Məhkəmə qərarları › İş №2(006)-2448/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2448/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2448/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə” dair ilkin iddia ərizəsi üzrə; iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehə 5400 manat kompensasiya verilməklə, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 50 saylı evin, 48 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ½ hissəsinin onun, ½ hissəsinin İddiaçı mülkiyyətinə verilməklə paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, onun iddia ərizəsində təqdim olunmuş məbləği “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim olunmuş mənzilin kirayə haqqının müəyyən edilməsini 330-360 manat hər ay, yəni 36 ay olmaqla müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 50 saylı evin 48 saylı mənzili xx xxxxxx 2012-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Bu barədə ona RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Cavabdehlə xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə X6 və xx xxxxxxxx 2007-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Nəsimi rayon Məhkəməsinin 2(006)- 336/2014 saylı xx xxx 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları Ülvi onun, Ənvər isə cavabdehin yanında qalması qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-469/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə övladı Ənvərin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəsini almış və övladı Ənvər cavabdehdən alınaraq ona verilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)- 5336/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə övladları yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının 1/3 hissəsi alınaraq ona ödənilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-6289/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı sabit məbləğdə aliment tələbi təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1915/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək, cavabdehdən övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 400 manat sabit məbləğdə aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4275/2019 saylı xx xxxx 2019cu il tarixli qərarı ilə təmin edilmədən, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyərək yüksək məbləğdə qazanc əldə etsə də övladlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə qət olunmuş sabit məbləğdə alimenti ödəməkdən yayınır, hal-hazıra qədər onun 5530 manat aliment borcu yaranmışdır. O, cavabdehlə boşandıqdan sonra X3 ilə ailə qurmuş, birgə nikahlarından X8 anadan olmuşdur. O, övladları və ikinci ailəsi ilə birlikdə mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da cavabdehlə boşandıqdan sonra başqa ünvanda yaşamağa məcbur olmuşdur. Mülkiyyətində olan mənzili boşalmasını və qeydiyyatdan çıxmasını cavabdehə dəfələrlə təklif etsə də imtina etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddiasına gəldikdə isə bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia rədd edilməlidir. xx xxxx 2014-cü il tarixdə 201 nömrə ilə qeydə alınmaqla Nəsimi rayon Qeydiyyat Şöbəsində nikahları pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə əsasən nikah pozulduqda ər-arvaddan ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik müddət şamil olunur. Yəni keçən müddət ərzində cavabdeh belə tələb irəli sürməmişdirsə hazırda irəli sürdüyü tələb təmin oluna bilməz. Sonda iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx xxxxxx 2005-ci il tarixdə X6 və xx xxxxxxxx 2007-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Nəsimi rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçıla nikahda olduqları dövrdə, yəni 2012-ci ilin noyabr ayında ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili alqı-satqı yolu ilə əldə etmişlər və mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzilin alınmasında onun öz şəxsi pul vəsaitindən istifadə olunmuşdu. Mənzilin alındığı vaxtdan bu günədək o, həmin mənzildə yaşayır və məhz öz şəxsi qazancı hesabına həmin mənzildə əsaslı təmir işləri də aparılmışdı. Həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzildir. Hazırda isə İddiaçı tərəfindən əsassız iddia qaldırılmaqla cüzi kompensasiya məbləği təklif olunmaqla onun həmin mənzildən çıxarılmağı xahiş olunmuşdu. Onun həmin mənzildən başqa yaşamağa digər yaşayış yeri yoxdur və mənzildən çıxarılmağı faktiki olaraq onun yaşayış yerindən məhrum edilməsi ilə nəticələnəcəkdir. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında Cavabdeh dediklərini təsdiq edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Azərbaycan RespublikasınınMPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olanyaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR, H.B.Əliyev küçəsi ev 50 mənzil 48-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 41,27 kv.m ümumi, 28,07 kv.m yaşayış, 13,2 kv.m yardımçı sahəsində ibarət 2 otaqlı 50 nömrəli ev, 48 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1771 nömrəli reyestr kitabının 162904 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(006)-5336/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-6289/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1915/2019 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-6289/2018 saylı qətnaməsi ləğv edilmiş, xx xxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(102)-4275/2019 saylı qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 1915/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli A/01-PLS saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, ərazisində köhnə tikili (Xurşovka) tipli evlərdə orta aylıq kirayə haqqı 330-360 manatdır. Beləliklə ilk növbədə məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR, H.B.Əliyev küçəsi ev 50 mənzil 48 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Lakin, bununla bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərara əsasən “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. İş materiallarından göründüyü kimi, tərəflər xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə X6 və xx xxxxxxxx 2007-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Nəsimi rayon Məhkəməsinin 2(006)-336/2014 saylı xx xxx 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğundan cavabdehin həmin mənzilə istifadə hüququ xx.xx.2000-ci il tarixindən sonra yarandığından, tərəflərin arasında yaranmış mübahisənin Azərbaycan Respublikası MM-nin 228-ci maddəsinin təsiri altına düşməsi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən «yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər». Bu səbəbdən onun istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, həmin maddəyə görə, «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər». Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 330-360 manat hər ay, yəni 36 ay olmaqla cəmi 12960 manat məbləğində kompensasiya ödəməyə razıdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarında göstərilir: «Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı təklif etdiyi 12960 manat məbləğində kompensasiya Cavabdeh davamlı sürətdə və bir neçə il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Odur ki, İddiaçı iddiası təmin edilməli; Cavabdeh 12960 (on iki min doqquz yüz altmış) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 50 saylı evin, 48 saylı mənzilindən istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə hesab edir ki, təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 194186 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx xxxx 2014-cü ildə ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvaddan ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik müddət şamil olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh irəli sürdüyü tələblə müvafiq olaraq ən geci xx xxxx 2017-ci ildə qaldırılmalı idi. Lakin Cavabdeh “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi məhkəməyə xx xxxx 2020-ci ildə daxil olub. Beləliklə, Cavabdeh iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır» (yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edib). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 12960 (on iki min doqquz yüz altmış) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 50 saylı evin, 48 saylı mənzilindən istifadə hüququna xitam verilsin və mənzildən çıxarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar