Məhkəmə qərarları › İş №2(006)-2410/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2410/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2410/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh 1655,40 (bir min altı yüz əlli beş, qırx) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 1685,40 manat məbləğində pulun "İddiaçı” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh - Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2011-ci ilin fevral ayının 1-dən 2016-cı ilin may ayının 13-dək hər ay üçün 18,00 manat, 2016-cı ilin may ayının 13-dən hər ay üçün 25,00 manat məbləği ödəməli olduğu halda bunu etməmiş və nəticədə abonentin 1655,40 (bir min altı yüz əlli beş, qırx) manat borcu yaranmışdır. İddiaçıSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 03 dekabr 2020-ci il tarixində yazılı xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmişdir. Cavabdeh barəsində Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 59 saylı MKİS-dən verilmiş 02.11.2020-ci il tarixli J-18 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatdadır. Müvafiq cavabdehin yaşadığı mənzildə ailə tərkibinin 10 (on) nəfər olmasını nəzərə alaraq su təchizatına və kanalizasiya xidmətlərinə görə hesabat aşağıdakı qaydada aparılmışdır: 1 m3 x 36 qəp. x 5m3 =1,80 manat, 1,80 man. x 10 nəfər = 18,00 manat, 18.00 man. x 63,5 ay = 571,22 manat, 1143,30 manat + 512,10 manat (13.05.2016-ci ildən bir nəfər (55 ay) 2,50 manat hesabatla (Taarif Şurasının yeni qərarı) = 1655,40 manat, cəmi = 1655,40 manat. İddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən 05.04.2021-ci il tarixli qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinin tələblərinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin iştirak etməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Ətraflı abonent kartından görünür ki, 01.05.2008-ci il tarixli 13410454 nömrəli müqavilə üzrə 481539 nömrəli müştəri Cavabdeh (Abonent kodu: **********001) Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 16 ünvanı üzrə cəmi 1655,40 manat borcu vardır. Abunəçi tərəfindən son ödənişin edilməsi tarixi 2018-ci ilə təsadüf edir. Bakı şəhər Nəsimi rayon İH Nəsimi rayon MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş 23.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Ailə tərkibi 2 nəfər təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunun surətindən görünür ki, 03.02.2020-ci il tarixinə Cavabdeh su və çirkab su xidmətlərindən istifadəyə görə İddiaçı ASC Nəsimi rayonu Sukanal idarəsinə 1655,40 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. 5 iş günü müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən xidmət dayandırılmaqla yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir. Ödəniş qəbzindən (№ ********* və 6********) görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında şifahi formada bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Belə ki, Cavabdeh qeydiyyatda olmaqla yaşadığı ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı suların axıdılması xidməti ilə təmin edildiyindən o, abonent kimi 01.05.2008-ci il tarixli 13410454 nömrəli müqavilə üzrə 481539 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam ödənilmədiyinə görə nəticədə onun cavabdeh "İddiaçı" ASC-yə borcu yaranmışdır. Hazırda İddiaçı ASC Cavabdeh 1655,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 1685,40 manat məbləğində pulun "İddiaçı" ASC-nin xeyrinə tutulmasını tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bu Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, borc üzrə 1655,40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1685,40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Borc üzrə 1655,40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1685,40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar