Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-248/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”ın cavabdeh "xxxx" ASC-yə, 3-cü şəxs: “Toyota Servis” Əhmədli müəssisəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj” cavabdeh "xxxx" ASC-yə, 3-cü şəxs: “Toyota Servis” Əhmədli müəssisəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 7135 (yeddi min yüz otuz beş) manat məbləğində sığorta xərcinin, əlavə icarəyə götürülmüş avtomobil üçün 3800 (üç min səkkiz yüz) manat məbləğində ödənişin, işin məhkəmə müstəvisində həll edilməsi ilə bağlı vəkilə ödənilmiş 1000 (min) manat məbləğində ödənişin, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğin əvəzi, cəmi 11965 (on bir min doqquz yüz altmış beş) manat məbləğində pulun cavabdeh Atasığorta” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, 24.01.2020-ci il tarixində Atatürk prospekti ünvanında AHİK yanında Qaraja məxsus olan **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobil ilə, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı X9 İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərar qəbul edilmişdir. **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobil hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş "xxxx" ASC tərəfindən sığortalanmış və adı çəkilən sığorta şirkəti tərəfindən onlara məxsus olan **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobilin təmir olunması "xxxx" ASC-nin təyin etdiyi “X10” müəssisəsinə həvalə edilmişdir. Avtomobil təmir olunması üçün yuxarda qeyd olunan servisə verildikdən sonra bir müddət təmir işləri aparılmış, lakin sonradan naməlum səbəblərdən avtomobilin təmiri yarımçıq saxlanılmışdır. Məsələ ilə əlaqədar həm sığorta şirkətinə, həm də “X10” müəssisəsinə müraciət etdikdə hər iki müəssisə onlara konkret cavab verməmişdir. “X10” müəssisəsinə avtomobilin təmirinin nə üçün yarımçıq qaldığını soruşduqda bildirmişdir ki, “bizim sifarişçimiz siz deyilsiniz, "xxxx" ASC-dir onlar nə desə biz də onu edəcəyik”. Daha sonra isə, "xxxx" ASC-yə müraciət etmiş və avtomobilin təmirini yekunlaşdırılmasını, əks halda avtomobilin onlara təhvil verilməsini tələb etdikdə, onlar avtomobilin təhvil verilməsi üçün sənəd imzalamalı olacaqlarını bildirmişlər. Həmin sənəddə isə avtomobilin təmir xərcləri normadan qat-qat yüksək yazıldığı üçün imzalamağa razı olmamışlar. Belə ki, həmin sənəddə göstərilən detallar və dəyərləri original və yeni detallara aid olsa da, avtomobildə dəyişən detallar işlənmiş detallardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, AHİK yanında Qaraja məxsus olan **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobilin təmirinin başa çatdırılması, avtomobilin qəza nəticəsində zərər görmüş detallarının tam yeni detallarla əvəzlənərək onlara təhvil verilməsi təmin edilməlidir. Bundan əlavə, sözügedən avtomobilin uzun müddət servisdə saxlanılmasını, həmin avtomobilə gündəlik ehtiyac olmasını nəzərə alaraq icarəyə başqa avtomobil götürmüşlər. Bu da onlara bir sıra əlavə maddi ziyana səbəb olur. Bununla da, 7135 (yeddi min yüz otuz beş) manat məbləğində sığorta xərci ilə yanaşı, itirilmiş mənfəət və əldən çıxmış faydanın əvəzi olaraq 3800 (üç min səkkiz yüz) manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində məhkəmə tərəfindən Qətnamə qət edilməlidir. Beləliklə, hesab edirlər ki, məhkəmə tərəfindən hazırki iddia ərizəsi üzrə 3-cü şəxs qismində cəlb edilmiş “Toyota Servis” Əhmədli müəssisəsinə ödənilməli olan 7135 manat məbləğində sığorta xərci, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əlavə icarəyə götürülmüş avtomobilə edilən ödənişin əvəzi olaraq 3800 (üç min səkkiz yüz) manat, işin məhkəmə müstəvisində həll edilməsi ilə bağlı vəkilə ödənilmiş 1000 (bir min) manat məbləğində ödənişin əvəzi, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğin əvəzi cəmi, 11965 (on bir min doqquz yüz altmış beş) manat məbləğin cavabdeh "xxxx" ASCdən tutularaq iddiaçıya ödənilməsi barəsində Qətnamə qət edilməlidir. Sonda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Bundan əlavə o, məhkəməyə “əlavə ekspertizanın keçirilməsi barədə” vəsatət və əlavə olaraq mübahisənin faktiki hallarına dair yazılı izahat təqdim edərək, baş vermiş hadisədə sığorta prosedurlarına yol verilmiş nöqsanlara və qayda pozuntularına aydınlıq gətirmək üçün Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət Departamentinin ekspertinin növbəti məhkəmə iclasına dəvət olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobil ilə, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı X9 İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərar qəbul edilmişdir. **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobil hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş "xxxx" ASC tərəfindən sığortalanmış və adı çəkilən sığorta şirkəti tərəfindən onlara məxsus olan **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobilin təmir olunması "xxxx" ASC-nin təyin etdiyi “X10” müəssisəsinə həvalə edilmişdir. Hesablanmış sığorta ödənişinin məbləği 5000,00 manat müəyyən edilmişdir. Həmin məbləği cavabdeh ödəməyə təklif etmiş, lakin iddiaçı imtina etmişdir. Odur ki, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21-01240/03/AA-596/21 saylı Sığorta aktından görünür ki, sığorta predmeti kimi “Mercedes Benz E240” markalı avtomobil, zərər dəymiş əmlak kimi Toyota Avallon markalı avtomobil, dəymiş zərər 7135,00 manat, hesablanmış sığorta ödənişinin məbləği 5000,00 manat müəyyən edilmişdir. Dəymiş zərərin məbləği həmçinin, iş materiallarına əlavə olunan “X10” müəssisəsinə aid olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi sənədi ilə də təsdiq olunur. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “icarəçi” adlandırılan AHİK yanında Qaraj, digər tərəfdən “icarəyəverən” adlandırılan fiziki şəxs X8 müqavilə bağlamış, həmin müqaviləyə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan “Mercedes Benz E230” markalı minik nəqliyyat vasitəsini icarəyə verir. İcarəçi isə nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. İş materiallarında olan 27.01.2021-ci il tarixli, İXP ******* nömrəli X9 protokoldan və TP ******* İnzibati tənbeh vermə haqqında qərardadn görünür ki, X4 24.01.2021-ci il tarixdə, saat 14:50-də atatürk pr. İlə hüseyn k. kəsişməsində “Mercedes Benz E230” markalı, 99DR866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 16.04.2021-ci il tarixli “MPM-in 149-cu maddəsinə əsasən, müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə pretenziya” haqqında idiaçı tərəfindən “X10” müəssisəsinə və müki iş üzrə cavabdeh "xxxx" ASC-yə ünvanlanan təkliflərdən görünür ki, məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı mübahisənin pretenziya qaydasında həll edilməsi üçün müraciətlər etmiş, lakin iş materiallarından görünür ki, mübahisənin pretenziya qaydasında həlli mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4545/2021 saylı, 30.08.2021-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli, 9/7182-8/2578 №-li ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin 24.01.2021-ci il tarixli və “Toyota” servisin 17.03.2021ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Toyota Avalon” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6835 manat müəyyən edilmişdir. Həmçinin, ekspert rəyində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinin konkret olaraq detalların yeni və ya işlənmiş olmasının müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Baxışa təqdim olunmuş vəziyyətdə Toyota Avalon markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin akumulyatoru işlək vəziyyətdə olmadığından və həmçinin avtomobil akumulyatorla təmin edilmədiyindən onun sistemlərinin işlək vəziyyətdə olub-olmamasını və avtomobilin tam təmir edilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”a məxsus **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobil ilə, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı X9 İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərar qəbul edilmişdir. **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mersedes E240” markalı avtomobil hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş "xxxx" ASC tərəfindən sığortalanmış və adı çəkilən sığorta şirkəti tərəfindən onlara məxsus olan **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobilin təmir olunması "xxxx" ASC-nin təyin etdiyi “X10” müəssisəsinə həvalə edilmişdir. “X10” müəssisəsi avtomobilin təmirini bir müddət təmir işləri aparmış, lakin sonradan avtomobilin təmiri yarımçıq saxlanılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 27 dekabr 2021-ci il tarixli 9/7182-8/2578 saylı rəyi ilə 2006-cı il buraxılışlı “Toyota Avalon” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6835 manat müəyyən edilmişdir. Cavabdeh 5000 məbləğində vəsaitin ödəniməsini iddiaçiya təklif etmişdir, lakin iddiaçı bununla razılaşmamışdir. İddiaçi pulun qəbulundan imtina edilməsi onunla əsaslandırmışdır ki, hesablama aktında avtomobilin təmir xərcləri normadan qat-qat yüksək göstərilmiş, həmin sənəddə göstərilən detallar və dəyərləri original və yeni detallara aid olsa da, avtomobildə dəyişən detallar işlənmiş detallardır. Göründüyü kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında “Qaraj”a məxsus **-AF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Avalon” markalı avtomobilə ziyan dəymiş, ziyanin məbləği 6835 manat müəyyən edilmiş, "xxxx" ASC isə cavabdehə 5000 manat pulun ödənilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərə görə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən 5000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının “əlavə icarəyə götürülmüş avtomobil üçün 3800 manat və işin məhkəmə müstəvisində həll edilməsi ilə bağlı vəkilə ödənilmiş 1000 manat məbləğində ödəniş” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən iddiaçı AHİK yanında “Qaraj”ın xeyrinə 5.000 (beş min) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-248/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-248/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver