Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2401/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin may ayında işə düzəlmək üçün "xxxx" MMC-yə müraciət etmiş, MMC-nin rəhbəri Nümayəndə iddiaçının "xxxx" vəzifəsinə qəbul edilə biləcəyini bildirdikdən sonra aralarında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı məşğulluq təsnifatı üzrə "xxxx" olaraq işə başlamış və 4 (dörd) ay müddətində həmin MMC-də işləmiş, lakin bu müddətdə əmək haqqı vaxtlı-vaxtında ödənilmədiyindən öz ərizəsi əsasında işdən çıxmaq qərarına gəlmişdir. 2022-ci ilin yanvar-fevral aylarında cavabdeh "xxxx" MMC-nin təsisçisi və mülkiyyətçisi iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyini bildirmiş, iddiaçı həmin vaxtdan sonra heç bir yerdə işləmədiyindən rəsmi işə daxil olmadığı üçün əmək müqaviləsinə xitam verilib-verilməməsi məsələsi ilə maraqlanmamışdır. 2023cü ilin oktyabr ayında yeni iş üzrə əmək müqaviləsi bağlamaq zərurəti yarandıqda iddiaçıya əvvəlki iş yeri ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi və hazırda da həmin müqavilənin qüvvədə olduğu məlum olmuşdur. Halbuki, iddiaçı əmək müqaviləsinə 2022-ci il tarixdə xitam verildiyini zənn etmişdir. Bundan sonra həqiqəti öyrənmək üçün iddiaçı cavabdehin təsisçisi ilə telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsa da, telefonu başqa bir şəxs cavablayaraq təsisçi Nümayəndə həbsdə olduğunu bildirmişdir. Bundan sonra iddiaçı təsisçi Nümayəndələ görüşməyə cəhd etsə də, mümkün olmamışdır. Belə olan halda iddiaçı cavabdehin hüquqi ünvanına məktub ünvanlayaraq, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, məktub “həmin ünvanda şirkət mövcud deyil” qeydi ilə qaytarılmışdır. İddiaçı məsələnin həlli üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ərizə ilə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə cavab məktubunda məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnternet Vergi İdarəsi”nin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən əldə olunan məlumatlardan görünür ki, Nümayəndə "xxxx" MMC-nin qanuni təmsilçisidir; Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əsas iş yeri üzrə "xxxx" MMC-də "xxxx" vəzifəsinə qəbul olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. İddiaçı əməyinin vaxtamuzd əsaslarla ödənilməsi müəyyən edilmiş və aylıq əmək haqqının məbləği 250 manat təşkil etmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/16/2024-0265 nömrəli arayışından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan məsələlərə aydınlıq gətirmək məqsədilə izahata ehtiyac olduğu nəzərə alınaraq, o, 7 (yeddi) iş günü ərzində şəxsiyyət vəsiqəsi, əmək haqqı bank çıxarışı və digər təsdiqedici sənədlərlə birlikdə “DOST” mərkəzinə dəvət olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Abşeron DOST Mərkəzinə müraciət edilmiş və bununla bağlı bildirişin “ƏMAS”a daxil edilməsi ilə bağlı izahat yazılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin ünvanına (ünvan 233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və araşdırmaya dair sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim olunması tələb olunmuş, lakin məktub poçt xidmətinə məxsus F-20 formalı qəbzdə “evdə yoxdur” qeydi ilə geri qaytarıldığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən "xxxx" MMC ilə aralarında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı onunla MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-yə ünvanlanmış məktub üzərindəki qəbzdən görünür ki, “belə şirkət yox” qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əsas iş yeri üzrə "xxxx" MMC-də "xxxx" vəzifəsinə qəbul olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. İddiaçı rəsmi qaydada X1 Xidmətinə müraciət etmiş, Xidmətin tövsiyəsi ilə əvvəlcə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə müraciət etsə də, işəgötürən hərəkətsizlik nümayiş etdirmiş, bu səbəbdən iddiaçı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verməli olduğu halda, işəgötürən bunu etmədiyindən, əmək qanunvericiliyinin normalarını, həmçinin, işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddəsinin “b” bəndinə görə, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddəsinin tələbinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 69-cu maddəsinin 1-2-ci hissələri ilə müəyyən edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2401/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2401/2024
06.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver