Məhkəmə qərarları › İş №2(006)-2555/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2555/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2555/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi ilə Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxslər qismində cəlb edilməklə “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxslər qismində cəlb edilməklə “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək uzadılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş əri X7 məxsus Sumqayıt şəhər XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən “Maarif” kollektiv bağçılıq təsərrüfatı tərəfindən Yeni Yaşma ərazisində yerləşən, sahəsi 600 kv.m olan 530a saylı, 6 sotun içində bağ sahəsi üzərində mirasın qəbul edilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş əri X7 məxsus qalmış mirası qəbul etmək üçün ötürülmüş müddətin üzürlü hesab edilərək uzadılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəməyə gəlməmiş, xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, növbəti hazırlıq və baxış məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi üçün həmin iclasların onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan: Nikahın bağlanması haqqında Vİİ-ЖГ seriyalı 381239 nömrəli şəhadətnamədən görünür ki, X10 ilə X2 nikahı xx.xx.1999-cu ildə bağlanmışdır. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Azərbaycan Təhsil İşçiləri X9 Sumqayıt şəhər komitəsi tərəfindən təsdiq edilmiş 530a nömrəli bağçının üzvlük kitabçasından görünür ki, X1 Cəmiyyəti üzvlərinin xx.xx.2008-ci il tarixli 36 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 530a nömrəli bağ sahəsi Sumqayıt şəhər XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daim istifadə etmək üçün verilmişdir. Ölüm haqqında AZ-İ seriyalı 367203 nömrəli şəhadətnamədən görünür ki, X10 xx.xx.2009cu ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən (№ **********) görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, mərhum X4 adına, xx.xx.2023-cü il tarixdə, V-57 reyestr nömrəsi ilə qeydiyyatı aparılaraq vərəsəlik işi açılmış və Ərizəçi müraciəti araşdırılarkən onun miras əmlakın qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməməsi müəyyən olunmuş, bu səbəbdən adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinin: xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Maarif” B/Y 530a nömrəli bağ sahəsi X4 adına qeydiyyatdan keçməmiş, idarəyə təqdim olunmuş adlı siyahıda 530a nömrə ilə başqa vətəndaşın adı qeyd olunmuşdur. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi “Maarif” B/Y 530a nömrəli bağ torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, “Maarif” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ərazi idarəsinə təqdim olunmuş adlı siyahıda 530a nömrə ilə X3 adı qeyd olunmuşdur. Məktuba əlavə edilmiş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 16 nömrəli Qərarı ilə “Maarif” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin hər bir üzvünə sahəsi 600.0 kv.m. olmaqla bölgüsünün siyahısından görünür ki, 530a nömrəli bağın qarşısında X8 (60 №-li u/b) qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X8 xx.xx.2016-cı ildə ölmüşdür, “Qohumluq məlumatları” bölməsindən müəyyən edilir ki, Maraqlı şəxs4 onun uşağıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, Sumqayıt şəhər XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daim istifadə etmək üçün ərizəçinin mərhum əri X7 verilmiş Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Maarif” B/Y 530a nömrəli bağ sahəsi, eyni zamanda, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 16 nömrəli Qərarı ilə “Maarif” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin hər bir üzvünə sahəsi 600.0 kv.m. olmaqla bölgüsünün siyahısına müvafiq olaraq X5 (60 №-li u/b) verilmişdir. Miras əmlak barəsində mübahisə olduğu müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, hazırki ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir; 114.1 və 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalı və mübahisəli miras əmlakla bağlı ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması ərizəçiyə izah olunmalıdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxslər qismində cəlb edilməklə “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək uzadılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə mübahisəli miras əmlak ilə bağlı ümumi əsaslarla iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu izah olunsun. Dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul (qəbz №: **********) Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar