Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2422/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Polis İdarəsinin əməkdaşlarının və Şəki Ağır Cinayətlər Məhkəməsinin qanunsuz və əsassız qərarları ilə saxlanıldığı 276 gün üçün hər gün 100 manat hesablamaqla 27.600 manat, şərəf və ləyaqəti alçaldıldığı üçün 50.000 manat, mənəvi ziyan olaraq 30.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək beş il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmündən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28.01.2020-ci il tarixli 1(107)-5/2020 saylı hökmü ilə əməlində cinayət tərkibi olmadığından və cinayət əməlini onun törətmədiyi müəyyən olunduğundan ona bəraət verilmiş və məhkəmə zalından azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsində ona qanunsuz məhkum olunduğuna və qanunsuz həbsdə saxlanıldığına görə kompensasiya ala biləcəyini izah etmişlər. Dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28.01.2020-ci il tarixli 1(107)-5/2020 saylı hökmündən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 01.12.2020-ci il tarixli 1(102)-777/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. CPM-in 56, 57.1-ci maddələrinə, CM-in 58.1, 58.2, 60.1-ci maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 23.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21-23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2020-ci il tarixli qərarına istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Zərdab rayon Polis Şöbəsinin qanunsuz əməllərinə görə o, 9 ay 3 gün əsassız olaraq şübhəli və təqsirləndirilən şəxs kimi saxlanılmışdır. Bundan əlavə onun adını «Narkotacir» kimi rəsmiləşdirərək onun şərəf və ləyaqətini alçaltmışlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində maddi ziyana görə 27.600 manat, mənəvi ziyana görə 80.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Mülki Məcəllənin 1101.1-ci, 1114.3-cü maddələrinə istinad edərək qeyd edir ki, bu baxımdan iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət etiraz ərizəsinə əlavə olunur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyan vurulması ilə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinad edərək, həmçinin qeyd etmişdir ki, iddiaçı mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Bundan başqa, iddiaçı maddi zərərlə bağlı kompensasiya tələb etmişdir. Bununla bağlı bildirir ki, iddiaçı cinayət işi ilə əlaqədar saxlanılana qədər aylıq qazancı, glirləri ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Bu baxımdan, iddiaçının maddi zərərə görə kompensasiya tələbi əsassız sayılmalıdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs kimi tutulduğu 26 aprel 2019-cu il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 yanvar 2020-ci il tarixli hökmü ilə İddiaçı müdafiəçisi Emil Əliyevin apellyasiya şikayəti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilmiş, Kəmil Rəsulovun CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 1(102)-777/2020 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 yanvar 2020-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 3.000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2422/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2422/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver