Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-249/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızının Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 23 iyul 2022-ci il tarixdə 3 saylı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 2765 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2022-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Lakin el adəti ilə toyları olmamışdır. Həmçinin o, cavabdehlə ər-arvad münasibətlərində olmamışdır, bir yerdə bir gün də ailə kimi yaşamamışlar. Bir sözlə nikahları ailə qurmaq niyyəti olmadan baş vermişdir. Belə ki, cavabdeh ondan xahiş etmişdir ki, ipoteka ilə mənzil götürmək istəyir və bunun üçün ona nikah lazımdır. Ona görə də, cavabdeh rəsmi nikaha daxil olmalarını xahiş etmişdir. O da, bir insanlıq vəzifəsini yerinə yetirmək üçün cavabdehin dediyinə etiraz etməmişdir. Ona görə də, o, saxta olan nikahın etibarsız sayılmasını istəyir. Onlar rəsmi nikaha daxil olmalarına baxmayaraq heç vaxt bir yerdə ailə kimi yaşayıb, birgə təsərrüfat aparmamışlar. Nikah ancaq kağız üzərində, formal xarakter daşıyır. Həmçinin bu nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh ilə «Meyvəli» Ticarət Mərkəzində bir yerdə işləmişdir, cavabdeh onun dostudur. Onlar Ukraynadan gəlib, Bakı şəhərində sənəd almaq istəyəndə onlara bildirmişlər ki, onlar Naxcıvanda qeydiyyatda olduqları üçün sənədləri oradan ala bilərlər, ya da burada kiminsə evinə qeydiyyata düşərək həmin sənədləri əldə edə bilərlər. O da, dostundan bacısının sənədlərinin alınması üçün sonuncu ilə nikaha girməsini xahiş etmişdir. O, Ukraynaya gedəndə həmin ölkədə qeydiyyata düşmək üçün Ukrayna vətəndaşı olan xanımla ailə qurmuş və 1 ildən sonra özünə pasport almışdır. Bacısı da Bakı şəhərində qeydiyyata düşmək üçün cavabdehlə ailə həyatı qurmuşdur. İddia ərizəsində qeyd edilənlər barədə məlumatı yoxdur. İddiaçı və cavabdehin nikaha girməsinin səbəbi bacısının Bakı şəhərində qeydiyyata düşməsi olmuşdur. Həmin nikahda iştirak etməmişdir, lakin iştirak etməsi üçün həyat yoldaşını göndərmişdir. Həmin mərasimdə çəkilmiş şəkillərdə yandığı üçün çıxarmaq mümkün olmamışdır. Bundan əlavə məhkəmə iclasında verilmiş sullara cavabında bildirdi ki, tərəflər arasında olan nikah əsl nikah kimi görünsün deyə həmin mərasim təntənəli formada keçirilmişdir. Tərəflər arasında olan nikah mərasiminin təntənəli formada keçirməkdə məqsədləri sadəcə onların savadsızlıqları olmuşdur. Qanunları tam olaraq bilməmişlər. Nikahın etibarsız sayılması bacısına yenidən nikaha daxil olarkən onun əvvəllər nikahda olmaması kimi qeyd edilməsi üçün lazımdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, o, nikahı iddiaçı tərəf Bakı şəhərində qeydiyyata düşə bilməsi üçün bağlamışdır. Onlar «ASAN xidmət» Mərkəzinə gedərkən onlardan soruşmuşlar ki, onlara nikahı təntənəli formada keçirmək üçün otaq lazım olacaq? Bildirmişlər ki, əgər lazım olacaqsa onlar əlavə 50 manat məbləğində pul ödəyərək, həmin otaqdan istifadə edə bilərlər. O, niyə bunu soruşduqlarını bilməmişdir. 50 manat ödəniş edərək, otaqda keçirilməsinə etiraz etməmişdir. İddiaçı ilə aralarında olan nikahın təntənəli keçirilməməsinə dair heç bir sübutu yoxdur. Bundan əlavə məhkəmə iclasında verilmiş suallara cavabında bildirdi ki, o, Nəsimi rayonu ərazisində əmisi oğlunun evində qeydiyyatdadır. Mənzilin ünvanını isə dəqiq bilmir. İddiaçı onun qeydiyyatda olduğu mənzilə qeydiyyata düşməmişdir. İddiaçı Binəqədi rayonunda yerləşən öz evlərinə qeydiyyata düşmüşdür. Sonda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzi məhkəməyə məktub göndərərək, iş həcminin çoxluğu ilə əlaqədar olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin edə bilmədiklərini qeyd edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzinin nümayəndəsinin və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 525403 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23 iyul 2022-ci il tarixdə 3 saylı Bakı «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsində 2765 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Ağayeva soyadı verilmişdir. 19 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hazırki iş üzrə tərəflər 19 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat mediasiya xərci Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızı tərəfindən ödənilmişdir. 3 saylı Bakı «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 05/Q-4126/13 saylı məktubundan görünür ki, cavabdehlə iddiaçı arasında nikah 23 iyul 2022-ci il tarixdə mərkəzdə xüsusi ayrılmış otaqda təntənəli formada qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. - 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. - 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; - 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); - 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); - 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; - 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; - 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); - 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Ailə Məcəlləsinin yuxarıda qeyd edilən maddələrindən də görünür ki, hazırki iş üzrə “nikahın etibarsız sayılması” üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia ərizəsində qeyd olunanlarla (cavabdehin ipoteka ilə mənzil götürmək niyyəti ilə iddiaçı ilə nikaha daxil olması) iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarında qeyd olunanlar (iddiaçının Bakı şəhərində qeydiyyata düşməsi üçün nikaha daxil olmaları) arasında kəskin ziddiyyət var. Belə ki, məhkəməyə daxil olmuş və iddia tələbinin əsasını təşkil edən iddia ərizəsində iddiaçı cavabdehlə nikaha daxil olmasına səbəb kimi cavabdehin ipoteka ilə mənzil almaq istəməsini və bu səbəbdən ona müraciət etməsini, onun da bir insan kimi bu təklifi qəbul edərək, cavabdehlə nikaha daxil olmasını göstərmişdir. Lakin məhkəmə iclasında iddiaçını təmsil edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsində qeyd edilənlərin əksinə ipoteka məsələsindən ümumiyyətlə xəbərdar olmamasını, cavabdehin onun dostu olmasını, onların nikaha daxil olmasının başlıca səbəbi kimi bacısının dostunun (cavabdehin) evinə qeydiyyata düşməsi olduğunu qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi, tərəflər arasında nikah bağlandıqdan sonra nə ipoteka müqaviləsinin bağlanması, nədə ki, iddiaçı Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızının Cavabdeh məxsus mənzilə qeydiyyata düşməsi iş materialları ilə təsdiq edilməmişdir. Bundan başqa, iddia ərizəsində formal olaraq bağlanması qeyd olunan nikahın nə üçün təntənəli surətdə, əlavə xərc çəkməklə qeyd edildiyini nə iddiaçı tərəf, nə cavabdeh tərəf məntiqli şəkildə izah edə bilməmişdir. Habelə iddia ərizəsində formal olaraq bağlanması qeyd olunan nikahdan sonra iddiaçının cavabdehin soyadına keçməsinə nə kimi zərurət olmasını tərəflər yenə də məntiqli şəkildə izah edə bilməmişlər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini Ailə Məcəlləsinin 26-cı maddəsi təsbit etmişdir. Hazırda isə iş üzrə iddiaçının və cavabdehin həmin şəxslərin dairəsinə daxil olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızının Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hacıyeva (Ağayeva) Həmidə Bəxtiyar qızının Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 saylı Bakı «Asan Xidmət» Mərkəzi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-249/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-249/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver