Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2475/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanlması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı təqdirdə qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas, heç bir sübut olmadan cinayət işinin aparılması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxayaraq, qanunsuz olaraq, qəsdən tərtib olunmuş yalan məzmunlu şahid ifadələri ilə səhnələşdirilmiş hadisə və sifarişlə tərtib olunmuş yalan məzmunlu şikayət əsasında cinayət məsuliyyətinə cəlb olunması nəticəsində, onun ağır xəstəliklərə düçar olması-ağır xəstəliklərə tutulması ilə bağlı ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirdiyi 550.000 (beş yüz əlli min) tutularaq ona ödənilməsi ilə bağlı Azərbaycan manatı təşkil edən kompensasiya məbləğinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üzərinə vəzifə öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində 22 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Məhəmmədəli Cümşüdov tərəfindən X2 şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Sonradan heç bir əsas olmadığına baxmayaraq, 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Məhəmmədəli Cümşüdov tərəfindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutularaq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə yerləşdirilmiş, 25 yanvar 2020-ci il tarixdə İddiaçı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə tövsif edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə nail olunmuşdur. İttihama əsasən guya İddiaçı 14 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Zahd Xəlilov küçəsində yerləşən Bakı Apellyasiya Məhkəməsinin qarşısında X1 ona olan 25.000 manat məbləğində olan borcunun silinməsini və İddiaçı 30000 manat məbləğində pulun hədə-qorxu ilə tələb etmişdir. 01 fevral 2020ci il tarixdə İddiaçı haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ona alternativ ev dustaqlıı qətimkan tədbirinə dəyişdirilmişdir. 25 fevral 2020-ci il tarixdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş ev dustaqlıı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmişdir. 25 noyabr 2020-ci il tarixdə İddiaçı barəsində olan ********* saylı cinayət işinə onun hərəkətlərində heç bir cinayət əməlinin tərkibi olmadığından, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X6 tərəfindən xitam verilmişdir. İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklikasının 28.01.2021-ci il tarixli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı Sərdar oğlu 09.11.2019-cu ildən “Şəkərli diabet. Hipertoniya xəstəliyi İİ m.ÜİX.Stabil gərginlik stenokardiyası” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. 22.11.2019-04.12.2019-cu ildə, 04.02.2020-15.02.2020-ci ildə 3 nömrəli ŞKX-da “Şəkərli diabet İİ tip, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya.Diabetik retinopatiya. Hipertoniya xəstəliyi İım UİX. Gərginlik stenokardiyası. Sağ tərəfli xroniki sensonevral karlıq” diaqnozu ilə stasionar müalicə almışdır. İstintaqın qanunsuz hərəkətləri nəticəsində İddiaçı nəinki qanunsuz azadlıqdan məhrum olunmuş, bütün ətrafında: yaşayış yerində və dost-tanışlar içərisində cinayətkar şəxs kimi tanınmağa başlamışdır. İddiaçı haqqında qanunsuz cinayət təqibi aparılması nəticəsində, o ağır xəstə olduğundan nəinki maddi, eyni zamanda, kollektiv və ətraf içərisində ağır mənəvi zərər vurulmuşdur. İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona ağır mənəvi ziyan dəymiş, sağlamlığını tamamilə itirmişdir. İddiaçı dəymiş maddi ziyan 40.000 (qırx min) manat məhrum olduğu gəlirlər, məhkəmə xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödəmiş olduğu pul məbləği – 10.000 (on min) manat, ona dəymiş fiziki, maddi və mənəvi ziyanın məbləği 500.000 (beş yüz min) manat. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona dəymiş: - Məhrum olduğu gəlirlərə görə - 40.000 (qırx min) manat; - Müxtəlif xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği – 10.000 (on min manat); - Sağlamlığına dəymiş fiziki ziyana görə 450.000 (dörd yüz əlli min) manat; - Dəymiş mənəvi ziyana görə 100.000 (yüz min) manat; - Dəymiş ümumi ziyana görə, ümumi 600.000 (altı yüz min) manat məbləğin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsinin həmin Nazirliyin üzərinə vəzifə öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndənin iştirakını təmin etməmişdir. Lakin cavabdehin iddia tələbinə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı 40.000 (qırıx min) manat gəlirdən məhrum olmasını qeyd etsə də hansı əmək fəaliyyətilə məşğul olması, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı, ayda konkret qazancı barədə, həmçinin məhkəmə xərclərinə və müdafiəyə 10.000 (on min) manat məbləğində vəsaitin ödənilməsini qeyd etsə də hüquqi yardımla bağlı sənədlər, hər hansı əsaslandırıcı sübutlar təqdim etməmişdir. Bundan başqa iddiaçı “şəkərli diabet” xəstəliyinə tutulması barədə tibbi sənədlər təqdim etsə də, məhz həbs olunduqdan sonra həmin xəstəliyə məruz qalmasını sübut edə biləcək sübutlar təqdim etməmişdir. Eyni zamanda iddiaçı 50.000 (əlli min) manat mənəvi zərərin ödənilməsini tələb etmişdir. Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensiyanın məbləği 330 (üç yüz otuz) manatdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. Nazirlik isə hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də onun iddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə bu zərəri sübut edəcək heç bir fak mövcud deyildir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan cinayət işinin icraatına xitam verilməsi haqqında 25 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X6 tərəfindən İddiaçı əməlində cinayət tərkibi olmadığından ********* saylı cinayət işi icraata xitam verilmişdir. Mülki işin materiallarında olan icbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklikasının 31.03.2021-ci il tarixli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı Sərdar oğlu 09.11.2019-cu ildən “Şəkərli diabet. Hipertoniya xəstəliyi İİ m.ÜİX.Stabil gərginlik stenokardiyası” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. 22.11.2019-04.12.2019-cu ildə, 04.02.2020-15.02.2020-ci ildə 3 nömrəli ŞKX-da “Şəkərli diabet İİ tip, insulin tələbli, ağır forma. Diabetik polineyropatiya.Diabetik retinopatiya. Hipertoniya xəstəliyi İım UİX. Gərginlik stenokardiyası. Sağ tərəfli xroniki sensonevral karlıq” diaqnozu ilə stasionar müalicə almışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində X2 şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, 24 yanvar 2020-ci il tarixdə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutularaq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə yerləşdirilmiş, 25 yanvar 2020-ci il tarixdə onun əməli CM-nin 182.2.4-cü maddəsinə tövsif edilərək, həmin maddə ilə ona ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 01 fevral 2020-ci il tarixdə İddiaçı haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ona alternativ ev dustaqlıı qətimkan tədbirinə, 25 fevral 2020-ci il tarixdə isə ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmişdir. 25 noyabr 2020-ci il tarixdə İddiaçı barəsində olan ********* saylı cinayət işinə onun hərəkətlərində heç bir cinayət əməlinin tərkibi olmadığından, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X6 tərəfindən xitam verilmişdir. Göründüyü kimi, İddiaçı 24 yanvar 2020-ci il tarixindən 31 yanvar 2020-ci il tarixinədək qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 40000 (qırx min) manat, müdafiəçiyə göstərdiyi xidmətlərə görə 10000 (on min) manat, sağlamlığına dəymiş fiziki ziyana görə 450000 (dörd yüz əlli min) manat ziyan dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Həmçinin məhkəmə qeyd edir ki, İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklikasının 28.01.2021-ci il tarixli məktubunda İddiaçı Sərdar oğlunun 09.11.2019-cu ildən “Şəkərli diabet. Hipertoniya xəstəliyi İİ m.ÜİX.Stabil gərginlik stenokardiyası” diaqnozu ilə dispanserdə qeydiyyatda olması qeyd edilmişdir. Halbuki iddiaçı 24 yanvar 2020-ci il tarixdə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutularaq məsuliyyətə cəlb edilmişdir. İddiaçının məhz qanunsuz məsuliyyətə cəlb olunması səbəbindən “şəkərli-diabet” xəstəsi olması, 131,03 (min üç yüz otuz bir manat üç qəpik) manat dəyərində alınan dərman preparatlarının məhz tutulma nəticəsində qəbul etməsi barədə dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 1500 (min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 7 (yeddi) gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 100 000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1500 (min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2475/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2475/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver