Məhkəmə qərarları › İş №2(006)-2508/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2508/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2508/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3, yaşayış sahəsi 2 otaqlı 24 m2 dən ibarət olmaqla, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzildə iddiaçı altı nəfər ailə üzvü ilə birlikdə yaşayır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh adlı şəxsi xəbəri olmadan onun mənzilinə qeydiyyata salmışlar. Lakin bu şəxs iddiaçının mənzilində bir gün də olsun yaşamamış və həmin mənzildə ona aid heç nə yoxdur və olmayıb da.Cavabdeh adlı şəxsin iddiaçının mənzilində heç vaxt yaşamaması faktı şahid ifadələri ilə də təsdiq oluna bilər.Cavabdehin iddiaçı ilə heç vaxt ailə münasibəti olmamışdır. Cavabdeh hazırda iddiaçının adına olan mənzilə qeydiyyata salınan zaman azyaşlı olub. Hazırda isə cavabdehin 20 yaşı var, yəni tam həddi-buluğa çatmış şəxsdir. Göstərilənlərə əsasən Cavabdeh ünvan 3-ə olan yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 204, mənzil 4 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2154 saylı reyestr kitabının 199490 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Bakı şəhər Nəsimi rayon İH MKTB-nin 48 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 89 saylı, xx.xx.2020-ci il tarixli forma 2 arayışına əsasən İddiaçı nəvəsi Cavabdeh xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 204, mənzil 4 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, Cavabdeh ünvan 3 saylı ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh ünvan 3 saylı ünvana qeydiyyata düşməsinə əsas olmuş sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİNin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərara əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi, 204 nömrəli evin sakinləri – X1, X3 və X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, onlarla Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi, 204 nömrəli evin 4 nömrəli mənzilində yaşayan İddiaçı Mövsüm qızı 6 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 gəlini, 1 nəvəsi) ailə tərkibi ilə həmin mənzildə yaşayır. Onların yaxın qonşuluq münasibətlərinə görə bir-birilərinin mənzilinə gediş-gəlişləri var və onlar həmişə görmüşlər ki, 6 nəfər ailə üzvündən başqa heç kim bu mənzildə yaşamayıb. Onlar Cavabdeh adlı şəxsi ümumiyyətlə tanımırlar və belə bir faktı təsdiq edirlər ki, onu heç vaxt görməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının iddia ərizəsində bildirdiyinə görə cavabdeh onun xəbəri olmadan 2013-cü ildən ona məxsus olan mənzilə qeydiyyata düşmüş, hazırda isə cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmaqdan imtina edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 2013-cü ildə, yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2013-cü ildən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilibitirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə dair istifadə hüququ yaranmadığı müəyyən olunduğuna görə, bu onun həmin mənzildəki formal qeydiyyatının ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Hazırki qətnamə Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar