Məhkəmə qərarları › İş №2(006)-2471/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2471/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2471/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Yasamal rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini və Yasamal rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqavilənin, X12 (Eyyub) oğlunun A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqaviləyə əsasən, X6 Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 932/859 saylı torpaq sahəsi icarəyə verilmişdir. Şəxsə məxsus A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin ilk səhifəsində X12, ikinci səhifəsində şəxsin ata adının Eyyub olaraq qeyd olunması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 343019 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X7 15 mart 2009-cu il tarixdə ölmüşdür. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 16 may 2023-cü il tarixli 1764 saylı məktubuna əsasən, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat'ın 7-ci bəndinə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi Ərizəçidır. Sözügedən torpaq sahəsinə üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəçi tərəfindən ərizə ilə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-22436/**********622436 tarixli imtina məktubunda göstərilmişdir ki, hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, icarə müqaviləsində ata adı “Eyub” qeyd olunsa da, Bakı şəhəri 14 saylı notariat ofisinin məktubunda “Əyyub” olaraq göstərilmişdir. X1 bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqavilənin, X12 (Eyyub) oğlunun A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında zamanı tədqiq olunmuş: - AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1929-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamə xx.xx.1965-ci il tarixdə verilmişdir. Həmin sənəddə Qabil Qasımovun ata adı “Eyub” olaraq qeyd edilmişdir. - 31 mart 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 343019 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 15 mart 2009-cu il tarixdə vəfat etmiş, ölüm faktı Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin sənəddə Qabil Qasımovun ata adı “Əyyub” olaraq qeyd edilmişdir. - 30 iyul 1968-ci il tarixli 16309 nömrəli müqaviləyə əsasən, X6 Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 932/859 saylı torpaq sahəsi icarəyə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisininin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023cü il tarixli 1764 nömrəli məktubundan görünür ki, X2 xx.xx.2009-cu il tarixdə vəfat etməsi və vərəsələrinin dairəsi müəyyən edilmişdir. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən Ərizəçi miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 barədə doğum haqqında təkrar şəhadətnamənin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, X8 barədə Yaşamal rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 415 saylı, xx.xx.2009-cu il tarixli ölüm haqqında akt qeydində ölənin ata adı “Əyyub”- kimi yazılmasına baxmayaraq, onun 1171 saylı, xx.xx.1929-cu il tarixli doğum akt qeydində ata adı “Eyub”, X5 barədə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 3686 saylı, xx.xx.1958-ci il tarixli doğum haqqında akt qeydində ata qrafasında ata adı “Eyub”- kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar’’a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində adın “Əyyub”dan “Eyub”-a dəyişdirilməsi imkanları xaricindədir. Yasamal rayon Qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyini ərizəçiyə tövsiyə etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli -21- 3-30/2-22436/**********622436 tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 932/859 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmış, müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma və çöl-ölçmə işləri aparılan zaman ümumi ərazidə mərzçəkmə işlərinin aparılmadığı aşkar edilmiş, bu səbəbdən dəqiq yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır (torpaq sahəsi istifadəsində deyil). Həmçinin elektron kadastr məlumatına əsasən şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, icarə müqaviləsində ata adı "Eyub” qeyd olunsa da, Bakı şəhəri 14 saylı notariat ofisinin məktubunda "Əyyub" olaraq göstərilmişdir. Bundan başqa əraziyə digər fiziki şəxslərin müraciətləri olmuşdur. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Qabil Qasımovun ata adı “Əyyub” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İlk öncə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi təqdim etmiş olduğu ərizəsində qeyd etdiyi məsələlərlə əlaqədar məhkəmədən öncə aidiyyəti qurumlara müraciət etmiş olsa da, müsbət nəticə əldə edə bilməməsi səbəbindən məsələnin məhkəmə qaydasında həllinə nail olmağa çalışmışdır. Ərizədə qeyd edilən əsas məsələ isə ərizəçinin atasının şəxsi məlumatlarının hüquqmüəyyənedici sənədlərdə düzgün qeyd edilməməsindən ibarətdir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, ərizəçinin atası X7 xx.xx.1929-cu il tarixdə Bakı şəhərində anadan olmuş və onun doğumunu təsdiq edən AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin şəxsin ata adının “Əyyub” olmasına baxmayaraq, doğum haqqında şəhadətnaməsində ata adı “Eyub” kimi qeydə alınmışdır. Eynilə daha bir qeyri-müəyyənlik ərizəçinin atasına təqdim edilmiş olan bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqavilədə də aşkar edilmişdir. Müqaviləyə görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 932/859 saylı torpaq sahəsi X4 icarəyə verilmişdir. Lakin şəxsin ata adı düzgün formada, yəni “Əyyub” kimi deyil, “Eyub” olaraq qeyd edilmişdir. Bu halların baş verməsi isə ərizəçiyə sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklər yaratmış və sonuncu haqlı olaraq hüquqmüəyyənedici sənədlərin atasına məxsus olması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qərarın davamında qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, baxılan iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin atasına məxsus olmuş və məhkəmə icraatının gedişatı zamanı məhkəmə tərəfindən tədqiq edilmiş müxtəlif sənədlərdə (AZ-İ seriyalı 343019 saylı ölüm haqqında şəhadətnamədə və sair) göstərilən atasının ata adı AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə və bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqavilədə göstərilən ata adı ilə düz gəlmədiyindən və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, X3 bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqavilə və AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 16309 nömrəli müqavilə və AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilisn. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar