Məhkəmə qərarları › İş №2(006)-250/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-250/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-250/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanlarında yerləşən 6 və 21 saylı mənzillər üçün cavabdeh tərəfindən artıq alınmış cəmi 15.600 (on beş min altı yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında ümumi sahəsi 130,40 kv.m-dən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 69,0 kv.m-dən ibarət 1 ədəd 2 otaqlı və 1-ci girişin 5-ci mərtəbəsində ümumi sahəsi 67,0 kv.m-dən ibarət 1 ədəd 2 otaqlı təmirli mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürməsi barədə xx.xx.2017-ci il tarixli 2/83 nömrəli müqavilə bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 67,0 kv.m. deyil, 61,40 kv.m-dir və iddiaçıdan mövcud olmayan 5,7 kv.m. mənzil sahəsi üçün 5,7 x 1.500 = 8.550 (səkkiz min beş yüz əlli) manat artıq alınmıışdır. İddiaçı həmin tarixdə həmin ünvanda M6-da yerləşən 6 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 69,0 kv.m. deyil, 64,30 kv.m-dir və iddiaçıdan mövcud olmayan 4,7 kv.m. mənzil sahəsi üçün 4,7 x 1.500 = 7.050 (yeddi min əlli) manat artıq alınmıışdır. Müqavilə üzrə hər iki mənzil üçün cavabdeh iddiaçıdan mövcud olmayan 4,7 kv.m. + 5,7 kv.m. = 10,4 kv.m. az sahə sataraq 8.550 + 7.050 = 15.600 (on beş min altı yüz) manat artıq almışdır. Cavabdehlə bağlanmış müqavilələr üzrə mənzilin ümumi sahəsi 130,4 kv.m. göstərilsə də, pulu tam ödənilsə də, lakin çıxarışa istinadən müqavilə üzrə hər iki mənzil üçün cavabdeh iddiaçıya 10,4 kv.m. az sahə satmış, iddiaçıdan 10,4 kv.m. sahə üçün cəmi 15.600 manat artıq pul almışdır. Beləliklə, iddiaçı müqavilə şərtlərinə tam əməl edərək, üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmiş, lakin cavabdeh tərəfindən dəyərini tam ödədiyi mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını çıxarış aldıqdan sonra bilmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Cavabdeh MTK (tikinti şirkəti) ilə İddiaçı (əmlak mülkiyyətçisi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2/83 nömrəli müqavilədən görünür ki, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.1998-ci il tarixli, 962 saylı reyestr kitabında 144488 səhifə, qeydə alınma 30/28779 nömrəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş “X2 MH № 155260” ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 97,32 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Salatın Əsgərova küçəsində inşa etdiyi 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 69,0 m2-dən ibarət 1 ədəd 2 otaqlı və 1-ci girişin 5-ci mərtəbəsində ümumi sahəsi 67,0 m2-dən ibarət 1 ədəd 2 otaqlı təmirli mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Əmlak mülkiyyətçisi ona verilməsi nəzərdə tutulan 130,4 m2-dən ibarət təmirli mənzildən bu müqavilə üzrə veriləcək mənzillərin fərqini təşkil edən 5,6 m2-dən ibarət mənzil hissəsinin 7.280,0 (yeddi min iki yüz səksən) manat həcmində dəyərini xx.xx.2017-ci il tarixinə kimi tikinti şirkətinə ödəməyi üzərinə götürür.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 nömrəli, ümumi sahəsi 61,40 m2 olan mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M5, m11) xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 6 nömrəli, ümumi sahəsi 64,30 m2 olan mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M4, m6) xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5810 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 6 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M4, m6) mənzilin ümumi sahəsinin 64,3 m2, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M5, m11) mənzilin ümumi sahəsinin 61,4 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 6 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M4, m6) mənzilin yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 82,3 m2, həmin mənzilin yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 72,1 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M5, m11) mənzilin yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 79,1 m2, həmin mənzilin yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 69,5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən binada təmirli mənzillərin alqı-satqısına dair birja məlumatları və internet saytı məlumatları olmadığından, bu sual üzrə tədqiqat aparılmadı.

10. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 50 (əlli) manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 133 ünvanında yerləşən, ümumi sahəsi 97,32 m2 olan 2 nömrəli mənzili xx.xx.2017-ci il tarixli müqavilə əsasında sökülmək üçün Cavabdeh MTK-ya təhvil vermiş, cavabdeh isə mənzilin sökülməsini və həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Salatın Əsgərova küçəsində inşa etdiyi 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 69,0 m2-dən ibarət 1 ədəd 2 otaqlı və 1-ci girişin 5-ci mərtəbəsində ümumi sahəsi 67,0 m2dən ibarət 1 ədəd 2 otaqlı təmirli mənzilləri iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı ona verilməsi nəzərdə tutulan 130,4 m2-dən ibarət təmirli mənzildən müqavilə üzrə veriləcək mənzillərin fərqini təşkil edən 5,6 m2-dən ibarət hissəsinin 7.280 manat məbləğində dəyərini (1 m2 = 1.300 manat (7.280 / 5.6)) xx.xx.2017-ci il tarixinə kimi cavabdehə ödəməyi üzərinə götürmüşdür.

12. İddiaçı hər iki mənzilin 2019-cu ildə cavabdeh tərəfindən ona təhvil verildiyini, xx.xx.2024-cü il tarixdə isə mənzillərə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar aldığını, bu zaman mənzillərin ümumi sahəsinin müqavilədə göstəriləndən daha az olduğunu müəyyən etdiyini bildirmişdir.

13. Belə ki, iddiaçı müqavilədə ümumi sahəsi 69 m2 olacağı göstərilən mənzilin əslində 64,30 m2, ümumi sahəsi 67 m2 olacağı göstərilən mənzilin isə əslində 61,40 m2 olduğunu çıxarışları alarkən gördüyünü, beləliklə, cavabdehin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, ona müqavilədə nəzərdə tutulandan 10,4 m2 (4,7 m2 və 5,7 m2) az sahə verərək əsassız varlandığını bildirmişdir.

14. Buna görə də iddiaçı mənzilin 1 m2-nin dəyərinin 1.500 manat olduğunu qeyd edərək, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan sahədən az verilmiş 10,4 m2 sahə üçün cəmi 15.600 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsini xahiş etmişdir.

15. Aparılmış məhkəmə araşdırması zamanı iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan, mənzillərin ümumi sahəsinin və 1 m2-nin dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş, nəticədə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, iddiaçının mülkiyyətində olan 6 nömrəli mənzilin ümumi sahəsinin 64,3 m2, 21 nömrəli mənzilin ümumi sahəsinin isə 61,4 m2; - yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda, 6 nömrəli mənzilin sahəsinin 82,3 m2, 21 nömrəli mənzilin sahəsinin isə 79,1 m2; - yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda isə, 6 nömrəli mənzilin sahəsinin 72,1 m2, 21 nömrəli mənzilin sahəsinin isə 69,5 m2 təşkil etdiyi qeyd edilmişdir. Mənzillərin 1 m2-nin qiymətinin ekspert tərəfindən müəyyən edilməsi isə mümkün olmamışdır.

16. Ekspertizanın təyin edilməsi barədə qərardadda ekspert qarşısında qoyulmuş birinci sualın (mənzillərin ümumi sahəsinin nə qədər təşkil etməsi barədə) cavabının aydınlaşdırılması məqsədilə rəyi tərtib edən ekspert məhkəmə araşdırmaları zamanı məhkəmə iclasına dəvət edilərək dindirilmiş, bu zaman bildirmişdir ki, birinci sualı başa düşmədiyindən, rəydəki kimi cavab vermiş, lakin tədqiqat zamanı həmin sualın cavabını müəyyən etmişdir. Belə ki, tədqiqat zamanı ekspert müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan 6 və 21 nömrəli mənzillərin köməkçi sahələrinə əmsallar tətbiq edilən zaman həmin mənzillərin ümumi sahəsi müvafiq olaraq 64,3 m2 və 61,4 m2 olsa da, əmsallar tətbiq edilmədikdə mənzillərin sahəsi müvafiq olaraq 69,4 m2 və 66,8 m2 təşkil edir.

17. Beləliklə, ekspert rəyi və ekspertin məhkəmə iclasında dindirilməsi nəticəsində məhkəmə tərəfindən müəyyən edilir ki, aralarındakı müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya sahələri 69 m2 və 67 m2 olmaqla, cəmi sahəsi 136 m2 olan iki mənzil verilməli olduğu halda, cavabdeh tərəfindən iddiaçıya sahələri 69,4 m2 və 66,8 m2 olmaqla, cəmi sahəsi 136,2 m2 olan iki ədəd mənzil (daha artıq) verilmişdir.

18. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan sahədən az verilmiş 10,4 m2 sahə üçün cəmi 15.600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmir.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Bu baxımdan iş materiallarını tərəflərin dəlilləri ilə birlikdə araşdıran məhkəmə hesab edir ki, tərəflər arasında podrat və dəyişdirmə müqavilələrinin ünsürlərini özündə birləşdirən qarışıq müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin icrası zamanı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulan sahədən daha az sahəsi olan mənzillər verildiyini mübahisələndirdiyindən məhkəmənin mövqeyinə görə, hazırkı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 766-cı maddələri nəzərdən keçirilməlidir.

21. Qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi olmuş, deməli, iş üzrə sübutetmənin predmeti də məhz bu məsələ olmuşdur. Burada qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların olub-olmaması haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə öz dəlillərini təsdiq edən mötəbər sübutları təqdim etmələri zəruridir. Bu baxımdan, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olub-olmaması barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki prosessual qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışlara istinad edərək, cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulandan az sahəsi olan mənzillər verildiyini bildirmişdir. Məhkəmə bu faktın mövcud olub-olmadığını yoxlamaq məqsədilə xüsusi bilik tələb edən sualların izah edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, iddiaçının mülkiyyətində olan 6 nömrəli mənzilin ümumi sahəsinin 64,3 m2, 21 nömrəli mənzilin ümumi sahəsinin isə 61,4 m2; - yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda, 6 nömrəli mənzilin sahəsinin 82,3 m2, 21 nömrəli mənzilin sahəsinin isə 79,1 m2; - yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda isə, 6 nömrəli mənzilin sahəsinin 72,1 m2, 21 nömrəli mənzilin sahəsinin isə 69,5 m2 təşkil etdiyi qeyd edilmişdir. Ekspertizanın təyin edilməsi barədə qərardadda ekspert qarşısında qoyulmuş birinci sualın (mənzillərin ümumi sahəsinin nə qədər təşkil etməsi barədə) cavabının aydınlaşdırılması məqsədilə rəyi tərtib edən ekspert xx.xx.2025-ci il tarixli məhkəmə iclasına dəvət edilərək dindirilmiş, çəkişmə prinsipi də təmin edilmişdir. Həmin məhkəmə iclasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Eyvazzadə İsa özünün rəydə də qeyd etdiyi kimi, məhz Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablandıqda, mənzillərin ümumi sahəsinin çıxarışda göstərildiyi kimi olduğunu müəyyən etdiyini, bu zaman qanunvericiliyin tələbinə görə köməkçi sahələrin müvafiq əmsallara vurulduğunu; lakin həmin əmsallar tətbiq edilmədikdə mənzillərin sahələrinin müvafiq olaraq 69,4 m2 və 66,8 m2 olduğunu müəyyən etdiyini, lakin qərardadın birinci sualında bunun soruşulmasını səhv başa düşdüyü üçün suala rəydəki kimi cavab verdiyini bildirmişdir.

23. Məhkəmə hesab edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlanmış qarışıq müqavilə (dəyişdirmə və podrat) üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir. Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb olacaqdır.

24. Belə ki, məhkəmənin qənaətinə görə, əgər tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Deməli, yuxarıda qeyd edilən tənzimləmələrin hazırkı işdə tətbiqi tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnəcəkdir.

25. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-verməməsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməməsi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspert məhkəmə iclasında dindirilən zaman məhkəmə əmsallara vurulmadan mənzillərin ümumi sahəsinin nə qədər olmasına dair qərardadda qoyduğu, lakin ekspertin cavablandırmadığı sualı həmin ekspertə ünvanlamış və ekspert ölçmə zamanı mənzillərin ümumi sahəsinin 69,4 m2 və 66,8 m2 olmaqla, cəmi 136,2 m2 olduğunu müəyyən etdiyini, bu sahələrin köməkçi hissələrə əmsal tətbiq edilmədən olan real sahələr olduğunu bildirmişdir.

26. Beləliklə, hazırkı işdə iddiaçının iddia etdiyi halların – cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək, müqavilədə göstərilən sahədən daha az sahəsi olan (qüsurlu) mənzillər verməsinin mövcud olmadığı məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

27. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, lap mənzillərin iddiaçının iddia etdiyi kimi müqavilədə göstəriləndən daha az sahələrdə olması müəyyən edilsəydi də belə, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmədiyindən, hazırkı işdə də iddiaçı tərəf 2019-cu ildə mənzilləri təhvil alan zaman “mənzillər çox balacadır” dediyini, lakin mənzilləri təhvil aldığını, hazırda mənzillərdən birinə özünün, digərinə isə oğlunun köçüb yaşadığını bildirdiyindən, yəni mənzillərin sahəsi ilə bağlı narazılığı ola-ola heç bir pretenziya irəli sürmədən mənzilləri cavabdehdən qəbul etdiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi hüquqdan sui-istifadə xarakteri daşıyır. İddiaçının tələbi həm də ona görə sui-istifadə xarakterli hesab olunur ki, iddia ərizəsində mənzillərin 1 m2-nin dəyərinin 1.500 manat olduğunu iddia edən iddiaçı buna dair heç bir sübut verməmiş, əksinə təqdim etdiyi müqavilədən həmin dəyərin 1.300 manat olması müəyyən edilmişdir (“5,6 m2-dən ibarət fərqə görə 7.280 manat məbləğində pul ödəmək barədə bənd” (1 m2 = 1.300 manat (7.280 / 5.6)). Həmçinin, iddiaçı çıxarışı aldığı zaman bu qüsuru aşkar etdiyini bildirsə də, mənzilləri cavabdehdən təhvil aldığını bildirdiyi 2019-cu ildən mənzillərə çıxarış alanadək onun mənzildə ölçmə aparmaması xüsusilə mənzilləri təhvil alan zaman balaca olduğunu iddia etdiyi nəzərə alınsa, ağlabatan hal hesab edilmir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə iddia tələbinin dəlilləri məhkəmə araşdırması zamanı da mötəbər sübutlarla öz təsdiqini tapmadığından, hazırkı iddia təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1-443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 205.1-205.2. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

33. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

35. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

36. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

37. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar