Məhkəmə qərarları › İş №2(006)-2474/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2474/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2474/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının sahibliyindədir. Mənzilin hüquqmüəyyənedici sənədi “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdur”. Həmin ev iddiaçının mərhum həyat yoldaşının adına olub və onun ölümündən sonra onun adına qeyd olunmuşdur. Həmin ev hal-hazırda iddiaçının sahibliyində və istifadəsindədir. Mənzilin bütün kommunal xərcləri iddiaçının adına rəsmilədirilib və ödənişini də həyata keçirir. Cavabdeh iddiaçının keçmiş kürəkəni, qızı X2 həyat yoldaşı olub. Cavabdeh iddiaçının qızı ilə evlənib rəsmi nikaha daxil olduqdan sonra istifadəsində olan mənzilə pasport qeydiyyatına düşmüşdür. Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2008-ci il tarixli, 2(006)- 260/2008 saylı qətnaməsi ilə iddiaçının qızı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. Cavabdeh həmin vaxtdan həmin mənzili tərk etmişdir. Ona görə də halhazırda cavabdehin harada yaşaması haqqında iddiaçının məlumatı yoxdur. Artıq xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K ünvanında yerləşən mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmaqda davam edir. Cavabdehin qeydiyyatda qalması, onun adına gələn poçt, su, qaz, zibil, kanalizasiya pulu və s. ödənişlərinin iddiaçı tərəfindən edilməsi iddiaçıya, əmlakın sahibi olaraq əlavə xərcdir. Maddi cəhətdən bunu daima edə bilmir və bu ona maneçilik törədir, hüquqlarını pozur. Belə ki, onun yerinə adambaşına hesablanan kommunal xərcləri ödəməli olur və poçt göndərişləri isə iddiaçının ünvanına gəlir ki, bu da onu narahat edir. Hazırda onunla əlaqəsi yoxdur. Cavabdeh artıq xeyli müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K ünvanında yerləşən mənzilə istifadə hüququnu itirmişdir. Artıq onun qeydiyyatı formal xarakter daşıyır. Hal-hazırda cavabdehin istifadəsində olan mənzildə bu günə qədər formal olaraq istifadə hüququnun qalması iddiaçının hüququnu məhdudlaşdırır. Qonşuların şahidliyi ilə tərtib olunub təsdiqlənmiş aktdan da görünür ki, həqiqətən cavabdeh iddiaçının sahibliyində olan mənzildə formal qeydiyyatda olsa da, 2008-ci il tarixindən ünvan 2 ünvana ümumiyyətlə gəlib getmir. Göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 20 fevral 2020-ci il tarixdə verilmiş AZ-İ № 343463 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16.07.2008-ci il tarixdə 192 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 20 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K ünvanında pasport qeydiyyatındadır. İş materiallarıda olan qonşular X7, X3 və X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2008-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev- 15K ünvanında yaşamamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K İddiaçı mülkiyyətindədir, cavabdeh isə həmin mənzildə qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, cavabdeh mübahisəli mənzildə faktiki olaraq yaşamır. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarı) Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə «istifadə» sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, «istifadə hüququ» ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli Qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan «istifadə hüququ» Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Həmin maddədə nəzərdə tutulan «istifadə hüququ»nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan «istifadə hüququ» notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər-hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin «Servituta xitam verilməsi» adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür». Yuxarıda qeyd olunan qanunun normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxmasına) dəlalət edir. Buna görə də iddia tələbi təmin edilməli və Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev-15K ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar