Məhkəmə qərarları › İş №2(006)-2472/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2472/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2472/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonunda 1990-ci ildə orta məktəbi bitirərək Bakı Slavyan Universitetinin əyani şöbəsinə qəbul olub ali təhsil almaq üçün Bakı şəhərinə gəlmiş, Binəqədi rayon ərazisində yerləşən qızlar yataqxanasında tələbə kimi qeydə alınmışdır. İddiaçı 1990-cı ilin sentyabr ayında Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr. ərazisində yerləşən X20 Stansiyasında 10 gün ərzində ambulator müalicə alarkən orada onunla bərabər müalicə alan, milliyyətcə tatar olan, ahıl X5 tanış olmuş, xəstəxanaya təxminən eyni vaxtda gəldikləri üçün ünsiyyətləri alınmış, uzun və maraqlı söhbətdən sonra həmin ahıl şəxsin tək yaşadığı, çox az miqdarda pensiya aldığı, yaşayış şəraitinin ağır olduğu və Bakı şəhərində heç bir qohum-əqrabasının olmadığı, bu üzdən əziyyət çəkdiyi barədə ətraflı danışmışdır. İddiaçı da özünün yeni tələbə olduğunu, yataqxanada yaşadığını, uzaq dağ rayonu olan Kəlbəcərdən olduğu barədə ona məlumat verdi. Bu minvalla onlar təxminən eyni vaxtda 8-10 gün xəstəxanaya gəldilər, hər dəfə görüşdükdə söhbətləri daha da dərinləşirdi. Son müalicə günü ahıl kişi iddiaçıya onun evində qalmağı, kirayə haqqı kimi ayda münasib bir qiymət ödəməyi təklif etdi. İddiaçı təxminən bir həftə sonra həmin mənzilə ahıl kişinin yanına gəldi. Bir çox xəstəliklərdən əziyyət çəkdiyi üçün vəziyyəti elə də yaxşı deyildi. Təkbaşına yaşamaq, özünə qulluq etmək onun üçün çox çətin idi. Yaşadığı mənzil baxımsızlıq üzündən çox pis vəziyyətə düşmüş, yaşayış üçün yararsız olmuş, sanitar normalara uyğun olmamışdır. İddiaçı mənzili sanitar normalara uyğun vəziyyətə gətirmək üçün xeyli əmək sərf etməli oldu. Bundan sonra həmin mənzildə yaşamağa, ona qulluq etməyə başladı. Mənzilə və ahıl kişiyə bütün qulluq iddiaçı tərəfindən göstərilirdi. Birgə təsərrüfatı iddiaçı təkbaşına idarə edirdi. İddiaçı aldığı tələbə təqaüdü, bir də rayondan ona göndərilən xərclik hesabına yaşayır, mənzili idarə edir, ahıl kişiyə qulluq edirdi. Mənzildə tədricən yaxşılaşdırma işləri apardı. İddiaçı birgə yaşayışdan sonra bir nəvəsi kimi ahılın qulluğunda durdu, onun bütün zəruri ehtiyaclarını ödədi. Bir müddət yaşadıqdan sonra ahıl kişi iddiaçıya bildirdi ki, ona məxsus olan evin öldükdən sonra ona qalmasını istəyir. İddiaçıdan xahiş etdi ki, bu məsələnin həlli yolunu öyrənsin və ona desin. Lakin bildirdi ki, hər ehtimala qarşı heç olmasa bir miqdar pul ona ödəsin ki, əlində ehtiyat pulu olsun. Razılaşdılar ki, 4000 manat pul ödəsin və ahılın həyatda olacağı müddətdə onun zəruri ehtiyaclarını ödəsin, öldükdən sonra dəfnini təşkil etsin. İddiaçı bu barədə rayonda yaşayan dayısı ilə məsləhətləşdi və dayısı deyilən pulu iddiaçıya gətirərək ahılla görüşdü və ona verdilər. Bu barədə qonşular və Bakıda yaşayan qohumlar xəbərdar idi. İddiaçı eyni zamanda onlara xidmət edən Mənzil İstismar Sahəsinin rəisini də xəbərdar etdi. Bundan sonra, Movnevi Muxammedoviçlə evin iddiaçıya satılmasına dair öz aralarında müqavilə tərtib edib imzaladılar. 1991-ci ilin təxminən əvvəllərində notariat kontorunda “Şəxsi ömürlük saxlamaq şərti ilə evi özgəninkiləsdirmə müqaviləsi” imzaladılar. Müqavilənin şərtlərinə görə iddiaçı Mövnevi Muxammedoviçə ömrünün sonunadək baxmalı, qulluğunda durmalı və vəfat etdikdən sonra dəfn etməli idi. İddiaçı həqiqətən də üzərinə düşən öhdəliyi artıqlaması ilə yerinə yetirdi, ahıla qulluq etdi, 1995-ci ildə ahıl vəfat etdikdən sonra dəfnini təşkil etdi. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5ci mkr., A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilinə köçərkən mənzil yaşamağa tam yarasız olmuş, yaşadıqları illər ərzində bu mənzili əvvəllər 4 dəfə təmir etdirmiş, lakin üst mərtəbələrdən dəfələrlə mənzili su basmış, ev bərbad vəziyyətə düşmüş, suyun axması nəticəsində döşəmə şişmiş, nəmişlikdən həşaratlar əmələ gəlmiş, normal yaşamaq mümkün olmamışdır. Bu səbəbdən məcburən son il yarım ərzində isə (5-ci dəfə) evi yüksək səviyyədə təmir edərək, döşəməni tamamilə dəyişmiş Rusiyanın düyünsüz olaraq taxtasından paxlava yığdırmış, ev balkonsuz və çox balaca olduğundan mətbəxi yataq otağı, hamamı mətbəx, sanitar qovşağı isə koridordan qataraq bir yerdə düzəltdirmiş, koridorun, hamam tualetin, mətbəxin divarlarını kafel, yeri isə metlax döşətdirmiş, həmçinin hamam tualetin və otağın özülünün dəmir borularını və otağın elektrik naqillərini beton divarlar qazılaraq divar içi çəkdirmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilində yaşadıqları 25 il ərzində 5 dəfə mənzili təmir etdirmişdir. “xxxx” MMC-nin direktoru R.A.Miriyevin “Təmir xərclərinin dəyərinin müəyyən edilməsi barədə” 05.07.2019-cu il tarixli, R01/61A/2019 saylı ekspert rəyinə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilinin təmirinə ümumilikdə 25729 manat məbləğində pul xərcləmişdir. 2 ay əvvəl İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəyverdi müəllim şəxsi 055 *** ** ** mobil nömrəsi ilə zəng edib iddiaçıya bildirdi ki, İcra Hakimiyyəti onu dəvət edərək bildirir ki, mənzilin təhvil verilməsi üçün 10000-15000 manat məbləğində pul təklif edəcəklər. İddiaçı buna cavab olaraq bildirdi ki, mənzilin qiymətləndirmə sənədində göstərilən məbləğ tam olaraq ödəniləcəyi təqdirdə razılaşar. Lakin, bu günə qədər də heç bir müsbət cavab ala bilməmişdir. Göstərilənlərə əsasən cavabdeh Bakı şəhəri Cavabdehndən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilinin əsaslı təmiri üçün çəkilmiş xərclərin əvəzi olaraq 25729 manatın və mənəvi zərərin əvəzi olaraq 20000 manatın, ümumilikdə 45729 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Cavabdeh nümayəndəsi X14 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, eyni zamanda ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının (əvvəlki iclasda) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(006)-3776/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil sahəsindən istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair ilk iddiasının rədd edilməsi, Bakı şəhəri Cavabdeh İddiaçı qarşı «cavabdehin mənzildən çıxarılması, mənzilin boşaldılması və Nəsimi RİH-ə təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı və onun ailə üzvləri (X6, X9, X7 və X8) ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Bakı şəhəri Nəsimi RİH-ə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(103)-13183/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apelyasiya şikyətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(006)- 3776/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil sahəsindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı Bakı şəhəri Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Bakı şəhəri Cavabdehnə təhvil verilməsi, qarşılıqlı iddia cavabdehin ailə üzvlərinin (X1, X4, X2 və X3)ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2020-ci il tarixli, 2(102)-3382/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13183/2019 nörməli iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 05.07.2019-cu il tarixli “təmir xərclərinin dəyərinin müəyyən edilməsi” barədə ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 28,60 kv.m sahədən ibarət mənzilin təmir xərclərinin 05.07.2019-cu il tarixinə dəyəri ümumilikdə 25729 manat olduğu müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29 mart 2021-ci il tarixli, 68 saylı sərəncamından görünür ki, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 26 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 50 nörməli mənzilin icarə müqaviləsi vətəndaş X16 ilə bağlanmalı və o, həmin mənzilin icarədarı hesab edilməlidir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil Nəsimi RİH-in balansında olmaqla dövlət mənzil fonduna aiddir. İddiaçı, habelə onun ailə üzvləri həmin mənzildə uzun müddət ərzində faktiki yaşamış və mənzilin gigiyenik tələblərə uyğunlaşdırılması, rahatlığın təmin edilməsi üçün mənzili təmir etməsi başa düşüləndir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən sözügedən mənzilə məhz 25729 manat məbləğində təmir xərci çəkilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar