Məhkəmə qərarları › İş №2(006)-246/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-246/2024

31.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-246/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «müavinətin tam ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müavinətin tam ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 3.051 manat 32 qəpik pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də Sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidmətində böyük mühəndis vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşdən azad olunması ilə əlaqədar 12 aylıq əmək haqqının birdəfəlik kompensasiya verilməsi qaydasında işdən azad edilmişdir. Ona işdən çıxmasına görə verilmiş kompensasiyadan 3.057 manat 32 qəpik gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən və kompensasiyadan vergi tutulmur. Həmin kompensasiyadan vergi tutulması qanunsuz və əsassızdır və kompensasiya tam ödənilməlidir. Sonradan öyrənmişdir ki, ondan əvvəl də işdən çıxmış şəxslərdən tutulmuş müavinət məhkəmə qərarı əsasında geri qaytarılmışdır və ona ödənilmiş müavinətdən də vergi tutulmamalı idi. İşdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan ona ödənilmiş əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. xx.xx.2023-cü il tarixli müqavilədə ona ödənilmiş pulun işdən çıxma müavinəti olduğu qeyd edilmişdir. Göründüyü kimi o, işdən çıxarılarkən ona ödənilmiş müavinətdən əsassız olaraq vergi tutulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Qeyd olunanlara əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında 01 iyul 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidmətinə Böyük mühəndis (sosial məsələlər üzrə) vəzifəsinə işə qəbul edilmişdir. İşçinin aylıq tarif maaşı 1.090 manat təşkil etmişdir. Cavabdeh işçi qüvvəsinin optimallaşdırılması və neft-qaz əməliyyatlarının iqtisadi səmərəliliyini artırmaq məqsədi ilə «İşdən könüllü surətdə azad olunma proqramı – 2023» adlı proqram (bundan sonra – «Proqram») qəbul etmişdir. Həmin proqramın mahiyyəti ondan ibarətdir ki, proqrama qatılmaq istəyən işçilər (cavabdeh tərəfindən müsbət rəy verildiyi halda) öz xahişləri ilə əmək müqaviləsinin ləğv edilməsi (işdən çıxma) ərizəsi ilə müraciət etməklə son haqq-hesablarına əlavə olaraq aldıqları əmək haqqının on iki misli miqdarında birdəfəlik kompensasiya almaq hüququ qazanırlar. İddiaçı proqrama qoşulmuş və cavabdehin TOC/HR/021/K nömrəli, 06 fevral 2023-cü il tarixli əmri ilə iddiaçı və cavabdeh arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin (a) yarımbəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə yanaşı 13.083 manat məbləğində, 12 aylıq əmək haqqı miqdarında birdəfəlik kompensasiya ödənilmişdir. Ümumilikdə, iddiaçının əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab və kompensasiya məbləği 13158,36 manat hesablanmış, həmin məbləğə 3051,32 manat gəlir vergisi, 394,76 manat sosial sığorta haqqı, 2,22 manat Həmkarlar ittifaqı üçün üzvlük haqqı, 249,39 manat işsizlikdən və icbari tibbi sığorta haqqı tutulmuş, yekun olaraq iddiaçıya 9460,67 manat vəsait ödənilmişdir. İddiaçı iddia ərizəsində ona ödənilən kompensasiya məbləğinin müavinət olduğunu iddia edir və müavinət məbləğindən vergi tutulmalı olmadığını, bu səbəbdən ödənilən məbləğdən tutulan 3051,32 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8895/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsini əlavə edərək həmin mülki iş üzrə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin formalaşdırdığı mövqeyinin hazırki işə tətbiq edilməli olduğunu iddia etmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən arqumentlərinə qarşı əks arqumentləri diqqətə çatdıraraq bildirir ki, (Kompensasiya məbləğinin vergidən azad olması arqumenti ilə bağlı) Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 97.3-cü maddəsinin tələblərinə əsasən gəlirlərə aşağıdakılar aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması zamanı ödədiyi 12 aylıq əmək haqqı miqdarında olan məbləğ iddiaçının gəliridir. İddianın predmetini təşkil edən 3051,32 manat məbləğin iddiaçıya ödənilməsi üçün iddianın hüquqi əsası Vergi Məcəlləsinin 102-ci maddəsinin şərhindən asılıdır. Gəlir vergisindən azadolma halları və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsində əks edilmişdir. Həmin maddənin 102.1.4cü maddəsinin tələblərinə əsasən «Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar» alan fiziki şəxslər gəlir vergisindən azaddır. Göründüyü kimi maddənin mətnində müavinətlər, dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, təminatlar, dövlət büdcəsi hesabına ödənilən birdəfəlik ödəmələr və ya maddi yardımlar vergidən azad olma obyekti olsa da kompensasiyanın vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, iddianın hüquqi əsasının olmadığı sübuta yetirilmiş olur. İddia ərizəsinə əlavə edilən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8895/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsində əks olunan hüquqi mövqe ilə bağlı bildirir ki, qeyd edilən mülki işdə iddiaçı SOCAR-ın struktur təşkilatı olan «Azneft» İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. ARDNŞ-də işçilərin əməyin ödənilməsini təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X7 Həmkarları İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı daxil olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin işdə hazırki işdən fərqli olaraq cavabdeh tərəfindən iddiaçıya müavinət ödənilmişdir. Hazırki işdə isə iddiaçıya ödənilən məbləğ müavinət deyil, kompensasiyadır. Bundan əlavə, iddia ərizəsinə əlavə edilən apellyasiya məhkəməsinin qətnaməsində cavabdeh dövlət orqanı idi. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Hazırki işdə isə cavabdeh tərəfindən ödənilən vəsait dövlət büdcəsinə aid olmadığı üçün vergidən azad hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər iddianın hüquqi əsasının olmadığını sübut edir. Bu səbəbdən iddia təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı və Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində göstərildiyi iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək 3.051,32 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh MMC-nin müvafiq əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona son on iki aylıq əmək haqqından birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 3.051,32 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona son 12 aylıq əmək haqqından birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı yuxarıda qeyd olunan dəlillərini Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əsaslandırmağa çalışmışdır. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavlələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslan göstərilmişdir. Həmin maddənin «a» bəndinə görə müəssisənin ləğv edilməsi, «b» bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri; hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə, qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsaslan göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirir ki, həmin maddə öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur, öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2,4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)- 1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələr qəbul edilmiş və həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Təsadüfi deyil ki, analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli qərarın 3-cü səhifəsinin 4-cü abzasına əsasən 1-ci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bildirir ki, qeyd olunan qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-4221/2020 nömrəli qərarı ilə qanunauyğun hesab edilməklə qüvvədə saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)- 578/2023 nömrəli qətnamələri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Ramil Abbasovun izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə cavabdeh arasında 01 iyul 2022-ci il tarixdə 57 saylı əmək müqaviləsindən görünür ki, iddiaçı cavabdehin sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidmətinə böyük mühəndis (sosial məsələlər üzrə) vəzifəsinə işə qəbul edilmişdir. - TOC/HR/021/K nömrəli, 06 fevral 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı işdən könüllü surətdə azad olunma proqramına (2023) əsasən öz xahişi ilə (16 yanvar 2023-cü il tarixli marağın ifadəsi barədə ərizəsinə və 02 fevral 2023-cü il tarixli işdən azad edilmə barədə ərizəsinə əsasən) işdən azad edilmişdir. - Bakı 9 saylı Mediasiya Təşkilatının 30 mart 2023-cü il tarixli MŞB/9/2023-00528 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi 17 mart 2023-cü il tarixə saat 14.00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında 01 iyul 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidmətinə Böyük mühəndis (sosial məsələlər üzrə) vəzifəsinə işə qəbul edilmişdir. İşçinin aylıq tarif maaşı 1.090 manat təşkil etmişdir. Cavabdehin TOC/HR/021/K nömrəli, 06 fevral 2023-cü il tarixli əmri ilə iddiaçı və cavabdeh arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin (a) yarımbəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh işçi qüvvəsinin optimallaşdırılması və neft-qaz əməliyyatlarının iqtisadi səmərəliliyini artırmaq məqsədi ilə «İşdən könüllü surətdə azad olunma proqramı – 2023» adlı proqram (bundan sonra – «Proqram») qəbul etmişdir. Həmin proqramın mahiyyəti ondan ibarətdir ki, proqrama qatılmaq istəyən işçilər (cavabdeh tərəfindən müsbət rəy verildiyi halda) öz xahişləri ilə əmək müqaviləsinin ləğv edilməsi (işdən çıxma) ərizəsi ilə müraciət etməklə son haqq-hesablarına əlavə olaraq aldıqları əmək haqqının on iki misli miqdarında birdəfəlik kompensasiya almaq hüququ qazanırlar. İş materiallarından görünür ki, iddiaçı proqrama qoşulmuş və 06 fevral 2023-cü il tarixli əmrlə müqaviləyə xitam verilərkən ona cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab və kompensasiya məbləği olaraq 13.158,36 manat hesablanmış, həmin məbləğə 3.051,32 manat gəlir vergisi, 394,76 manat sosial sığorta haqqı, 2,22 manat Həmkarlar ittifaqı üçün üzvlük haqqı, 249,39 manat işsizlikdən və icbari tibbi sığorta haqqı tutulmuş, yekun olaraq iddiaçıya 9.460,67 manat vəsait ödənilmişdir. İddiaçı hesab edir ki, işdən azad edilərkən ona ödənilmiş kompensasiya məbləği vergiyə cəlb edilməməli idi. Bu səbəbdən, o, kompensasiya məbləğinin qalan hissəsinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmiş və qeyd olunan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. Beləliklə də, hazırki mülki iş üzrə iddianın predmeti cavabdeh tərəfindən iddiaçıya ödənilmiş kompensasiyanın vergitutmaya cəlb edilməli olub-olmamasıdır. Cavabdeh MMC iddiaya etirazının əsası kimi iddiaçıya ödənilən məbləğin müavinət deyil, kompensasiya olmasına, cavabdeh tərəfindən ödənilən vəsaitin dövlət büdcəsinə aid olmadığı üçün vergidən azad hesab edilə bilməməsinə, 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməməsinə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmamasına, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının tam qanunamüvafiq olmasına istinad etmişlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 97.3-cü maddəsinin tələblərinə əsasən gəlirlərə aşağıdakılar aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması zamanı ödədiyi 12 aylıq əmək haqqı miqdarında olan məbləğ iddiaçının gəliridir. Hazırki işdə iddianın predmetini təşkil edən 3051,32 manat məbləğin iddiaçıya ödənilməsi üçün iddianın hüquqi əsasını Gəlir vergisindən azadolma halları və güzəştlər əks etdirilən Vergi Məcəlləsinin 102-ci maddəsinin şərhindən asılıdır. Həmin maddənin 102.1.4-cü maddəsinin tələblərinə əsasən «Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar» alan fiziki şəxslər gəlir vergisindən azaddır. Göründüyü kimi maddənin mətnində müavinətlər, dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, təminatlar, dövlət büdcəsi hesabına ödənilən birdəfəlik ödəmələr və ya maddi yardımlar vergidən azad olma obyekti olsa da kompensasiyanın vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin iddiaçı iddia tələbini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinəti olmaqla həmin vəsaitdən qanunvericiliyə müvafiq olaraq vergi tutulmasına yol verilmir. Bununla əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edildiyi halda, işəgötürənin öz imkanları hesabına işçiyə kompensasiya kimi ödədiyi vəsaitin Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclər kateqoriyasına aid olub-olmamasının aydınlaşdırılması məqsədi ilə həmin maddənin Vergi Məcəlləsinin 2.4-1-ci və 102.1.4-cü maddələrinə münasibətdə şərh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Plenum qərarında göstərilmişdir ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir. Beləliklə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilməklə həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq işin faktiki araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının mübahisələndirdiyi, ona könüllü şəkildə ödənilmiş kompensasiya məbləği vergidən azad olunan gəlirlərə aid deyil. Bu səbəbdən, iddia əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «müavinətin tam ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş mediasiya və poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «müavinətin tam ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş mediasiya və poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar