Məhkəmə qərarları › İş №2(006)-2413/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2413/2025

26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2413/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğumun akt qeydinin bərpa edilmə" barədə ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğumun akt qeydinin bərpa edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydini bərpa edərək, Ərizəçi xx.xx.1972-cı il tarixdə Ermənistan Respublikasında anadan olmağı barədə hüquqi doğum akt qeydində qeyd olunması faktın təsdiq edilib, doğum haqqında şəhadətnamənin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən atası X4, anası X3 olan Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-nin Quqark rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi xx xxxxxx 1972-ci il tarixdə anadan olmuşdur. Subaydır. Heç bir zaman ailə qurmamışdır. 1988-ci ildə Ermənistan Respublikasından çıxan zaman onların doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu günə kimi doğum haqqında şəhadətnaməsini bərpa etdirə bilməmişdir. Doğum haqqında şəhadətnaməni bərpa etdirə bilmədiyinə görə atasından qalan əmlakı adına rəsmiləşdirə bilmir və bununla sənədləşmə işlərini həll etməkdə çətinlik çəkir. Buna görə “doğum haqqında şəhadətnaməsinin bərpası üçün 1 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin oradan ona 3-16-5/8-460/25 saylı xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirmişlər ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 1 saylı Bakı “ASAN Xidmət" Mərkəzinin qeydiyyat şöbəsinin müraciətinə bu cavabından sonra məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin əmisidir. Novruzov Riza qardaşıdır. 3 qardaş, 1 bacı olmuşlar. Novruzov Rizanın isə 3 oğlu, 1 qızı vardır. Sonrakı həyat yoldaşından isə 1 oğlu da olmuşdur. Qardaşıyla münasibətləri yaxşıdır. Novruzov Rizanın öz uşaqları ilə münasibətləri yaxşıdır. Novruzov Riza 1942-ci ildə Ermənistan, Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. Təxmini 1967-ci ildə N.Mübarizin anası – Novruzova Güllüzar ilə ailə həyatı qurmuşdur. Novruzova Güllüzar qardaşının 2-ci evliliyidir. 1988-ci ildə Rizagil Ermənistandan Bakı şəhərinə gəlmişlər. O isə Bakı şəhərində peşə məktəbində oxuyurdu deyə 1979-cu ildə Ermənistandan gəlmişdir. X7 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır. 3 qardaş, 1 bacıdılar. Atası və anası Ermənistan, Quqark rayonunun Hallavar kəndində anadan olmuşdurlar. Ermənistanda da ailə həyatı qurublar. Onlar - 4 uşaq Ermənistanda doğulmuşlar. Ərizəçi də 1972-ci ildə Quqark rayonunda doğulmuşdur. 1988-ci ildə Ermənistandan Bakı şəhərinə gəlmişlər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1972ci il tarixdə doğulmuşdur. Elektron informasiya sistemindən çıxarılmış Ərizəçi şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, xx.xx.1972-ci il tarixdə Ermənistan, Böyük Qarakilsə kəndində doğulmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu MKTB-nin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 177 nömrəli arayışından görünür ki, Ərizəçi M.Əlizadə küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli məktubuna əsasən "Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilir ki, müvafiq qeydin əvəllər oduğunu təsdiq edən sənədi doğum haqqında şəhadətnamə təqdim edilə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-11745 saylı məktubuna əsasən xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasında X-SL9716 nömrəli pasport (SSRİ pasportu) almış xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi xx.xx.1992-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və xx.xx.2005-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2021-ci il tarixlərdə şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Ermənistan SSR, Quqark rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli 264848 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, ərizəçinin bacısı X5 xx.xx.1977-ci il tarixdə Ermənistan SSR Quqark rayonunun Allavar kəndində doğulmuşdur, atası X4, anası X2r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarının:

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

21. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır.

Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan, Quqark rayonunda doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edildiyi, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci ildə Ermənistan, Quqark rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə, atasına məxsus əmlakla bağlı mübahisə olduğu üçün lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçi 1xx.xx.1972-ci ildə Ermənistan, Quqark rayonunda doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan, Quqark rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X4”, ana qrafasında “X3” qeyd edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan, Quqark rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Novruzov”, adı “Mübariz”, ata adı “Riza”, doğum tarixi “xx.xx.1972-ci il”, doğum yeri “Ermənistan SSR-nin Quqark rayonu”, ata qrafasında “atası X4, ana qrafasında “anası X3” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar