2022-ci il tarixli №247-k saylı əmrlə 01 mart 2022-ci il tarixdən Struktur dəyişikliyi ilə əlaqədar Korporativ və kossalistlər idarəsinin eyni adlı Deparmentinin Kassa və İnkassasiya Şöbəsinin inkasator vəzifəsinə keçirilmişdir. 12 iyun 2023-cü il tarixli №1099-k saylı əmrlə müvafiq struktur idarənin tabeliyindən çıxarılmışdır. 20 noyabr 2023-cü il tarixli №2240-k saylı əmrlə X1 və X2 və Əməliyyatlar şöbəsinə kassir inkassator vəzifəsinə keçirilmişdir. 06 noyabr 2024-cü il tarixli №2553-k saylı əmrlə 06 noyabr 2024cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O işlədiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. Məsuliyyətli işçi olmuşdur. Bankın nizamnaməsinə uyğun şəkildə işləmişdir. İşlədiyi müddətdə demək olar tez-tez əlavə saatlara qalmışdır. Əlavə saatlara qaldığı saata görə ona əlavə pul yazılmalı idi. Lakin əlavə yazılan pulu ona heç vaxt verməyiblər. O dəfələrlə öz haqqını tələb etmişdir. Ona ərizə yazdıraraq öz xahişi ilə işdən çıxmağını bildirmişdirlər. Əgər o ərizə yazıb işdən çıxmasa, onu maddə ilə işdən çıxaracaqlarını bildirmişlər. O işdən çıxmaq istəməmişdir. Maddə ilə işdən çıxaracaqlarından ehtiyat edib öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmışdır. O ərizəni yazdıqdan sonra rəhbər işçilərə işləmək istədiyini bildirsə də, onlar onun bu xahişinə baxmadılar və o da məcbur qalıb bu məsələnin əmək mübahisəsi olduğundan Bakı şəhər 8 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixə təyin edilmiş mediasiya proseslərinə tərəfin gəlmədiyini görüb mediasiyadan aldığı arayışı və lazım olan sənədləri toplayıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, işə bərpa olunmasını və işlədiyi bütün əlavə saatlara görə ona ödənilməli olan pulun ödənilməsini istəyir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək “əlavə saatlara görə ona ödənilməli olan pulun ödənilməsi”-ni Cavabdeh ASC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh ASC ilə xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək X4 Dövriyyəsi idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi Deparmentinin İnkassasiya şöbəsinin böyük inkassatoru vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədiyi üçün tərəflər arasında bağlanmış əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə, yəni xx.xx.2022-ci il tarixdən 1 il müddətinə, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək əmək müqaviləsinin müddəti 6 ay müddətinə, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən işçiyə bildiriş verilərək müddəti xx.xx.2024-cü il tarixdə bitən tərəflər arasında bağlanmış sözügedən əmək müqaviləsinin müddətinin 1 ay müddətinə uzadılacağı razılaşdırılmış və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş elektron sənəd formasında bağlanmış əmək müqaviləsinə əsasən əmək müqaviləsinin bitmə müddəti uzadılaraq yazılı formada kağız daşıyıcıda xx.xx.2024-cü il tarixli 2204/162/29040 nömrəli bildiriş verilərək işçi əmək müqaviləsinin müddətinin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə xəbərdar edilmişdir. Həmin bildiriş məktubu xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli 2553-k nömrəli əmrlə işçi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İşəgötürənin sözügedən əmri həm kağız daşıyıcıda işəgötürən tərəfindən imzalanaraq möhürlənmiş, həm də işçi ilə bağlanmış əmək müqaviləsi elektron sənəd formasında bağlanıldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq da işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq işçi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə görə həmin müqaviləyə xitam verilməsi barədə xəbərdar edilmiş və müvafiq əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün xx.xx.2204-cü il tarixdə həmin müqaviləyə xitam verilmişdir. Elə həmin tarixdə, yəni xx.xx.2204-cü il tarixdə işçi İddiaçı xx.xx.2024-cü il tarixli 2553-k nömrəli əmrlə tanış olaraq əmək kitabçasını təhvil almışdır. İddiaçının əlavə saatlara görə ona ödənilməli olan pulun ödənilməsi öhdəliyinin bankın üzərinə qoyulmasına dair tələbinə münasibətdə bildirir ki, işçinin işlədiyi günlərə, həmçinin işçinin bununla bağlı müraciət(lər)inin olması halları müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı iddia ərizəsi ilə iş vaxtından artıq işlərə cəlb edilməsinə görə ona əlavə əmək haqqının ödənilməsini tələb etsə də, hansı tarixlərdə iş vaxtından artıq işlərə cəlb edilməsi barədə məlumatı və buna dair hər hansı bor sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməsini xahiş etdi. Cavabdeh ASC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və iş vaxtından artıq vaxda işə cəlb olunduğu üçün əlavə əmək haqqı” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, iddia tələbinin dəqiqləşdirilməsini də nəzərə alaraq hesab edir ki, «əlavə saatlara görə ödənilməli olan pulun ödənilməsi» iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində bağlanmış müddətli (1 il) əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC-də Nağd vəsaitlərin dövriyyəsi idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi deparmentinin İnkassasiya şöbəsinin böyük inkassatoru vəzifəsinə işə götürülmüşdür. - xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndi ilə müəyyən edilmiş müddət tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixinədək 6 ay müddətinə uzadılmışdır. - xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndi ilə müəyyən edilmiş müddət tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixinədək 1 il müddətinə uzadılmışdır. - Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatır və xx.xx.2024-cü il tarixindən 1 ay müddətinə uzadılmışdır. - ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 2022-ci il tarixli №247-k saylı əmrlə həmin tarixdən Struktur dəyişikliyi ilə əlaqədar Korporativ və kossalislar idarəsinin eyni adlı depormentinin Kassa və inkassasiya şöbəsinin kassir inkasator vəzifəsinə keçirilmiş; 12 iyun 2023-cü il tarixli №1099-k saylı əmrlə müvafiq struktur idarənin tabeliyindən çıxarılmış; 20 noyabr 2023-cü il tarixli №2240-k saylı əmrlə X1 və Loqistika departamentinin Pul və Əməliyyatlar şöbəsinə kassir inkassator vəzifəsinə keçirilmiş; 06 noyabr 2024-cü il tarixli №2553 saylı əmrlə 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh ASC-nin №2553-k saylı, 06 noyabr 2023-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Qiymətlilərlə Əməliyyatlar və Logistika deparmentinin Pul və logistika əməliyyatları şöbəsinin kassir-inkassatoru ilə bağlanmış əmək müqaviləsinin müddəti qurtardığına görə, onunla bağlanmış əmək müqavləsinə 06 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş və avans olaraq istifadə edilmiş 6.6 təqvim günü məzuniyyət günü müvafiq qaydada ondan tutulması müəyyən edilmişdir. - Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/202500163 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, yalnız İddiaçı xx.xx.2025-ci il tarixə saat 12.30-a təyin edilmiş mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat İMS VƏ 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. -2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. -12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. -16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. -154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. -154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. -157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. -172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. -172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. -195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə əsas məhz əmək müqaviləsinin müddətinin qurtarması olmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixində bağlanmış müddətli (1 il) əmək müqavilə ilə İddiaçı Cavabdeh ASC-də Nağd vəsaitlərin dövriyyəsi idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi deportamentinin İnkassasiya şöbəsinin böyük inkassatoru vəzifəsinə işə götürülmüş, 01 mart 2022-ci il tarixli №247-k saylı əmrlə həmin tarixdən Struktur dəyişikliyi ilə əlaqədar Korporativ və kossalislar idarəsinin eyni adlı departamentinin Kassa və inkassasiya şöbəsinin kassir inkasator vəzifəsinə keçirilmiş; 12 iyun 2023-cü il tarixli №1099-k saylı əmrlə müvafiq struktur idarənin tabeliyindən çıxarılmış; 20 noyabr 2023-cü il tarixli №2240k saylı əmrlə X1 və Loqistika departamentinin Pul və Əməliyyatlar şöbəsinə kassir inkassator vəzifəsinə keçirilmiş, əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün 06 noyabr 2024-cü il tarixli №2553 saylı əmrlə 06 noyabr 2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işlədiyi müddətdə demək olar tez-tez əlavə saatlara qalması, əlavə saatlara qaldığı saata görə ona əlavə yazılan pulun ona heç vaxt verilməməsinə görə əlavə saatlara görə ona pul ödənilməli olmasını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasını müdafiə edərək verdiyi izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçı hansı tarixlərdə iş vaxtından artıq işlərə cəlb edilməsi barədə məlumatı və buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar qeyd edir ki, cavabdeh ümumilikdə mübahisə üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, ərizənin məzmunundan görünür ki, ərizə əsasən iddiaçının işə bərpası ilə bağlı iddiası ilə əlaqələndirilmiş, iş vaxtından əlavə işə cəlb olunması ilə əlaqədar əlavə əmək haqqı tələbi üzrə ərizədə əsaslandırma göstərilməmişdir. Məhkəmə işə bərpa ilə bağlı iddia tələbinin dəqiqləşdirilərək sonda iş vaxtından əlavə işə cəlb olunması ilə əlaqədar əlavə əmək haqqı tələbinin irəli sürülməsini və bu tələbin əsassız olmasına yuxarıda hüquqi qiymət verilməsini nəzərə alaraq cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsini hazırki mübahisə üzrə verilməməsi kimi qiymətləndirərək sözügedən ərizəyə mahiyyəti üzrə qiymət verilməsini zəruri saymır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə saatlara görə ödənilməli olan pulun ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə saatlara görə ödənilməli olan pulun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2391/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2391/2025
06.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver