Məhkəmə qərarları › İş №2(006)-2540/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2540/2025

22.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2540/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi və sair" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) "əmək müqaviləsinə xitam verilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sistemine daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı 2021-ci ilin iyun ayında işə düzəlmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Şirkətin rəhbəri Əlikram Qəniyev onu qəbul etdi və işə qəbul edə biləcəyini bildirdi. Onunla şirkət arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlandı və məşğulluq təsnifatı üzrə usta olaraq işə başladı. Həmin şirkətdə 4 ay işləmişdir və bu müddətdə əmək haqqı vaxtında ödənilmirdi. Bu səbəbdən öz ərizəsi ilə işdən çıxmaq qərarına gəldi. Ərizə ilə müraciət etdikdə şirkətin mülkiyyətçisi və təsisçisi əmək müqaviləmə xitam veriləcəyini bildirdi. Bu hadisə 2021-ci ilin dekabr ayında olub və o həmin vaxtdan sonra heç bir yerdə rəsmi işə daxil olmadığı üçün müqaviləsinə xitam verilib-verilməməsi ilə maraqlanmamışdır. 2025-ci ilin yanvar ayında yeni iş üzrə əmək müqaviləsi bağlamaq zərurəti yarandıqda ona əvvəlki iş yeri ilə aralarında bağlanılmış əmək müqaviləmə xitam verilmədiyi və hazırda da müqavilənin qüvvədə olduğu məlum oldu, halbuki, o Əmək müqaviləsinə 2021-ci ildə xitam verildiyini düşünürdü. Bundan sonra həqiqəti öyrənmək üçün əvvəlki şirkətin təsisçisi ilə telefon vasitəsilə əlaqə saxlamağa çalışdı, lakin onun telefonunu başqa bir şəxs cavablayaraq ona şirkətin təsisçisinin, yəni Əlikram Qəniyevin həbsdə olduğunu bildirdi, o da onunla görüşməyə cəhd etdi, lakin bu mümkün olmadı. Belə olan halda şirkətin hüquqi ünvanına məktub ünvanlayaraq onunla aralarında bağlanılmış müqaviləyə xitam verilməsini xahiş etdi, lakin məktubu "həmin ünvanda şirkət mövcud deyil" qeydi ilə geri qayıtdı. Bu zaman məsələnin həlli üçün X1 Xidmətinə ərizə ilə müraciət edərək həmin şirkət ilə bağlanılmış müqaviləmə xitam verilməsini xahiş etdi. Müraciətinə cavab olaraq məsələnin məhkəmə qaydasında öz həllini tapdığını, məhkəməyə müraciət etməyini bildirildi. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirak olmadan keçirlənməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bidirişinin surətindən görünür ki, İddiaçı ilə hüquqi şəxs olan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən “usta” işləmiş iddiaçı ilə bağlanmış müqavilə qüvvədən düşməmişdir. İş materiallarında olan İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətçi və təsisçisi Əlikram Qəniyevə ünvanladığı ərizədən görünür ki, şirkət ilə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16//2025-00196 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 16:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması “haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilmişdir ki, "xxxx" MMC tərəfindən ona aid sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məlumat mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Bu səbəbdən, iddiaçı digər işəgötürənlərlə əmək müqaviləsi bağlaya bilmir. İddiaçı yaranmış vəziyyətlə bağlı öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş və ona bildirmişlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyəti xaricindədir. İddiaçıya həmçinin bildirilmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməli, müraciəti təmin edilmədiyi təqdirdə, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar