Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2516/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili X15 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1949-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, 1960-cı ildə ünvan 1 ünvanda yerləşərı 200 kv.metr torpaq sahəsini öz şəxsi hesabına almış və həmin torpaqda biri birindən ayrı üç və iki otaqdan ibarət 138 kv.metr sahəsi olan ev tikmişdir. 17.10.1969-cu il tarixdə iddiaçı, Kürdova (Məmmədova) Zefira Baxşəli qızı ilə nikaha daxll olmuş və 4 övladları doğulmuşdur. Uzun müddət birgə ailə həyatı sürmlər və nəvələri vardır. Sonradan artıq 2 ildən çoxdur ki, iddiaçı arvadı Zenfira ilə ayrılmış və qarşılıqlı razılıq əsasında üç otaqlı evdən çıxaraq iki otaqlı evdə yaşamağa başlamışdır. Lakin bir müddət sonra cavabdeh oğlu Rövşən indiyə kimi ailə üzvləri ilə birlikdə başqa-başqa ünvanlarda yaşamasına və mübahisəli evdə yaşamadıqlarına baxmayaraq iddiaçının qeydiyyatda olduğu, öz vəsaiti hesabına min bir əziyyətlə alıb, tikib, yaşadığı, istifadə etdiyi iki otaqlı evindən zorla qovub çıxartmışdır. Özünə məxus olan bütün əşyalarını, hətta pal-paltarlarını da əlindən alaraq, iddiaçını küçəyə atmışdır. Hazırda iddiaçı 73 yaşında qoca adam kirayələrdə yaşamağa məcbur qalmışdır. Çox gözləmişdir ki, bəlkə övladları insafa gələrlər və onu bu ahıl yaşında evə çağırarlar, lakin təəssüflər olsun ki, onlar tərəfindən heç bir addım atılmamışdır. 2019-cu ildə iddiaçı, cavabdehlər X11, X9 və Cavabdeh1 qarşı «evdən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanda yerləşən və qeydiyyatda olduğu, lakin cavabdehlər tərəfindən zəbt edilərək çıxarıldığı fərdi yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsi, həmin ünvanda yerləşən 200 m2 torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilmiş 138 m2 tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 evin sənədlərinin X2 adından iddiaçının adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ilk iddia üzrə cavabdehlər X13 və Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə X3 və X4 cavabehlər sırasına daxil etməklə, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evə köçürülməsi, X5 və X1 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması, iddiaçının ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı 09.08.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdəhler X12, X10 ve Cavabdeh1 qarşı «evden istifadə ile bağlı maneələrin aradan qaldırılması ve eve köçürülmə» tələbinə dair iddiası təmin edilmemiş, X6 ve Cavabdeh1 İddiaçı, X7 və X8 qarşı «istifadə hüququnun itirilməsi, evden çıxarılma ve eve köçürülmə» tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin olunaraq, X1 yeni iddiaçının ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması qət edilmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-3585/2019 saylı 09.08.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(103)-13309\2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətı qismən təmin edilmiş, qarşılıqlı iddia üzre cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3585/2019 saylı işi üzrə 09 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti bir-birindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi və cavabdehlər X16, X14 və Cavabdeh1 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X2 və Cavabdeh1 İddiaçı, X7 və X8 qarşı «istifadə hüququnun itirilməsi, evdən çıxarılma və evə köçürülmə» tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf Bakı Apelyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(103)-13309\2019 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.06.2020-ci il tarixli 2(102)-2171\2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(103)- 13309\2019 saylı qətnaməsı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki mübahisə üzrə Cavabdeh1 ünvan 2 ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı evdə 20 ildən artıq bir müddətdə yaşamadığı, iddiaçının həmin evin ayrıca şəraiti olan 2 otağında yaşamasına imkan verməməsi, həmçinin həmin 5 otaqlı evin iddiaçı tərəfindən əldə edilməklə faktik olaraq iddiaçıya məxsus olması ilə bağlı hallar məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Lakin buna baxmayaraq hal-hazırda da Cavabdeh1 özünün ünvan 2 ünvanda yaşamaq üçün heç bir hüququ olmadığı halda Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneçilik törədərək iddiaçının öz evində yaşamasına imkan vermir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X17 ünvan 2 evdən çıxarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı 09.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının cavabdəhlər X12, X10 ve Cavabdeh1 qarşı «evden istifadə ile bağlı maneələrin aradan qaldırılması ve evə köçürülmə» tələbinə dair iddiası təmin edilməmiş, X6 ve Cavabdeh1 İddiaçı, X7 və X8 qarşı «istifadə hüququnun itirilməsi, evden çıxarılma ve eve köçürülmə» tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin olunaraq, X1 yeni iddiaçının ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(103)-13309/2019 saylı qətnaməsidən görünür ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətı qismən təmin edilmiş, qarşılıqlı iddia üzre cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3585/2019 saylı işi üzrə 09 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı (2+3) hər bir şəraiti birbirindən ayrı olan 2 otaqlı mənzilə köçürülməsi və cavabdehlər X16, X14 və Cavabdeh1 tərəfindən İddiaçı həmin evdən istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X2 və Cavabdeh1 İddiaçı, X7 və X8 qarşı «istifadə hüququnun itirilməsi, evdən çıxarılma və evə köçürülmə» tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.06.2020-ci il tarixli 2(102)-2171/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(103)-13309/2019 saylı qətnaməsı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan **********184 saylı aktdan müəyyən olunur ki, Cavabdeh1 1997-ci ildən ailə qurduğu üçün ünvan 2 ünvanda yerləşən evdən köçmüş və formal olaraq həmin ünvana qeydiyyatda qalsa da, faktiki olaraq 2019-cu ilin fevral ayına kimi bu ünvanda heç vaxt yaşamamış, fevral ayından iyul ayına kimi müvəqqəti yaşamış və sonra yenidən evi tərk etmişdir. İşdə olan 26 aprel 2018-ci il tarixli 81 saylı Forma 2 arayışından görünür ki, cavabdehlər Cavabdeh1 1974-cü ildən, Cavabdeh3 2000-ci ildən, Cavabdeh5 2002-ci ildən və X20 2003-cü ildən ünvan 2 ünvanda yerləşən evdə qeydiyyatdadırlar. İşin mübahisə olunmayan hallarına görə, ünvan 2 ünvanda yerləşən 200 kv.m torpaq üzərində inşa edilmiş 138 kv.m tikinti sahəsi, 5 otaqlı (2+3) yaşayış evi ümumiyyətlə reyestrdə qeydə alınmamışdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən evin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 iddiaçının oğlu olmaqla mübahisə predmeti olan evdə doğulması, orada yaşaması və 1974-cü ildən həmin evdə qeydiyyatda olması, həmçinin digər cavabdehlərin Cavabdeh1 ailə üzvləri (arvadı və uşaqları) olması işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən evlə bağlı münasibətlər həmin tarixlərdə yaranmaqla iddia tələbinə 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, Cavabdeh1 uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi ünvan 3 ünvanında yerləşən yaşayış evində yaşadığından, onun və onun ailə üzvlərinin mübahisə predmeti olan evdən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq Cavabdeh1 da ailə üzvləri ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2516/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2516/2021
03.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver