Məhkəmə qərarları › İş №2(006)-241/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-241/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-241/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliklərini pozduğuna görə 35.525 manat təhsil xərcinin və penyaya görə hesablanmış 58.352 manat pul məbləğinin, cəmi 93.877 manat və rüsuma görə ödənilmiş 371,63 manat məbləğində pulun alınaraq İddiaçı bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, K.Rəhimov 13 ünvanında fəaliyyət göstərən İddiaçı ilə “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə uyğun olaraq ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh arasında təhsil alan X3 İddiaçındə təhsil alması üçün müxtəlif vaxtlarda təhsil müqavilələri bağlanılmış və bu müqavilələr üzrə öhdəliklər onun tərəfindən imza edilərək qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə 1 müqavilə və həmin müqaviləyə əlavə, xx.xx.2018-ci il tarixdə 1 müqavilə və həmin müqaviləyə əlavə, xx.xx.2019-cu il tarixidə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə, xx.xx.2020-ci il tarixdə isə 1 müqavilə və həmin müqaviləyə 4 əlavə bağlamışlar. Həmin təhsil müqavilələrinə əsasən Cavabdeh övladının təhsil alması ilə əlaqədar olaraq məktəblə qarşılıqlı razılığa gəlmiş və bu müddət ərzində təhsil xərclərinin bir hissəsini ödəmişdir. İddiaçı təhsil müqavilələri üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş və təhsil standartlarına uyğun olaraq xidmətlər həyata keçirmişdir. Lakin keçən müddət ərzində mühasibatlıqdan təqdim olunmuş sənəddən göründüyü kimi, təhsil alan X3 2017/2018-ci il tədris ilinə görə 7.400 manat, 2018/2019-cu tədris ilinə görə 8.885 manat, 2019/2020-ci tədris ilinə görə 4.440 manat, 2020/2021-ci tədris ilinə görə isə 14.800 manat olmaqla, cəmi 35.525 manat məbləğində təhsil xərcini Cavabdeh İddiaçı bank hesabına ödənilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış 2017/2018-ci il və 2018/2019-cu il təhsil müqavilələrinin 4-cü bölməsinə əsasən müqavilə bağlanan anda təhsil haqqının 40%-i, ödənilməmiş qalan hissəsinin 30%-i dekabr ayının 5-nə və son 30%-i isə mart ayının 5-nə qədər ödənilməlidir. Tərəflər arasında bağlanmış 2019/2020-ci il və 2020/2021-cil il təhsil müqavilələrinin 4-cü bölməsinə əsasən isə müqavilə bağlanan anda təhsil haqqının 30%-i, ödənilməmiş qalan hissəsinin 40%-i dekabr ayının 5-nə və son 30%-i isə mart ayının 5-nə qədər ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən təhsil haqqının ödənişi vaxtında yerinə yetirilməzsə, onda gecikdirilmiş təhsil haqqı məbləğinin hər gününə 0,2% həcmində peniya tətbiq edilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında mülki iş üzrə iddianı qismən qəbul edərək, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Britaniya istiqamətinin (2017-ci il üçün Year 4, 2018-ci il üçün Year 5, 2019-cu il üçün Year 6, 2020-ci il üçün Year 7) sinfinə, şagird kontingentinə qəbul edilmiş Daniel Nevcombenin təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtında İddiaçınə təhsil alan tərəfdən ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2017-ci il tarixli təhsil müqaviləsinə əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında təhsil alanın valideyni Cavabdeh 2017/2018 tədris ili üçün 14.800 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, ümumi təhsil haqqının 40%-i 5 dekabr tarixədək və son 30%-i 5 mart tarixədək, razılaşma əsasında təhsil haqqının ilkin 30%-i ödənildikdən sonra qalan ödənilməmiş təhsil haqqı məbləği aylara bölünərək, hər aya düşən məbləğin həmin ayın 5-dək ödənilə biləcəyi qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixli təhsil müqaviləsinə əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında təhsil alanın valideyni Cavabdeh 2018/2019 tədris ili üçün 14.800 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 40%-i, təhsil haqqının ödənilməmiş qalan hissəsinin 30%-i dekabr ayının 5-nə və son 30%-i mart ayının 5-ə qədər ödənilməsi qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli təhsil müqaviləsinə 4 əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında təhsil alanın valideyni Cavabdeh 2019/2020 tədris ili üçün 4.440 manat, 5.920 manat, 4.440 manat, 14.800 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, təhsil haqqının ödənilməmiş qalan hissəsinin 40%-i dekabr ayının 5-nə və son 30%-i mart ayının 5-ə qədər ödənilməsi qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli təhsil müqaviləsinə 4 əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında təhsil alanın valideyni Cavabdeh 2020/2021 tədris ili üçün 4.740 manat, 6.320 manat, 4.740 manat, 15.800 manat təhsil haqqını ödəmək, ödənişi manatla, müqavilə bağlanan anda ümumi təhsil haqqının 30%-i, təhsil haqqının ödənilməmiş qalan hissəsinin 40%-i dekabr ayının 5-nə və son 30%-i mart ayının 5-ə qədər ödənilməsi qeyd edilmişdir. - İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 005/3542 saylı məktubunda, məktəbdə təhsil alan X3 2017/2018-ci il tədris ilinə görə 7.400 manat, 2018/2019-cu il tədris ilinə görə 8.885 manat, 2019/2020-ci il tədris ilinə görə 4.440 manat, 2020/2021-ci il tədris ilinə görə 14.800 manat olmaqla, cəmi 35.525 manat məbləğində təhsil xərcləri üzrə borcunun olduğu, bununla bağlı ona dəfələrlə məlumat verildiyi qeyd olunmuş və müqavilə üzrə öhdəliyin icrasının təmin edilərək gecikdirilmiş təhsil xərclərinin İddiaçı bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli, 005/3563 saylı şagirdin təhsil haqqı borcları haqqında məlumatdan görünür ki, X3 2017/2018-ci illər üçün – 7.400 manat, 2018/2019cu illər üçün – 8.885 manat, 2019/2020-ci illər üçün – 4.440 manat, 2020/2021-ci illər üçün – 14.800 manat olmaqla, cəmi 35.525 manat ödənilməmiş təhsil haqqı borcu mövcuddur. - İddiaçı sosial şəbəkədə yaradılmış rəsmi səhifəsində xx.xx.2020-ci il tarixində elan yerləşdirilməklə bildirilmişdir ki, İddiaçı (British School in Baku) İdarə Heyətinin qərarına əsasən 2020/2021-ci il tədris ilində tədris prosesi distant platforma üzərindən aparılacağı halda akademik il ərzində müqaviləyə uyğun olaraq ödəniləcək təhsil haqqından distant platforma üzərindən davam edəcək hər aya düşən təhsil haqqı məbləğindən 40% güzəşt ediləcəyi bildirilmişdir. - İddiaçı xx.xx.2023-cü il tarixli, 005/3605 saylı “Covid-19” pandemiyası ilə əlaqədar olaraq 2020/2021-ci il tədris ilinin aylar üzrə güzəşt olunan təhsil haqqı barədə məlumatdan görünür ki, X3 2020/2021-ci tədris ili üçün ümumilikdə 3.552 manat güzəşt olunmuşdur (məlumatda güzəşt olunan məbləğlər hər ay üzrə ayrı-ayrılıqda qeyd olunmuşdur). - Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi ilə razı deyildir. Onun oğlu X4 2014-cü ilin sentyabr ayından (1-ci sinifdən) etibarən İddiaçınə getmişdir. Onunla məktəb arasında övladının ödənişli əsasla təhsil alması ilə əlaqədar müqavilə bağlanmışdır. 2017-ci ilin may ayından maddi sıxıntıları başlamışdır. Məktəbin rəhbərliyi ona güzəştə gedərək, övladının təhsil haqqısını hissəvi şəkildə ödəməsinə icazə vermişdir. Onun övladının təhsil haqqını ödəyə bilməməsi səbəbilə məktəb qarşısında borcu yaranmışdır. Lakin “Covid-19” virusu ilə əlaqədar pandemiyanın başlaması səbəbilə 2020-ci ilin mart ayından 2021-ci ilin may ayına qədər ölkədə ümumi qapanma elan edilmiş və təhsil müəssisələri hazırlıqları ləğv etmiş və yaxud distant təhsil formasına keçid etmişlər. Bu səbəbdən İddiaçı vəlideynlərə təhsil ödənişi ilə bağlı 30-40% həcmində güzəşt etmişdir. Lakin iddia ərizəsinin verilməsi zamanı İddiaçı iddia ərizəsində bu halı qeyd etməmişdir. Onun məktəb qarşısında borcu olduğuna görə 2019-cu ildən uşağı məktəbdən çıxarıldığı vaxtadək məktəb onun uşağına yetərincə təhsil verməmiş, uşağının təhsili ilə bağlı problemləri yaranmışdır. Bundan əlavə oğlu X4 2021-ci ilin iyun ayında 7-ci sinifə imtahan vermişdir. Sonradan, 2021-ci ilin sentyabr ayında İddiaçı rəhbərliyi bildirmişdir ki, 2022-ci ilin fevral ayından etibarən oğlu təhsil alanlar sırasından “ENİS” proqramı vasitəsilə xaric edilmişdir. Lakin İddiaçı öz iddia ərizəsində bildiririr ki, oğlunun təhsil alanlar sırasından xaric edilməsinə səbəb onun dərslərdən qaçması (yayınması) olmuşdur. Göstərilənlərin nəzərə alınaraq, pandemiya dövründə təhsil haqqının ödənilməsi ilə bağlı İddiaçı iddia tələbinin həcminin 30-40% həcmində azaldılması (mart 2020-may 2021), habelə övladının məktəbə getməsinə qoyulmuş qadağa ilə əlaqədar 2021-ci ilin sebtyabr ayından 03 fevral 2022-ci il tarixədək 100%-dək miqdarda azaldılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 9/7747 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yəni təqdim edilmiş iş materiallarında olan təhsil müqavilələri, həmçinin həmin müqavilələrə edilmiş əlavələrin qeyd olunan şərtləri əsas götürülməklə, eyni zamanda cavabdeh tərəfindən aparılmış müqavilələr üzrə müvafiq bütün ödənişlər nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixli təhsil müqaviləsi üzrə yaranmış borcu 7.400 manat, xx.xx.2018-ci il tarixli təhsil müqaviləsi üzrə yaranmış borcu 4.660 manat, xx.xx.2019-cu il tarixli təhsil müqaviləsi üzrə yaranmış borcu 4.440 manat, xx.xx.2020-ci il tarixli təhsil müqaviləsi üzrə yaranmış borcu 14.320 manat məbləğində, ümumilikdə isə cavabdeh tərəfindən 30.820 manat manat məbləğində ödənilməmiş təhsil haqqı borcu müəyyən edilmişdir. Həmçinin, rəydən görünür ki, cavabdeh tərəfindən aparılmış ödənişlər fərqli tarixlərdə aparıldığından, yəni bir tarixdə ödənilmədiyindən, konkret gecikdirilmiş günlər barədə bir nəticəyə gəlinmədiyi üçün tədqiqat zamanı cavabdehə cərimə hesablanması mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə valideyn Cavabdeh arasında azyaşlı X3 təhsil alması ilə əlaqədar təhsil müqaviləsi bağlanmışdır. Təhsil müqaviləsinin əsas şərtləri (ödəniş məbləği, ödənişin həyata keçirilməsi qaydası və s.) həmin müqaviləyə əlavələrdə öz əksini tapmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri, yəni X3 təhsil alması ilə əlaqədar müqavilə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəf İddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və müqavilə ilə müəyyən edilmiş ödənişləri vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və məhkəməyə cavabdehin iddiaçıya olan borc məbləğini əks etdirən xx.xx.2022-ci il tarixli 9/7747 saylı ekspert rəyi daxil olmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı xx.xx.2022-ci il tarixli 9/7747 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, habelə işdə iştirak edən şəxslər tərəfindən ekspert rəyinə dair etiraz daxil olmadığından, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Lakin işə baxılan dövrdə cavabdeh tərəf etiraz ərizəsi təqdim edərək, İddiaçı 2020/2021-ci tədris ilində prosesin distant platforma üzərindən aparılması ilə əlaqədar akademik il ərzində müqaviləyə uyğun olaraq ödəniləcək təhsil haqqından distant platforma üzərindən davam edəcək hər aya düşən təhsil haqqı məbləğindən 40% güzəşt edildiyini qeyd etmiş, iddiaçı tərəf isə bu məsələyə dair arayış təqdim edərək, 2020/2021ci tədris ili üçün ümumilikdə 3.552 manat güzəşt olunduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin övladı X3 həmin ərəfədə İddiaçındə təhsil alması səbəbilə bu hallar (təhsil haqqı məbləğinin güzəşt edilməsi) ona da şamil edilməli, ekspert tərəfindən hesablanmış və cavabdehin iddiaçıya olan borcunu əks etdirən məbləğdən güzəşt olunmuş məbləğ (3.552 manat) çıxılaraq, yekun borc məbləği müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf yuxarıda qeyd edilən məsələ ilə yanaşı etiraz ərizəsində 2021-ci ilin sentyabr ayından 03 fevral 2022-ci il tarixədək ondan tələb edilən övladının təhsil haqqısının məbləğinin azaldılmasını xahiş etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı 2020/2021-ci tədris ilinin iyun ayınadək olan dövr üçün ödənilməmiş təhsil haqqı məbləğini tələb etmiş və cavabdehin qeyd etdiyi dövr üçün hər hansı bir məbləğinin ödənilməsinə dair tələb irəli sürməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 371, 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun 107,94 manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin olunmasına mütənasib olaraq ödənilmiş 371,63 manat dövlət rüsumunun 107,94 manatı iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Ekspertiza xərci olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1.000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 1.000 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun 107,94 manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar