Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2436/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2012-ci ildə əmək müqaviləsi bağlamış və Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsində elektrik qazqaynaqçısı vəzifəsində tam ştatlı işləməyə başlamışdır. Cavabdehlə olan müqavilə müddətsiz əmək müqaviləsi olmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə “öz xahişi ilə işdən azad olunması” barədə ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət ünvanlanmışdır. İşdən azad olunmaq istəməyində məqsəd ailəsinin dolanacaq xərcləri ilə bağlı əmək haqqının onu qane etməməsi, nisbətən yüksək əmək haqqı alacağı bir idarədə işləmək olmuşdur. Buna baxmayaraq, 1 ay müddətə yaxın yeni iş axtarmağa çalışsa da yeni iş tapa bilməmişdir. Ərizədə isə işdən ayrılmağının hər hansı bir əsaslandırıcı səbəbi (yaşa, əlilliyə görə əmək pensiyasına çıxmaq, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmaq, yeni yaşayış yerinə köçmək, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda) göstərilməmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizəsini geri götürməsi ilə əlaqədar yeni ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13-13/2-2/10-N-2350-5/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubundan sonra iddiaçıya məlum olmuşdur ki, onunla olan əmək müqaviləsinə artıq xitam verilmişdir. Buna baxmayaraq, bu barədə iddiaçıya son haqq-hesab, əmək kitabçası və ya əmək müqaviləsinə xitam verilməsinə dair əmr təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13-13/2-2/10-N-2350/4-5/2025 saylı, xx.xx.2023-ci il tarixli digər cavab məktubundan aydın olmuşdur ki, iddiaçı ilə olan əmək müqaviləsinə elə ərizə yazıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bu barədə iddiaçının məlumatı olmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona əmr, əmək kitabçası və ya son-haqq hesab sənədi təqdim edilməmişdir. Bu sənədlərin hamısı hazırda cavabdeh orqandadır. Bu barədə heç bir məlumatı olmamışdır. Halbuki, cavabdeh orqan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin, 83-cü maddəsinin tələblərini gözləməli idi. Bu barədə iddiaçıya ünvanlanmış 13- 13/2-2/10-N-2350/4-5/2025 saylı, xx.xx.2025-ci il tarixli digər cavab məktubundan sonra işdən rəsmi qaydada çıxarılmağından xəbərdar olmuşdur. İddiaçı bu müddətdə işsiz qalmış, əmək haqqı almamış, cavabdeh orqan onu işdən azad etdikdən sonra bu barədə haqq-hesab sənədi təqdim etməmişdir. Çalışdığı müddətdə iddiaçının net əmək haqqı (vergi ödənişlərindən sonra olan əmək haqqı/işçiyə verilən məbləğ) 562 manat olmuşdur. xx.xx.2025-ci il tarixdən etibarən iddiaçıya əmək haqqı ödənilməmişdir. Beləliklə, işəgötürən tərəfindən ƏM-nin tələblərinə əməl olunmamış və iddiaçının əmək hüquqları pozulmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə işəgötürənə ərizə yazdıqdan sonra xəbərdarlıq müddəti bitənədək, yəni 1 təqvim ayınadək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilərdi. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Buna baxmayaraq, işəgötürən əmək müqaviləsinə ona ərizə ünvanladığı gün, yəni xx.xx.2025-ci il tarixdə xitam vermişdir. İşəgötürən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya əmr, əmək kitabçası və son-haqq hesab təqdim etməmişdir. Halbuki, bu AR ƏM-nin 83-cü maddəsinin 3-cü və 4-cü hissələrinə ziddir. İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ərizə yazıldıqdan sonra 1 təqvim aylıq xəbərdarlıq müddəti ərzində iddiaçıya həmin vəzifəyə yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq edilməmişdir. AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsində qeyd edilən halların heç biri mövcud olmadığı üçün ərizədə dəqiq tarix göstərilsə belə işəgötürən tərəfindən əmək müqaviləsinə həmin gün (ərizədə göstərilən gün) xitam verilə bilməzdi. İddiaçı Mübahisənin həlli məqsədilə AR ƏƏSMN yanında X5 Xidmətinə müraciət ünvanlamışdır. Mübahisənin həlli məqsədilə xx.xx.2025-ci il tarixdə qarşı tərəfə, yəni cavabdehə təklif göndərmiş, xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş MŞB/6-00329 nömrəli, xx.xx.2025-ci il tarixli X2 (İMS) X4 Arayış təsdiq edir ki, cavabdehin səlahiyyətli nümayəndəsi ilkin mediasiya prosesində iştirak etməmişdir. AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsində qeyd edilən halların heç biri mövcud olmadığı üçün ərizədə tarix göstərilmiş olsa belə əmək müqaviləsinə həmin gün xitam verilə bilməzdi. İşəgötürən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya əmr, əmək kitabçası və son haqq-hesab təqdim etməmişdir.
3. Cavabdeh "xxxx" ASC ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddəti keçdiyinə görə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25-00009 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2025-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra ona son haqq-hesabı təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və tərəflərə xx.xx.2025-ci il tarixli MŞB/6-00329 saylı arayış verilmişdir. İddiaçının iddia ərizəsinin Nəsimi Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixdə qeydiyyata alındığını nəzərə aldıqda onun 1 aylıq iddia müddətini ötürdüyü məlum olur. Cavabdeh hesab edir ki, hazırkı iddia tələbinə iddia müddəti şamil edilməlidir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, iddia tələbinin təmin olunmamasını xahiş etdi.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli, k-12-0391 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Nərimanov RETSİ-nin 110/35/20 kV-luq İstismar şöbəsinə y/st. xidməti üzrə elektrik çilingəri təyin olunması, əmək haqqının 310 manat ödənilməsi əmr edilmişdir.
9. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, iddiaçı Nizami RETSİ-nin İstismar sahəsinə el.qazqaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 10.3-cü maddəsinə əsasən işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir.
10. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, k-14-0120 nömrəli əmrindən görünür ki, Nərimanov RETSİ-nin 110/35/20 kV-luq İstismar şöbəsinin el.çilingəri İddiaçı xx.xx.2014-cü il tarixdən Nizami RETSİ-nin 10/6/0,4 kV-luq İstismar şöbəsinə el.qazqaynaqçısı keçirilməsi, əmək haqqının 442 manat ödənilməsi əmr edilmişdir.
11. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı işdən azad edilməsini xahiş etmişdir.
12. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25-00009 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik qazqaynaqçısı İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2025-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq-hesabın (xx.xx.2024-xx.xx.2025-ci iş ilinə görə istifadə olunmamış məzuniyyət günləri üçün 15 t/günü pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
13. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının işə bərpa olunmağına köməklik edilməsi barədə müraciətinə baxılmış, ona hazırda müvafiq vəzifə üzrə ştat vahidinin olmadığı, uyğun vakansiya olduğu təqdirdə ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla müraciətinə baxıla bilməsi bildirilmişdir.
14. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçıya ərizəsini geri götürmək və ya onun etibarsız hesab edilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətin AR ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edildikdən sonra hüquqi qüvvəsinin olmadığı barədə məlumat verilmişdir.
15. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında X4 xx.xx.2025-ci il tarixli, MŞB/6/2025-00329 nömrəli arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə xx.xx.2025-ci il tarixdə təklif göndərilmiş, "xxxx" ASC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, 50 manat İMS, 10 manat kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir (RRN: **********43).
16. İş materiallarına iddiaçının əmək haqqı kartı üzrə hesabdan çıxarış da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə daxil olmuşlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İddiaçı xx.xx.2025ci il tarixdə işəgötürəni olan cavabdeh "xxxx" ASC-yə ərizə ilə müraciət edərək öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Həmin gün cavabdeh "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25- 00009 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə həmin gün məlumat verilmiş və iddiaçı artıq işə getməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehə ərizəsini geri götürmək istədiyi barədə müraciət etmiş, cavabdeh isə xx.xx.2025-ci il tarixli məktub ilə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi və ərizəni geri götürməyin mümkün olmadığını bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə işə bərpa tələbi barədə mediasiya təklifi göndərmiş və xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmişdir. Cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və iddiaçıya bu barədə xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə iddianın təmin edilməməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
18. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı 10 ildən çoxdur ki, cavabdeh müəssisədə işləyir. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məlum olur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunduğu barədə məlumatlı olmuşdur. Buna görə də xx.xx.2025-ci il tarixdən işə gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirir ki, iddiaçının öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsində xx.xx.2025-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı isə bildirir ki, onun xahişi xx.xx.2025-ci il tarixdə işdən azad edilməsi olmamışdır. O, başqa işə düzəlmək istəyinin olduğu üçün ərizəsini yazaraq işdən azad edilməsini xahiş etmiş, ərizəyə həmin günün tarixini ərizənin yazılma tarixi kimi yazdığını, həmin gün işdən çıxmaq istəmədiyini bildirmişdir. Daha sonra işdən çıxarıldığını və işə gəlməməli olduğunu ona bildirmişlər. Buna görə də iddiaçı xx.xx.2025-ci il tarixdən işə getməmişdir. Onun başqa işə qəbul olmaq cəhdi uğursuz olmuş və cavabdehə xx.xx.2025-ci il tarixli ərizə yazaraq “işdən azad edilməsi” barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir.
19. İddiaçının ərizəsinin məzmunundan işəgötürənin mülahizəsinə əsasən işçinin xx.xx.2025-ci il tarixdə işdən azad edilməsi istəyinin olduğu nəticəsinə gəlmək ədalətsiz olmaqla yanaşı, əmək münasibətləri çərçivəsində işçinin sərbəst iradəsini ifadə etməsinə zidd mövqe olar. Bundan başqa ərizənin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan iddiaçının savadının aşağı səviyyədə olduğu müəyyən olunur. Ərizənin məzmunu birmənalı olaraq onun həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etmir. Məhkəmə əmək hüququnun təməl prinsiplərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrini nəzərə alaraq hesab edir ki, qeyri-müəyyən hallar işçinin ziyanına şərh edilə bilməz. Məhkəmə iddiaçının “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizəsinə münasibətdə hesab edir ki, həmin ərizənin məzmununda iddiaçının məhz xx.xx.2025-ci il tarixdən işdən azad edilməsi xahiş edilməmişdir. İddiaçı ərizəni yazmış və sonda həmin günün tarixini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq qeyd edir ki, iddiaçı ərizəni təqdim etdikdə ona aşağıdan da tarixin qoyulmalı olmasını bildirmişlər, buna görə də ərizəçi bir daha ərizənin aşağı tərəfində də tarix qoymuşdur.
20. Məhkəmə qeyd edir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Hazırkı iş üzrə işçinin əmək müqaviləsi ərizəsini yazdığı gün işəgötürən tərəfindən ləğv edilmişdir. Halbuki, işəgötürən işçinin əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərməməsinə diqqət yetirmədən, xəbədarlıq müddəti bitməmiş əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir.
21. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, həmin xəbərdarlıq müddətinin mahiyyəti işəgötürənin işdən azad ediləcək olan işçinin yerinə yeni işçi tapmasından ibarətdir. Əgər işçi ərizəsində məhz bu tarixdə işdən azad edilməsini istədiyini qeyd etmişdirsə və həmin tarix işçinin ərizəsini verdiyi gündən etibarən bir ay müddətindən daha qısa müddəti ehtiva edirsə, belə olan halda işəgötürənin həmin işçi ilə əmək müqaviləsini ləğv etmək istəyi öz mülahizəsinə əsasən müəyyən edilir. Belə ki, hazırkı iş üzrə iddiaçı ilə işəgötürən arasında xx.xx.2025-ci il tarixdə iddiaçının işdən azad edilməsi barədə razılıq olsaydı, bu halda işəgötürən əmək müqaviləsini ləğv etməkdə haqlı olardı. Halbuki, tərəflər arasında belə bir razılıq olmamış, iddiaçı işdən azad edilmək istədiyi günü ərizəsində qeyd etməmişdir. Buna baxmayaraq işəgötürən öz təşkilati-sərəncamverici səlahiyyətindən və iddiaçının məlumatsızlığından sui-istifadə edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmiş və iddiaçıya işdən azad edildiyini bildirmişdir. Daha sonra iddiaçı hüquqlarının pozulduğunu bildikdə pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad edildiyi barədə məlumatlı olmuş və sonuncu iş günü həmin gün olmuşdur. Onun iddia müddətinin axımı xx.xx.2025-ci il tarixdən (xx.xx.2025-ci il tarix daxil olmaqla) başlamışdır. Hələ bir təqvim ayı tamam olmamış, xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı “X2 İştirak Edilməməsi” barədə arayışı aldıqda iddia müddətinin axımı bərpa olmuş və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir təqvim ayı ərzində (iddia müddətinin axımının dayanması nəzərə alınmaqla) sonuncu gün məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı). İddiaçının niyə məhz iddia müddətinin son günlərində müraciət etməsi, işdən azad edildiyi gündən bir neçə gün sonra əmri mübahisələndirməməsinə münasibətdə məhkəmə qeyd edir ki, pozulmuş hüquqlarının bərpa edilməsini istəyən şəxs istədiyi vaxt məhkəməyə müraciət edə bilər. Bu, onun qanunla müəyyən edilmiş hüququdur. İddia müddətinin tətbiqi məsələsinə yalnız cavabdehin müvafiq ərizəsi əsasında məhkəmədə baxılır. İddiaçının hüquqlarının pozulduğunu bildiyi gündən 1-2 gün sonra deyil, 25 gün sonra məhkəməyə müraciət etməsini hüquqdan suiistifadə kimi qiymətləndirmək olmaz.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə görə əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.
24. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işəgötürənin səlahiyyətli nümayəndəsi işçinin ərizəsini qəbul edərkən ərizədə sual doğuran məqamları aydınlaşdırmalı, məzmunu dəqiq olmayan ərizənin yazılı qaydada dəqiqləşdirilməsini tələb etməli idi. Buna baxmayaraq, cavabdeh (işəgötürən) ərizənin məzmununda dəqiq qeyd olunmayan halı özünə sərf edən formada şərh edərək işçinin qanunla müəyyən olunmuş hüquqlarını pozmuşdur. Tərəflər arasında olan əlaqələrin yazılı qaydada aparılmasının məqsədi gələcəkdə baş verə biləcək mübahisələrin sübut edilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Belə ki, qanunvericiliyin tələblərində ərizənin yazılı qaydada verilməsinin imperativ qaydada müəyyən edilməsi mübahisələrin qarşısının alınmasına və sübutların əldə edilməsinə yönəlimişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmədə iştirak edən tərəflərin hər biri öz mülahizələrini sübut etməlidir. Halbuki, cavabdeh heç bir mötəbər sübut təqdim etmədən işçinin xx.xx.2025-ci il tarixdə işdən azad edilməsini xahiş etdiyini, həmçinin onun yerinə başqa işçinin işə qəbul edildiyini bildirir. Lakin həmin sübutların təqdim edilməsi üçün məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq, bu mülahizələri sübut edəcək heç bir dəlili məhkəməyə təqdim edə bilmir. Məhkəmə mülahizələr əsasında deyil, mötəbər sübutlar əsasında yekun qənaətə gəlir.
25. Mübahisəsiz məsələdir ki, işçi əmək münasibətlərinin daha zəif tərəfidir. Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, işçinin Əmək Məcəlləsində təsbit olunmuş əsas hüquqlarından biridir. İşçinin qanunla təminat altına alınmış hüquqlarını onun savadsızlığına (ərizənin tarixini düzgün yerə yazmamasına) görə işəgötürənin xeyrinə şərh etmək hüququn və məhkəmələrin mövcud olma səbəbinə, qanunun aliliyinə zidd mövqe olar. Buna görə də qeyd olunan bütün diqqətəlayiq halları və təqdim edilən sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir.
26. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
d) Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddə, 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddə, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddə, “a”, “b”, bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 69-cu maddə, 1-ci hissə. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddə, 4-cü hissə. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddə, 5-ci hissə. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddə, 7-ci hissə. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər 300-cü maddə, qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 35.1, 35.2. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.. Maddə 32.4.2. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: - bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1.9. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: - bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri X2 iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “X2 iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı: Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.
30. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
31. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin 06 yanvar 2025-ci il tarixli, K/25-00009 saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-də Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik qazqaynaqçısı vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.
34. İddia təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir.
Nəticə:
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. "xxxx" ASC-nin 06 yanvar 2025-ci il tarixli, K/25-00009 saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" ASC-də Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik qazqaynaqçısı vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova