Məhkəmə qərarları › İş №2(006)-2488/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2488/2024

08.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2488/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “təkmilləşdirmə kursu keçərək sertifikasiyaya buraxılma” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “təkmilləşdirmə kursu keçərək sertifikasiyaya buraxılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin “xahiş etdi” adlı hissəsindən görünür ki, tələb İddiaçı təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılmasının mümkünlüyünün cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi ilə əlaqədardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatı qaydasında baxılan iddia növlərini müəyyən etmişdir. Həmin iddia növlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işləri, habelə bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri aid etmək olar. Lakin iddiaçı təkmilləşdirmə kursu keçərək sertifikasiyaya buraxılmağa dair iddia tələbi üzrə aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddiaçı hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “təkmilləşdirmə kursu keçərək sertifikasiyaya buraxılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın İddiaçı hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar