Məhkəmə qərarları › İş №2(006)-24/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-24/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-24/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 72.079 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildə Cavabdeh MMC ilə 00/88 nömrəli Podrat Müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Podratçı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 230 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin, 61 kv.m-lik verandasının, 36 kv.m-lik eyvanın, 14 kv.mlik manqal və yay mətbəxi zonasının, 12 kv.m həyətdəki S/Q-m, həyətdəki 9 m uzunluğunda və 4 m enində olan skimmer tipli hovuzun, 136 kv.m avto-dayanacaq zonasının, şambonun, 8 ton həcmində su tutumu olan yeraltı beton rezervuarının və 721 kv.m-lik həyətdəki landşaft (həyətyanı sahə və yaşıllıq) sahəsinin təsdiq olunmuş layihə və dizayna uyğun olaraq tikinti təmirini və bu Müqavilənin əlavələrində qeyd olunmuş işlərin yerinə yetirməsini həyata keçirməli idi. Bu işlərin qarşılığında o, 145000 manat pul verilməsi öhdəliyini üzərinə götürərək xx.xx.2022-ci il tarixində həmin müqavilə üzrə Podratçıya 131100 manat pul ödəmişdir. Podratçı təmir-tikinti işinə başlayıb bir müddət davam etsə də, artıq neçə müddətdir ki, təmir-tikinti işlərini yarımçıq saxlamışdır. Podratçı, ümumiyyətlə, bütün fəaliyyətini dayandırmışdır. Podrat Müqaviləsinin 4.1-ci maddəsinə əsasən Podratçı 180 iş günü müddətində nəzərdə tutulmuş işləri tamamlamalı idi. Lakin Podratçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və sözügedən vaxt ərzində yerinə yetirə bilməyəcəyi işin bəri başdan açıqca aydın olması səbəbilə müqaviləni Mülki Məcəllənin 759-cu maddəsinə əsasən birtərəfli qaydada ləğv etmişdir. (cavabdehə ünvanlanmış bildirişin və onun çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Bu baxımdan iddiaçıya dəyən zərərin əvəzini Podratçıdan tələb etmə hüququ yaranmışdır. Belə ki, cavabdeh 145000 manat qarşılığında təsdiq olunmuş layihə və dizayna uyğun olaraq tikinti işlərini və Müqavilənin əlavələrində qeyd olunmuş işlərin yerinə yetirməsini həyata keçirməyi öhdəsinə götürdüyü halda, həmin öhdəliyini lazımi şəkildə yerinə yetirməmişdir. Əgər podratçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsəydi, o, müqavilədə nəzərdə tutulmuş bağ evindən rahat şəkildə istifadə edə biləcəkdi. İndi isə tikinti yarımçıq qaldığından həmin bağ evi istifadəyə yararsızdır. O, 145000 manat vəsait sərf etməklə müqavilədə nəzərdə tutulan bağ evini və digər işləri tamamlayacağına ümid etsə də, hal-hazırda müəyyən olunur ki, müqavilə üzrə nəzərdə tutulmuş təmir-tikinti işinin yekunlaşdırılması üçün 72079 məbləğdə vəsait lazımdır. Belə ki, cavabdeh həmin əmlakda 50000 manat civarında təmir-tikinti işlərinin görülmədiyini etiraf etmişdir. "xxxx" MMC-nin 001-29/03-MT/22 nömrəli “Qiymətləndirmə Hesabatın"da isə, yarımçıq saxlanılmış təmir-tikinti işlərinin yenidən davam etdirilib tam şəkildə başa çatdırılması üçün 72079 manat miqdarında vəsaitin lazım olduğu qeyd edilmişdir. Belə olan halda, həmin məbləğ zərər kimi cavabdehdən tutularaq ona verilməlidir. İddiaçı nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iddiaçı cavabdehlə 145000 manat dəyərində müqavilə bağlamışdır. 131100 manat məbləğində pul ödəmişdir. Podrat müqaviləsi bağlanan zaman boş torpaq sahəsi mövcud idi, heç bir tikili yox idi. İddiaçının ödəniş etməsi ilə bağlı qəbzlər var. Müqavilədə qeyd edilmişdir ki, göstərilən məbləğin doxsan faizi icra edildikdən sonra, yəni 131000 manat ödəndikdən sonra ev onlara təhvil veriləcək. Lakin ödəniş edilməsinə baxmayaraq, cavabdeh şirkət evi hazır vəziyyətdə təhvil verməmişdir. Ev hal-hazırda hazırdır və təmirlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Podrat müqaviləsindən görünür ki, Podratçı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 230 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin, 61 kv.m-lik verandasının, 36 kv.m-lik eyvanın, 14 kv.mlik manqal və yay mətbəxi zonasının, 12 kv.m həyətdəki S/Q-m, həyətdəki 9 m. uzunluğunda və 4 m. enində olan skimmer tipli hovuzun, 136 kv.m avto-dayanacaq zonasının, şambonun, 8 ton həcmində su tutumu olan yeraltı beton rezervuarının və 721 kv.m-lik həyətdəki landşaft (həyətyanı sahə və yaşıllıq) sahəsinin təsdiq olunmuş layihə və dizayna uyğun olaraq tikinti təmirini və bu müqavilənin əlavələrində qeyd olunmuş işlərin yerinə yetirməsini həyata keçirməli idi. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə ünvanlanmış bildirişdən görünür ki, o cavabdehə müqavilə öhdəliklərini yerinə yetirmədiyindən müqaviləni birtərəfli qaydada ləğv etməsi barədə xəbərdarlıq etmiş və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus 3 saylı bağ evində görüləcək işlərin smeta dəyəri 72079 manat məbləğində hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3-16-16/2-10/6484 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evində təmir-tikinti və quraşdırma işləri tam başa çatdırılmadığından, həmin yaşayış evində aparılmış təmir-tikinti və quraşdırma işlərinin tamamlanması üçün nə qədər vəsaitin tələb olunduğunu müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/1229 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evində təmir-tikinti və quraşdırma işləri tam başa çatdırıldığından, mülki iş materiallarında fərdi yaşayış üzrə aparılan tikinti işlərinə dair ilkin smeta sənədləri, eləcə də, alınmış tikinti materiallarına dair qaimə sənədləri olmadığından (iş materiallarında olan fotoşəkillər nəzərə alınmaqla) görülmüş təmir tikinti işləri (yarımçıq) üçün çəkilmiş xərclərin neçə manat təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 3 saylı bağ evində "xxxx" MMC tərəfindən 07 noyabr 2020-ci il tarixli 00/88 saylı podrat müqaviləsinə, layihə və dizayna əsasən yarımçıq qalmış tikilinin başa çatdırılması üçün yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin təqribən 33055,0 manat, fərdi yaşayış evi üzrə 28962,0 manat, həyətyanı sahədə inşa edilmiş hovuz və sanitar-qovşağı tikililəri üzrə isə 4093,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6990 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evində təmir-tikinti və quraşdırma işləri tam başa çatdırıldığından, mülki iş materiallarında fərdi yaşayış üzrə aparılan tikinti işlərinə dair ilkin smeta sənədləri, eləcə də, alınmış tikinti materiallarına dair qaimə sənədləri olmadığından (iş materiallarında olan fotoşəkillər nəzərə alınmaqla) görülmüş təmir tikinti işləri (yarımçıq) üçün çəkilmiş xərclərin neçə manat təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 3 saylı bağ evində "xxxx" MMC tərəfindən 07 noyabr 2020-ci il tarixli 00/88 saylı podrat müqaviləsinə, layihə və dizayna əsasən yarımçıq qalmış tikilinin başa çatdırılması üçün yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin təqribən 34024,0 manat, fərdi yaşayış evi üzrə 29931,0 manat, həyətyanı sahədə inşa edilmiş hovuz və sanitar-qovşağı tikililəri üzrə isə 4093,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci ildə Cavabdeh MMC ilə 00/88 nömrəli Podrat Müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Podratçı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 230 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin, 61 kv.m-lik verandasının, 36 kv.m-lik eyvanın, 14 kv.m-lik manqal və yay mətbəxi zonasının, 12 kv.m həyətdəki S/Q-m, həyətdəki 9 m. uzunluğunda və 4 m. enində olan skimmer tipli hovuzun, 136 kv.m avto-dayanacaq zonasının, şambonun, 8 ton həcmində su tutumu olan yeraltı beton rezervuarının və 721 kv.m-lik həyətdəki landşaft (həyətyanı sahə və yaşıllıq) sahəsinin təsdiq olunmuş layihə və dizayna uyğun olaraq tikinti təmirini və bu Müqavilənin əlavələrində qeyd olunmuş işlərin yerinə yetirməsini həyata keçirməli idi. Bu işlərin qarşılığında o 145000 manat pul verilməsi öhdəliyini üzərinə götürərək xx.xx.2022-ci il tarixində həmin müqavilə üzrə Podratçıya 131100 manat pul ödəmişdir. Podratçı təmir-tikinti işinə başlayıb bir müddət davam etsə də, işlərini yarımçıq saxlamışdır. Podratçı, ümumiyyətlə, bütün fəaliyyətini dayandırmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və sözügedən vaxt ərzində yerinə yetirə bilməyəcəyi işin bəri başdan açıqca aydın olması səbəbilə iddiaçı müqaviləni Mülki Məcəllənin 759-cu maddəsinə əsasən birtərəfli qaydada ləğv etmişdir. Hazırda iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə hesabatına münasibət bildirərək qeyd edir ki, bu hesabat məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Hazırkı mülki iş üzrə işin daha da obyektiv araşdırılması məqsədilə bir neçə dəfə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6990 nömrəli ekspert rəyə əsasən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evində təmir-tikinti və quraşdırma işləri tam başa çatdırıldığından, mülki iş materiallarında fərdi yaşayış üzrə aparılan tikinti işlərinə dair ilkin smeta sənədləri, eləcə də, alınmış tikinti materiallarına dair qaimə sənədləri olmadığından (iş materiallarında olan fotoşəkillər nəzərə alınmaqla) görülmüş təmir tikinti işləri (yarımçıq) üçün çəkilmiş xərclərin neçə manat təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 3 saylı bağ evində "xxxx" MMC tərəfindən 07 noyabr 2020-ci il tarixli 00/88 saylı podrat müqaviləsinə, layihə və dizayna əsasən yarımçıq qalmış tikilinin başa çatdırılması üçün yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin təqribən 34024,0 manat, fərdi yaşayış evi üzrə 29931,0 manat, həyətyanı sahədə inşa edilmiş hovuz və sanitar-qovşağı tikililəri üzrə isə 4093,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pulun 34024 manat həcmində müəyyənləşdirilməsi ədalətlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən 34024 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 150 manat məbləğində pulun 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi Cavabdeh MMC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 34024 (otuz dörd min iyirmi dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərclərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pulun 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar