Məhkəmə qərarları › İş №2(006)-2436/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2436/2024

03.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2436/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-yə ADU Əmlak MMC-nin onun işdən çıxarılması barəsində əmrinin ləğv edilməsi, "xxxx" QSC-yə ADU Əmlak MMC-də onun işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, 2023-ci ilin may, iyun ayları, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, işdən azad edilməsi ilə bağlı ona vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-yə ADU Əmlak MMC-nin icarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinə avtodayanacaq növbətçisi vəzifəsinə təyin olunmuşdur. Lakin, onu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən “d” bəndinə əsasən işdən azad etmişlər. Belə ki, başqa biri ilə iş vaxtı aralarında söz-söhbət düşmüş və bu səbəbdən onu işdən azad etmişlər. O, bu səbəbi işdən azad olunacağı qədər səbəb hesab etmir. Belə ki, onun işlədiyi işdə məsuliyyətli olmuşdur. O, vicdanla çalışmışdır. Hazırda hər hansı bir yerdə iş tapmaq da çox çətindir və o, ailəlidir, uşağı var. O, işləyib ailəsini dolandırmağa məcburdur. Ailədə işləyən təkcə odur. Möhtərəm Prezidentin «işçilərin ixtisar edilməməsi çağırışım nəzərə alınmalıdır» çıxış edərək, Azərbaycan sahibkarlarına müraciətində «işçiləri ixtisar etməmələri barədə» çağırış etmiş, «ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur» qeyd etməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir məhəl qoyulmamışdır. Cavabdeh tərəfin onun işdən çıxarılması barədə əmri ləğv edilməli, işə bərpa edilməli və həmin müddət əmək stajına aid edilməli, 2023-ci ilin may iyun ayına qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqı hesablanaraq ona ödənilməli, işdən azad edilməsi ilə əlaqədar ona vurulmuş 1000 manat məbləğində mənəvi ziyan ödənilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-ni əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, əmək müqaviləsində də göstərildiyi kimi iddiaçı ilə 3 il müddətinə əmək müqaviləsi bağlanmışdır. 2 ay müddətinə sınaq müddəti qoyulmuşdur. İddiaçı işlədiyi müddət ərzində yəni aprel-may aylarında etik davranış, nizam intizam qaydalarını pozaraq xidmət göstərdiyi sahədə vətəndaşlara qarşı kobud rəftara yol vermişdir. 2023-cü ilin may ayında belə bir hadisə nəticəsində iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, ona AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Rəhbərlik dəfələrlə bu davranışlarına görə iddiaçıya şifahi xəbərdarlıqlar etmişdir. Nəticədə iddiaçı sınaq müddətində özünü doğrultmadığına görə AR Əmək Məcəlləsinin 70-ci maddənin “d” bəndi ilə işdən azad edilmişdir. İddiaçı iddia ərizəsində may-iyun aylarında əmək haqqını almadığını göstərsə də may ayı ərzində maaşı əvəzçilik qaydasında hesablanaraq tam şəkildə ona ödənilmişdir. Əgər işçi sınaq müddətində olmasa idi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndi ilə işdən azad olunacaqdı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə sonuncunun 3 ay müddətinə 2 ay sınaq müddəti müəyyən edilməklə avtodayanacaq növbətçisi vəzifəsinə təyin edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı adına xx.xx.2023-cü il tarixdə açılmış əmək kitabçasının surətindən örünür ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin icarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinin avtodayanacaq növbətçisi vəifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Cavabdeh MMC-nin icarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinin avtodayanacaq növbətçisi vəzifəsində çalışan İddiaçı ünvanlanmış “sınaq müddətinin nəticəsinin qeyri-qənaətbəxş hesab edilməsi” haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə ona sınaq müddəti dövründə xidməti sahəsində xx.xx.2023-cü il tarixində iş saatında nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə sınaq müddətindən keçməmiş sayılması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq onunla bağlanmış xx.xx.2023-cü il tarixli 043 №li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, tarixdə Cavabdeh MMC-nin icarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinin avtodayanacaq növbətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad edilmişdir. Müqavilənin ləğv edildiyi tarix xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, 2023-cü ilin aprel ayı üzrə 550 manat, may ayı üzrə 621 manat əmək haqqı İddiaçı ödənilmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN№ ******* saylı protokoldan görünür ki, həmin protokol İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən inzibati xətanın törədilməsi haqında tərtib edilmişdir. İş materiallarında olan İcarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinin rəisi Abuzər İbrahimov tərəfindən Cavabdeh MMC-nin direktoru Pərviz Qulamiyə ünvanladığı 13-1-2/3-56-244/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubla Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixində işə qəbul edilmiş İcarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinin avtodayanacaq növbətçisi vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində iş saatında nizam-intizam qaydalarını kobud şəkildə pozması, yol verilmiş inzibati xəta hadisəsi ilə bağlı müvafiq qurum tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə məlumat verilmişdir. Hadisə ilə bağlı ətraflı bildirmişdir ki, avtodayanacaq növbətçisi İddiaçı onun xidməti sahəsinə daxil olmuş avtonəqliyyat vasitəsinin sürücüsünə qarşı kobudluğa yol vermişdir və nəticədə tərəflər arasında mübahisə yaranmışdır. Hadisə tərəflərin bir-birləri ilə əlbəyaxa çəkişməsi və ətrafa qarşı etinasızlıq, hörmətsizliklə (xuliqanlıq) müşayiət olunmuşdur. Baş vermiş hadisə ətrafda xidmət aparan Çevik Polisin əməkdaşları tərəfindən müşahidə olunmuş və tərəflər aidiyyatı üzrə polis bölməsinə dəvət olunmuşlar, bununlada hadisəyə hüquqi qiymət verilmişdir. İş materiallarında olan Hüquq və insan resursları şöbəsinin İnsan resursları üzrə aparıcı mütəxəssisini müvəqqəti əvəzedən Rəfiqə Balayeva tərəfindən Cavabdeh MMCnin direktoru Pərviz Qulamiyə ünvanladığı 13-1-2/3-58-248/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubla əməkdaş Abuzər İbrahimovun xx.xx.2023-cü il tarixli 13-1-2/3-56- 244/2023 nömrəli məktuba əsasən xx.xx.2023-cü il tarixində işə qəbul edilmiş İcarə şöbəsinin avtodayanacaq işinin təşkili bölməsinin avtodayanacaq növbətçisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilməsinə göstəriş verilməsi xahiş olunmuş, baş vermiş hadisə ilə bağlı əməkdaşın dəvət olunaraq izahatının alınması, Əmək müqaviləsinə sınaq müddəti ərzində özünü doğrultmaması səbəbi ilə 3 gün qabaqcadan (xx.xx.2023-cü il tarixində) məlumat verilərək, tərtib olunmuş akt forması ilə tanış olub imza çəkməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Həmin Məcəllənin 52-ci madəsinə əsasən əmək müqaviləsi bağlanılarkən sınaq müddəti: yaşı 18-dən az olan şəxslərlə; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla; hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə; tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. İş materiallarından görünür ki, 3 ay müddətinə 2 ay sınaq müddəti müəyyən edilməklə işə götürülmüş iddiaçı işlədiyi xidmət sahəsində xx.xx.2023-cü il tarixdə iş saatında nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə sınaq müddətindən keçməmiş sayılması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilməklə, həmin tarixdə Əmək Məcəlləsi 70-ci maddənin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qaydada verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hansı tarixdən, hansı əmrlə və hansı əsasla işdən azad edilməsi barədə ətraflı məlumatı olmuşdur. Belə ki, göstərilən məsələlərlə əlaqədar yazılı izahat verməklə, baş vermiş qayda pozuntusunu etiraf etmişdir. İşdən azad ediləcəyi barədə qanunvericilikdə nəzərədə tutulmuş müddətdə xəbərdarlıq edilməklə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında iddiaçı əvvəllər eyni xarakterli işdə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan qurumunda 12 il işlədiyini, sonradan struktur dəyişikliyi baş verdikdən sonra cavabdehlə aralarında müqavilə bağlandığını bildirmiş, lakin bildirdikləri barədə sübut təqdim etməmişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən verilmiş işçinin işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq eilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar