Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2442/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qıznın katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X8, X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 aprel 2019-cu il tarixindən "xxxx" ASC-nin Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmrinə əsasən əmək funksiyalarının icrası zamanı ciddi nöqsanlara yol verdiyinə və əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini keyfiyyətsiz yerinə yetirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, “Biləcəri ETSİ”-nin Enerji satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı Biləcəri ETSİ-nin inzibati ərazisində X15 məxsus obyektə “Asan Kommunal” Mərkəzinə müraciət olunmadan, rüsumdan yayınaraq X9 məxsus mənzilin 2007-ci il tarixində qeydiyyata alınmış üç fazalı elektrik sayğacı gətirərək quraşdırmış, daha sonra abunə kodu yeni abonentin, yəni Sakit Nağıyevin adına dəyişdirilmişdir. Digər abonent üçün isə “Asan Kommunal” Mərkəzinə müraciət olunaraq yeni abunə kodu açılmış və bir fazalı sayğac quraşdırılmışdır. Qeyd olunanlara bağlı Biləcəri ETSİ-nin nəzarətçi-mühəndisi Hüquq İdarəsinə dəvət edilərək izahatı alınmış və göstərilən əməlləri törətdiyini öz izahatında etiraf etmişdir.” İddiaçı “Biləcəri ETSİ”-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndis işləməklə Sulutəpə qəsəbəsi ərazisinə baxırmış, təxminən 2021-ci ilin yanvar ayinin 15-də Xocahəsən qəsəbəsi ərazisinə baxan nəzarətçi-mühəndis Natiq Quliyev xəstə olduğuna görə ondan xahiş etmiş ki, Xocahəsən qəsəbəsi ərazisində X6 evində olan üç fazalı sayğacı çıxarıb X13 evinə quraşdırsın. O da onun xahişini yerinə yetirmiş, montyorla birlikdə həmin işi icra etmişdir. Sayğacın sənədləşdirilməsi ilə əlaqədar bütün sənədlər yerində imiş, X6 notariusda təsdiqlənmiş ərizəsi də var imiş, 2021-ci ilin avqust ayının 18də Satış Departamentinin sədr müavini Rauf Əhmədov onu çağırıb bildirmişdir ki, qanunsuz olaraq sayğac dəyişdirilmişdir. Ona ərizə yazıb işdən çıxmağımı təkidlə tələb etmiş, sonra onu Hüquq şöbəsinə çağırmışlar. Lakin o, izahat yazıb bildirmişdir ki, onun heç bir günahı yoxdur. Yalnız iş yoldaşının xahişini yerinə yetirmiş və heç bir qanunsuzluğa yol verməmişdir. Sonra o, öz işini davam etmişdir. 2022-ci ilin yanvar ayının 17-də əmri verilmişdir. xx.xx.2022-ci il tarixli əmr qərəzli xarakter daşıyır və tamamilə qanunsuz və əsassız bir əmrdir. İşlədiyi müddətdə qüsursuz işləmiş, heç bir intizam xətasına yol verməmiş, rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmrinin ləğv olunması və 17 yanvar 2022-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı təlimatları pozmuş və onun qanunazidd fəaliyyəti nəticəsində cavabdehə maddi ziyan dəymişdir. Belə ki, vətəndaş adına sayğac keçirmək üçün “ASAN Kommunal” İdarəsinə getməli və "xxxx" ASC-nin nəfinə rüsum ödəməli idi. Onlar bu rüsumdan məhrum olunmuşlar. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, o, iddiaçını ancaq sayğac dəyişilən vaxt tanımış, onun mənzilində 3 fazalı sayğac var imiş. Onların sahəsinə baxan nəzarətçi Natiq ona 3 fazalı sayğacı 1 fazalı sayğaca dəyişməyi təklif etmiş, o isə buna razılaşmışdır. Həmin qonşu ilə notariusa getmişlər və rəsmiləşdirmə işləri etmişlər. Hadisə baş verən gün Natiqin ya əli, ya da ayağı sındığından sayğacı dəyişməyə gələ bilməmişdir. Ona görə də əvəzində iş yoldaşı Ramili göndərmişdir. Ramil də gəlib sayğacları dəyişmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Təsviri hissə: a) Mülki işin materialları:
8. Belə ki, mülki işin materiallarında olan “elektron notariat” X1 çıxarışdan görünür ki, X16 Bakı şəhəri 11 saylı notariat ofisində bildirmişdir ki, adına olan **********00042 nömrəli abonent kodunun və işıq sayğacının X13 adına rəsmiləşdirməsinə etirazı yoxdur.
9. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədova İddiaçı tərəfindən verilmiş yazılı izahatda qeyd edilmişdir ki, o, sayğacın bir ünvandan digər ünvana daşınmasında yalnız iştirak etmiş, nə daşınmadan əvvəl, nə daşınmadan sonra olan mövzularda iştirak etməmiş, məlumatı olmamışdır.
10. Mülki işin materiallarında olan hüquq idarəsinin rəisi Arif Ləzimzadə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədova ünvanlanmış 01 dekabr 2021ci il tarixli təqdimatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədrindən xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş əməkdaşların intizam məsuliyyətinə cəl olunması məsələsinə baxılması üçün Xidməti məlumat üzrə göstəriş verməyi xahiş olunmuşdur.
11. Mülki işin materiallarında olan 16 dekabr 2021-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 Qərarına əsasən Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndis İddiaçı, Suraxanı RETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisləri X11, X19, Maştağa ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndis X17, Bağlar ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi X7 barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İşlər İdarəsi tərfindən verilmiş təqdimatın təmin edilməsinə və adları qeyd olunan işçilər ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə X12 etiraz etmədiyi qərara alınmışdır.
12. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 yanvar 2022-ci il tarixli, k/22-00148 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək funksiyalarının icrası zamanı ciddi nöqsanlara yol verdiyinə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini keyfiyyətsiz yerinə yetirdiyinə görə Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi əmr edilmişdir.
13. Mülki işin materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası: 70 “ç”, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobudşəkildə pozduqda.
14. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifəsini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
17. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
20. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
21. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
22. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
25. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iştirakı ilə Biləcəri ETSİ-nin inzibati ərazisində X15 məxsus obyektə “ASAN Kommunal” Mərkəzinə müraciət olunmadan, rüsumdan yayınaraq, X9 məxsus mənzilin 2007-ci il tarixində qeydiyyata alınmış üç fazlı elektrik sayğacı gətirilərək quraşdırılmış, daha sonra abunə kodu yeni abonentin, yəni Sakit Nağıyevin adına dəyişdirilmişdir. Digər abonentə isə “ASAN Kommunal” mərkəzinə müraciət olunaraq yeni abunə kodu açılmış və bir fazlı sayğac quraşdırılmışdır.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir.
27. Enerji Təçhizatı və Satışı İdarəsinin Enerji Satışı Şöbəsinin nəzarətçi mühəndisinin vəzifə təlimatının 2.13-cü bəndinə əsasən nəzarətçi mühəndis tərəfindən sayğacsız abonentlərin tam siyahısı hazırlanmalı və onlara sayğac quraşdırılması üçün tədbirlər görməlidir.
28. Həmin vəzifə təlimatının 2.25-ci bəndinə görə nəzarətçi mühəndis iş rejiminə və nizam-intizam qaydalarına riayət etməlidir.
29. Eyni vəzifə təlimatının 2.26-cı bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma hallarını aşkarlamalı və müvafiq tədbirlər görməlidir.
30. Qeyd olunan vəzifə təlimatının 2.28-ci bəndində göstərilir ki, müraciət etmiş istehlakçılaın hüquqlarının başa salınması və lazımi instansiyalara yönəldilməsini təmin etməlidir.
31. Həmin vəzifə təlimatının 2.29-cu bəndinə görə abonentlər ilə münasibətlər X2 Qaydalarına əsaslanmalıdır.
32. Eyni vəzifə təlimatının 2.36-cı bəndinə əsasən gün ərzində qarşılaşdığı hər bir neqativ hallar barədə aparıcı mühəndisə məlumat verməlidi.
33. İddiaçı özü xx.xx.2021-ci il tarixli izahatında sayğacın bir ünvandan digərinə daşınmasında iştirak etdiyini etiraf etmişdir.
34. Göründüyü kimi iddiaçının öz işinə səhlənkar yanaşması səbəbindən əmək müqaviləsinin və vəzifə təlimatının tələblərini kobud şəkildə pozmuş, vətəndaşlara məqsədli şəkildə ödənişdən yayındırılmasına şərait yaratmış və nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərər vurulmuşdur.
35. Məhkəmə qeyd edir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onlar arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur.
36. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “işə bərpa edilməsi” haqqında iddia tələbi əsassız olduğuna görə, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan həmin tələblə bağlı olan iddianın “məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi” hissəsi də əsassız hesab olunmalıdır.
37. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov