Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2450/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "elektron əmək müqaviləsi bildirişinə xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "elektron əmək müqaviləsi bildirişinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 ilə onun arasında olan əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işi olmadığı üçün iş axtarmışdır. İş elanlarında cavabdeh təşkilatın işçi axtardığını görmüşdür. Həmin təşkilatla əlaqə saxlamış və ona bildirmişlər ki, hazırda iş yoxdur, iddiaçı onlara şəxsiyyət vəsiqəsinin surətini göndərmiş və iş olanda ona xəbər edəcəklər. Lakin heç bir cavab verməmişlər. O da işə götürülmədiyini düşünmüşdür. Sonradan isə o, başqa iş taparaq işə qəbul edilmək üçün şəxsiyyət vəsiqəni təqdim etmişdir. Ona məlum olmuşdur ki, onu artıq işə götürüblər. Hazırda ona məlum olub ki, o, "xxxx" MMC şirkətində işə qəbul olunmuşdur. O, həmin MMC-də bir gün də olsun işləməmişdir. Ona məlum olmuşdur ki, "xxxx" MMC ümumiyyətlə fəaliyyət göstərmir. Bu barədə X2 müqavilənin ləğv edilməsi barədə müraciət etmişdir. Lakin müraciətinin nəticəsi müsbət olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Hazırda isə elektron sistemdə adı işçi kimi qeyd edildiyinə görə heç bir yerdə işləyə bilmir. Bütün bunlar onun qanunla qorunan hüquqlarını pozur. Tərəflərin iştirakı və izahatlar: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirak olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-Z- 98202/2024 nömrəli məktubdan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə əsasən bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 92, mən.2) xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi məktub göndərilmiş, lakin müəssisə tərəfindən heç bir sənəd təqdim edilmədiyindən, müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Araşdırma zamanı tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən müraciətçi ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin hazırda qüvvədə olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB\9/2025-00211 nömrəli arayışdan görünür ki, cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 7-ci maddəsinin 2-ci hissədinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 46-cı maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmadan, onlar arasında əmək münasibətləri mövcud olmadan elektron sistemdə sanki tərəflər arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanması ilə əlaqədar bildiriş qeydə alınmışdır, lakin iddiaçının bildirdiyi kimi o, həmin hüquqi şəxsdə əmək fəaliyyəti ilə məşğul olmamışdır. O, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş, qeyd edilən qurum isə işəgötürən müəssisəyə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin işin faktiki hallarından müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında həqiqi əmək münasibətləri mövcud deyildir, lakin işçinin sanki cavabdeh müəssisədə əmək münasibətlərinin mövcud olması ilə bağlı elektron bildiriş isə qüvvədədir. Göründüyü kimi, iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməməsi iddiaçının başqa bir işdə çalışmasına maneə törədir. Nəticədə bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində Cavabdeh MMC ilə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişi ləğv edilməli və bununla bağlı müvafiq qeydiyyatın aparılması hüququ aidiyyəti üzrə orqana verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində İddiaçı ilə Cavabdeh MMC (VÖEN **********) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişi ləğv edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2450/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2450/2025
29.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver