Məhkəmə qərarları › İş №2(006)-2522/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2522/2021

18.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2522/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin “əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X1 qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx xxxxxx 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” xx.xx.2021-ci il tarixli K-52 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, xx xxxxxx 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 ildir ki, Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləmişdir. xx.xx.2019-cu il tarixdə qeyd edilən məktəbə direktor təyin edilmiş Elnarə Zeynalova İddiaçı yanına çağıraraq onunla işləmək istəmədiyini, özünün işləmək üçün başqa məktəbə köçürülməsini məsləhət etmiş, tutduğu vəzifəyə isə öz adamını gətirəcəyini bildirmişdir. İddiaçı məktəbin direktoru Elnarə Zeynalovanın tələbini yerinə yetirməkdən imtina etmiş və bundan sonra məktəb direktoru həmin məktəbdə hərbi müəllimi işləyən İsmayıl Hüseynovla birlikdə İddiaçı qarşı “şər-böhtan” kampaniyasına başlamış, hətta Bakı şəhəri üzrə Təhsil İdarəsi bu kampaniyaya qoşularaq İddiaçı tutduğu vəzifədən ərizə yazıb çıxmağı tələb etmişlər. İsmayıl Hüseynov məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən şəxsə çevrildikdən sonra İddiaçı qarşı “material” toplamağa başlamışdır. İsmayıl Hüseynov hətta dəfələrlə İddiaçı yaşadığı ünvana gələrək məktəb direktorunun adından vəzifədən çıxmağını israr etmiş, əks halda daha ağır nəticələr yaradacaqları ilə hədələmişdir. İddiaçı isə İsmayıl Hüseynova şəxsən və “WhatApp” vasitəsi ilə yazarkən ləyaqətsiz işlərindən əl çəkməsini tələb etmişdir. Şagirdlərlə baş verən anlaşılmazlıqdan sonra böyük şişirtmə əsnasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli F-15 №-li Əmri ilə İddiaçı şiddətli töhmət elan edilmişdir. İsmayıl Hüseynov növbəti dəfə məqsədli hərəkətlərini davam etdirməklə şantaj və təhdidlərə keçərək “burada rəhbər mənəm”, “başına oyun açacağam” kimi təhdidlərdən sonra İddiaçı İsmayıl Hüseynova məxsus nömrəsinə zəng etdikdə sonuncu cavab vermədiyindən bir neçə dəfə mesaj yazaraq şəxsən özünə aid sözləri çatdırmışdır. İsmayıl Hüseynov bütün üsullardan istifadə edərək istəyinə nail olmaq üçün dərhal məktəb direktoru ilə məsləhətləşib Bakı şəhəri Təhsil İdarəsinə şikayət yazmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli K-52 №-li Əmri ilə “Əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X1 Qaydaları”nın tələbini kobud şəkildə pozduğuna görə Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin Əmrdə göstərilmişdir ki, “Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynov tərəfindən məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynovun ünvanına “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”,”Səni məhv edəcəm” kimi qeyri-pedaqoji ifadələr yazaraq Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 2.1.5-ci, 2.1.7-ci və 3.8-ci bəndlərinin tələblərini pozmuşdur. Göstərilənlər İsmayıl Hüseynovun izahatı və araşdırma zamanı toplanmış digər zəruri sənədlərlə təsdiq olunmuşdur. “Qeyd olunanlarla bağlı İddiaçı qismən etirafedici izahat verərək həmkarı İsmayıl Hüseynovun ünvanına yazdığı qeyri-pedaqoji ifadələrin zarafat xarakterli olduğunu bildirmişdir. Aparılan araşdırmanın nəticələri İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışa yol verdiyini, bununla da Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinin pozulduğunu müəyyən etməyə əsas verir. Analoji hallara yol verdiyinə görə “Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli F-15 №-li Əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmiş və gələcəkdə belə hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehinin tətbiq edələcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Beləliklə Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol vermiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq alınması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqları Komitəsinə müraciət olunmuş, cavab məktubunda həmin Komitənin xx.xx.2021-ci il tarixli iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edib, əsaslı olmasını nəzərə alıb təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində “WhatsApp” mobil tətbiqi vasitəsilə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynovun ünvanına “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”, “Səni məhv edəcəm” kimi qeyri-pedaqoji ifadələr yazaraq Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli. 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 2.1.5, 2.1.7 və 3.8-ci bəndlərinin tələblərini pozmuşdur. Qeyd olunanlarla bağlı İddiaçı etirafedici izahat verərək İsmayıl Hüseynovun ünvanına yazdığı qeyri-pedaqoji ifadələrin “zarafat” xarakterli olduğunu bildirmişdir. İddiaçı daha əvvəl analoji Bakı şəhəri 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli F-175 nömrəli Əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmiş və gələcəkdə belə hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. Lakin İddiaçı verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol vermiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bundan sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi adından Həmkarlar İttifaqı Komitəsinə təqdimat ünvanlanmış və Bakı şəhəri 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Komitənin müvafiq razılığı nəzərə alınaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli K-52 nömrəli əmr ilə İddiaçı ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasən xitam verilmişdir. Həmin əmr tam qanuni olmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verildiyindən İddiaçı barəsində verilmiş əmrin ləğv edilməsi, yenidən vəzifəyə bərpa olunması və ona boşdayanmaya görə əməkhaqqının ödənilməsi barədə iddia tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materillarında olan aktlardan, ərizələrdən, yazılı izahatlardan və digər sənədlərdən görünür ki, Bakı şəhəri 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı dəfələrlə nizam-intizam qaydalarını pozaraq məktəbə sərxoş halda gəlmiş, məktəbin bəzi şagirdlərinə fiziki təzyiq göstərmiş, şagirdlərin valideynlərindən müxtəlif əsaslarla pul tələb etmiş, habelə məktəbin təlim-tərbiyə işləri üzrə müavini İsmayıl Hüseynova zəng edərək ona hədə qorxu gəlmiş, şər-böhtanlar atmış, həmçinin “WhatsApp” mobil tətbiqi vasitəsi ilə mesajlar göndərərək şəxsiyyətini alçaldan ifadələr işlətmiş, üzürlü səbəblər olmadan işə gəlməmişdir. Mülki işin materillarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli F- 175 nömrəli əmrindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmiş, gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. Mülki işin materillarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il təqdimatının təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, “X1 Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Mülki işin materillarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli K- 52 nömrəli əmrindən görünür ki, fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X1 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx xxxxxx 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Mülki iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdə iddiaçının şagirdləri itəliyərək kobud davrandığı görünür. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı “onunla bağlanmış əmək müqaviləsinin xx xxxxxx 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” xx.xx.2021-ci il tarixli K-52 nömrəli əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini, xx xxxxxx 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Lakin, iş materillarında olan sənədlərdən, eləcə də cavabdehin etiraz ərizəsindən görünür ki, İddiaçı “X1 Qaydaları”nı pozmuşdur. Belə ki, o, müəllim olaraq işlədiyi məktəbin kollektivi ilə davranışında nəzakətli olmamış, ona qarşı iradları, tənqidi fikirləri qəbul etməmiş, qiymətləndirməyərək onlardan düzgün nəticə çıxarmamışdır. Etik davranış qaydalarını pozarkən həmin halı aradan qaldırmamış, icra və əmək intizamına riayət etməmiş, üzrsüz səbəbdən işdən yayınmışdır. Bundan başqa İddiaçı ona verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq təkrarən məktəbin kollektivinə qarşı qeyri-etik və qeyri-pedaqoji rəftara yol vermişdir. İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli F-175 nömrəli əmrinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmişdir. Daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməklə, məktəbin xx.xx.2021-ci il tarixli K-52 nömrəli əmrinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X1 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx xxxxxx 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsənə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli ½ nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 2.1.5-ci bəndinə əsasən mədəni davranış - müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 2.17-ci bəndinə əsasən ictimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 3.14-cu bəndinə əsasən müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır. 4.5.2-ci bəndinə əsasən müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır; 6.1-ci bəndinə əsasən hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur; 6.2-ci bəndinə əsasən müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbər tərəfindən təhlil edilir və bu Qaydaların 6.3.6-cı yarımbəndində müəyyən edilmiş tədbirlər görülür; 6.3, 6.3.6-cı bəndinə əsasən rəhbər bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. «Mahmudov Rusiyaya qarşı» xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənən deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ona verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyripedaqoji rəftara yol verdiyindən, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğundan onunla bağlanmış əmək müqaviləsinə qanunvercilikdə nəzərdə tutulmuş əsaslarla xitam verildiyi üçün onun “əmrin ləğv edilməsi və işə bərpa” haqqında iddia tələbi və həmin tələblə bağlı olan iddianın “məcburi işburaxma müddətinə görə əmək haqqının tutularaq ona ödənilməsi” hissəsi də əsassız hesab olunmalı, bununla da iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar