Məhkəmə qərarları › İş №2(006)-2459/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2459/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2459/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Vekilova Leilinin cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Vekilova Leili cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdeh X4 ilə xx.xx.2019-cu il tarixdə rəsmi olaraq nikah bağlamışlar. Onların birgə nikahdan xx.xx.2020-ci il tarixdə Vəkilov Səbuhi Orxan oğlu adlı uşağı doğulub. Hazırda münasibətləri pozulmuş və o Nəsimi rayon Məhkəməsinin 2(006)-4772/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşanmışdır və boşanmadan sonra uşaq onun yanında saxlanılıb və saxlanması üçün də aliment qət edilmişdir. Onların məhkəmədə nikahları pozulanda o hamilə olub və 2-ci uşaq nikahları pozulduqdan sonra doğulmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə X5 anadan olmuşdur. Hazırda o həmin uşağın saxlanması üçün aliment istəyir. Həmçinin uşaq körpədir və o bu səbəbdən də heç yerdə işləmir, ona görə də cavabdehdən uşağın 3 yaşı olana kimi də əlavə xərc də tələb edir. Cavabdeh Medicenter MMC-də baş mühasib təxmini 1300 manat əmək haqqı alır. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il təvəllüdlü X3 saxlanması üçün cavabdehdən 220 manat miqdarında alimentin və xx.xx.2022-ci il təvəllüdlü X3 saxlanması üçün 200 manat əlavə xərcin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbələri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil Sabir qızı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü övladı X3 saxlanılması üçün 220 manat aliment və 50 manat miqdarında əlavə xərcin ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2019-cu il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları olmuşdur. Nəsimi rayon Məhkəməsinin 2(006)-4772/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan ilk övladı xx.xx.2020-ci il təvəllüdlü X2 aliment kəsilmişdir. Nikah pozulanda hamilə olmuş, ikinci övladı xx.xx.2022-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra doğulmuşdur. Hazırda uşağın saxlanması üçün aliment tələb edir, cavabdeh isə iddianı qismən qəbul edir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Nijnevartovsk Şəhər Administrasiyasının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş İİİ PN № 576641 seriyalı doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, atası X4, anası Vekilova Leilidir.

9. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 8 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

11. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

14. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. 15.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

17. Məhkəmə iddianın qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir.

18. Belə ki, məhkəmə xx.xx.2022-ci il təvəllüdlü X3 saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir.

19. İddia tələbi digər hissədə, yəni uşaq 3 yaşına çatanadək ona qulluqla əlaqədar olaraq hər ay 200 (iki yüz) manat alimentin cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi hissədində qismən təmin edilməlidir.

20. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il təvəllüdlü X5 hazırda 3 yaşına çatmamışdır. Məhkəmə iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, X3 3 yaşına çatanadək cavabdeh X1 hər ay 50 (əlli) manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. İddiaçı cavabdehdən 200 (iki yüz) manat məbləğində alimentin tutulması üçün lazımi əsasları və cavabdehin bu vəsaiti ödəmək iqtidarında olmasına dair dəlilləri məhkəməyə təqdim etməmişdir.

21. Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini tələb etmək hüququna malikdir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

23. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment məbləğləri həmin tarixdən başlayaraq tutulmalıdır.

24. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

25. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, X1 xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, habelə X3 3 yaşına çatanadək X1 hər ay 50 (əlli) manat pul məbləğində aliment 03 may 2023-cü il tarixdən hesablanmaqla tutularaq Vekilova Leiliyə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. X1 xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və əlavə olaraq X3 3 yaşına çatanadək X1 hər ay 50 (əlli) manat pul məbləğində aliment 03 may 2023-cü il tarixdən hesablanmaqla tutularaq Vekilova Leiliyə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim : Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar