Məhkəmə qərarları › İş №2(006)-2556/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2556/2024

21.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2556/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə olan 02 fevral 2024-cü il tarixli, 120735 saylı saylı Əmrin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasənştat vahidinin ixtisar ediməsi əsası ilə) ləğv olunması, əvvəlki vəzifəsinə - ekologiya üzrə mütəxəssis vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardımla əlaqədar olaraq 150 manat, mediasiya xərcləri olaraq 60 manat, cəmi 210 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X12 Mühəndislər İnstitutunu bitirmiş, ali təhsilli İimançıdır. xx.xx.1978-ci ildən xx.xx.2024-cü il tarixədək (45 ildən artıq) cavabdeh təşkilatda işləmişdir. Sonralar ixtisasartırma kurslarında oxuyaraq ekoloq ixtisasına yiyələnmişdir. Uzun illərdir ki, hazırda cavabdeh olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də müxtəlif vəzifələrdə, 2015-ci ildən isə müddətsiz əmək müqaviləsi ilə ekologiya üzrə mütəxəssis vəzifəsində işləmişdir. Cavabdeh təşkilatda işlədiyi müddətdə barəsində bir dəfə də olsun intizam tənbehi tətbiq edilməmişdir, üzərinə düşən vəzifələrini vaxtında yerinə yetirmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz və əsassız olaraq tutduğu vəzifəni guya ixtisara salmış və onu tutduğu vəzifədən azad etmişdir. Halbuki, onun ştatı ixtisara salındıqdan sonra uzun müddət xəstə olduğu müddətdə (işdən çıxardanadək) işlədiyi sahəyə cavabdeh tərəfindən bir neçə nəfər işə qəbul edilmişdir. Cavabdeh “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 120735 saylı, 02 fevral 2024-cü il tarixli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştat vahidinin ləğv edilməsi) onunla olan müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin surətini xx.xx.2024-cü il tarixdə iş vaxtı qurtardıqdan sonra almışdır. Halbuki, həmin gün, yəni xx.xx.2024-cü il tarixində bütün günü iş yerində olmuş və üzərinə düşən əmək vəzifəsini yerinə yetirmişdir. Adı çəkilən əmrin verilməsi üçün əsas cavabdehin “Ştat cədvəllərin təsdiq edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 106323 nömrəli əmri ilə Cəmiyyətin ştat cədvəlinin yenidən təsdiq olunması ilə əlaqədar olaraq, bir sıra ştatların, o cümlədən ekologiya üzrə mütəxəssis ştatının (İddiaçı) ixtisara düşməsi olmuşdur. Cavabdeh tərəfindən verilmiş həmin əmri tam qanunsuz və əsasız hesab edir. Belə ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş, onun işlədiyi vəzifəyə (ekologiya üzrə mütəxəssis) ehtiyac olduğu halda, o cümlədən həmin ixtisas üzrə yeganə mütəxəssis olması, uzun illər həmin ixtisas üzrə işləməsi nəzərə alınmadan qərəzli olaraq onu işdən azad etmişlər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (ştat ixtisarı) əsasən işdən azad edilmişdir. Həmin ərəfədə o, xəstələnmişdir və işə çıxmamışdır. Lakin, xəstə olduğuna görə işə çıxmadığı müddətdə cavabdeh tərəfindən onun vəzifəsinə uyğun bir neçə ştat açılmış və işə yeni işçilər qəbul edilmişdir. Onun vəzifəsi ixtisara düşən vaxtlarda ona heç bir başqa iş təklif olunmamışdır, halbuki həmin vaxtlarda başqa boş iş yerləri (vakant) olmuşdur. Əmək qanunvericiliyinin tələblərinə əsasən bu cavabdehin vəzifəsi idi (Əmək Məcəlləsinin 71-ci maddəsi). Onunla eyni vaxtlarda 5-6 nəfərin də ştatları ixtisara düşmüşdür, lakin cavabdeh tərəfindən həmin şəxslərə müxtəlif vəzifələr təklif edilmiş və onlar işlə təmin edilmişlər. Lakin, ali təhsilli olmaqla onun ixtisası limançı olmasına baxmayaraq cavabdeh tərəfindən qərəzli olaraq ona başqa iş təklif edilməmişdir. Halbuki, həmin vaxtlarda cavabdeh təşkilatda 30-40 vakant iş yerləri olmuşdur. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 2-ci dərəcəli əlil olması da nəzərə alınmamışdır. Belə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 120735 saylı Əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin «İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmal olan zəruri şərtlər və qaydalar» adlanan 71-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixindən əmək müqaviləsi üzrə Cəmiyyətdə müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2021-ci il tarixindən etibarən Cəmiyyətin Dübəndi qəsəbəsində yerləşən Neft terminalında Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (SƏTƏM) ekologiya üzrə mütəxəssisi vəzifəsinə keçirilmişdir. "Ştat cədvəllərinin təsdiq edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 106323 nömrəli Əmrlə "ekologiya üzrə mütəxəssis” ştat vahidi ixtisar edilməsi səbəbindən iddiaçıya xx.xx.2023-cü il tarixində ştat ixtisarı barədə rəsmi xəbərdarlıq bildirişi verilmiş və Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq "Limançı” Həmkarlar İttifaqı Komitəsinin üzvü olmuş İddiaçı bu Məcəllənin 70-ci maddəsinin "b” bəndində göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün əvvəlcədən əsaslandırılmış xx.xx.2023-cü il tarixli, 13-17/2-120/2023 nömrəli təqdimatla "Limançı” Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Həmin Komitənin xx.xx.2023-cü il tarixli, HİK-02/2023 nömrəli qərarı ilə buna razılıq verilmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçı 2021-ci ildə 4 xəstəlik vərəqəsi üzrə 120 gün, 2022-ci ildə 3 xəstəlik vərəqəsi üzrə 25 gün olmaqla ümumilikdə iki il ərzində 7 dəfə xəstəlik vərəqəsi təqdim etməklə 145 gün işdə olmamışdır. 2023-cü ilin yanvar ayında isə əmək qabiliyyətli olmamasını xəstəlik vərəqəsi əsasında iş yerinə bildirməklə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək işə çıxmamışdır. Ştat ixtisarı barədə 2023-cü ilin 3 fevralında rəsmi xəbərdarlığa dair bildirişlə tanış olduqdan sonra isə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xəstəlik vərəqəsi təqdim etməklə yenidən işə davamiyyətsizlik göstərmişdir. Eyni zamanda, yenidən 2023-cü ilin mart ayının 29-dan 2023-cü ilin 11 dekabr tarixinə qədər "Seymur-M” MMC-yə məxsus "General Hospital” tərəfindən verilən xəstəlik vərəqələri əsasında Cəmiyyətlə birbaşa danışıq, əlaqə, təmas yaratmadan işə çıxmamışdır. Beləliklə, 2023-cü il ərzində 281 gün işdə olmamışdır. İddiaçı 2023-cü il 12 dekabr tarixindən 2024-cü il 10 yanvar tarixinədək işdə olduqdan sonra yenidən 2024-cü ilin 11 yanvar tarixindən 2024-cü ilin 29 yanvar tarixinədək xəstəlik vərəqəsi təqdim etməklə işə çıxmamışdır. Yalnız bundan sonra ştat ixtisarı barədə rəsmi bildirişin təqdim edildiyi tarixdən etibarən iddiaçının işdə olduğu günlər hesablanaraq Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işçinin iş stajına uyğun olaraq 9 təqvim həftəsini əhatə edən xəbərdarlıq müddəti gözlənilməklə iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "b” bəndi əsası ilə xx.xx.2024-cü il tarixli, 120735 saylı Əmrlə xitam verilmişdir. Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün iddiaçıya şərait yaradılmışdır. Eyni zamanda Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən "Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 120735 nömrəli əmrin surəti, əmək kitabçası və son haqq-hesabla (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işdənçıxarma müavinəti) bağlı müvafiq sənədlər xx.xx.2024cü il tarixində son iş günündə iddiaçıya təhvil verilmiş və iddiaçı müvafiq sənədləri təhvil almasına dair aktı öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd olunduğu kimi, təqdim edilən xəstəlik vərəqələri əsasında İddiaçı son 3 il ərzində 445 gün işdə olmamasını nəzərə alaraq, təqdim etdiyi xəstəlik vərəqələrinin mövcud formal əsasının həqiqətə uyğunluğunun araşdırılması, qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 09 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın tələbinə uyğun şəkildə əsaslı olaraq tərtib olunub-olunmamasına münasibət bildirilməsi üçün xx.xx.2023-cü il tarixində 13-17/2-1064/2023 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Səhiyyə Nazirliyi) Cəmiyyətin rəhbərliyi adından müraciət olunmuşdur. Lakin təəssüf ki, Səhiyyə Nazirliyindən müraciətlə bağlı heç bir cavab daxil olmamışdır. Buna baxmayaraq, Səhiyyə Nazirliyinə müraciətin ardından "Seymur-M” MMC-yə məxsus "General Hospital” tərəfindən xx.xx.2023-cü il tarixindən xəstəlik vərəqələrinin verilməsi dayandırılmışdır. Bir müddət işə çıxdıqdan sonra İddiaçı M.Ə.Əfəndiyev adına X15 tərəfindən verilən xəstəlik vərəqələri əsasında yenidən işə çıxmamışdır (2024-cü ilin 11 yanvar tarixindən 2024- cü ilin 29 yanvar tarixinədək). Göstərilənlər xarakterizə edici hal kimi iddiaçının işə laqeyd münasibətini, formal əsaslar taparaq davamlı işə gəlməmək niyyətini təsdiq edir. Məlumat üçün Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlə bağlı X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-5/2-10978/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-5/2- 15083/2023 nömrəli məktublarına Cəmiyyətdə baxılmış və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə müvafiq olaraq xx.xx.2023-cü il tarixli 13-17/2-401/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 13-17/2-548/2023 nömrəli məktublarla cavab verilmişdir. Hesab etmişlər ki, təqdim edilmiş məlumat və sənədlərin qanunvericiliyə uyğun olması səbəbindən X7 Xidməti tərəfindən bundan sonra hər hansı əlavə məlumat, sənədlər tələb olunmamış və araşdırma həyata keçirilməmişdir. İddia ərizəsində İddiaçı Cəmiyyətdə işlədiyi müddətdə barəsində bir dəfə də olsun intizam tənbehi tətbiq edilməməsinə dair qeyd olunan mülahizəsi həqiqətə uyğun deyildir. Belə ki, onun barəsində xx.xx.1982-ci il tarixində 414/L nömrəli, xx.xx.1982 tarixində 2134/L nömrəli, xx.xx.1981-ci il tarixində 501/L nömrəli, xx.xx.1982-ci il tarixində 777/i nömrəli əmrlərlə yol verdiyi nöqsanlar səbəbindən intizam tənbehi tətbiq olunmuşdur. İddiaçı iddia ərizəsində işlədiyi müddətdə Cəmiyyətin SƏTƏM departamentində ekologiya üzrə yeganə mütəxəssis olduğunu qeyd etməsi də tamamilə əsassızdır. Belə ki, SƏTƏM departamentində ştatı ixtisar olunandan əvvəl eyni vəzifəni tutmuş, hazırda SƏTƏM departamentinin mütəxəssisi vəzifəsində çalışan digər işçi, xx.xx.1992-ci il təvəllüdlü X9 bakalavr təhsili üzrə Bakı Dövlət Universitetinin Ekologiya ixtisası üzrə məzunu, magistr təhsili üzrə isə Qafqaz Universitetinin Ekologiya mühəndisliyi üzrə məzunudur. Eyni zamanda xx.xx.2021-ci il tarixində "Azərsu” ASC-nin "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu üzrə 2020-ci tədris ili üçün doktoranturaya keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən "Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisası üzrə institutun fəlsəfə doktoru proqramı üzrə doktoranturasına (qiyabi) qəbul edilmişdir. Həmçinin xx.xx.2019-cü il tarixindən etibarən Bakı Mühəndislik Universitetində radioekologiya, mədən ekologiyası və təbiət mühəndisliyi üzrə əvəzedici müəllim kimi akademik fəaliyyətlə məşğuldur. Bununla da, iddiaçının ərizəsində irəli sürdüyü bu mülahizəsinin də doğru olmadığı təsdiqedici sənədlər əsasında diqqətə çatdırılır. Həmçinin iddiaçının xəstə olduğuna görə işə çıxmadığı müddətdə ekologiya üzrə mütəxəssis vəzifəsinə uyğun digər ştat vahidlərinin yaradıldığı və yeni işçilərin işə qəbul olunduğu iddiası da əsassız hesab etmişdir. Belə ki, həmin müddət ərzində SƏTƏM departamentində "mütəxəssis” vəzifəsi üzrə 1 yeni ştat vahidi yaradılmış və ştatı ixtisar edilmiş, ixtisası və peşəkarlıq səviyyəsi İddiaçı münasibətdə daha yüksək olan X6 həmin vəzifə üzrə işə keçirilməsi təklif olunaraq razılıq əsasında həmin vəzifəyə keçirilmişdir. İddiaçının ərizəsində ştat ixtisarı zamanı ona başqa iş təklif olunmasının Məcəllənin 71-ci maddəsinə əsasən Cəmiyyətin vəzifəsi olduğunu göstərməsi onu deməyə əsas verir ki, ərizənin müvafiq abzaslarında 71-ci maddənin 2008-ci il 16 may tarixinə qədər qüvvədə olan əvvəlki redaksiyasına istinad edilmişdir. Qeyd etmişdir ki, cari qanunvericilikdə işəgötürənin belə bir vəzifəsi nəzərdə tutulmamışdır. Məcəllənin 71-ci maddəsinin birinci hissəsinin hazırkı redaksiyasında qeyd olunur: "İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.” Belə ki, iddiaçının ştat vahidinin ixtisarı barədə qabaqcadan həmkarlar ittifaqı təşkilatından müvafiq razılığın alınması, ştat ixtisarı barədə rəsmi bildiriş təqdim olunması, eyni zamanda Məcəllənin 78-ci maddəsinin tələbləri üzrə peşə keyfiyyətləri qiymətləndirilərkən işdə saxlanmasına üstünlük verilməsi üçün hər hansı əsasın olmadığı nəzərə alınsa, cavabdehin Məcəllənin 71-ci maddəsinin birinci hissəsində qeyd olunan "Məcəllə ilə müəyyən olunmuş tədbirlər görmək vəzifəsini” tam icra edilmiş hesab edilməlidir. İddiaçının əlillik meyarının nəzərə alınmaması ilə əlaqədar dəlilinə dair isə qeyd edilməlidir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlillik qrupu (ürək qüsurları) təyin edilsə də, əlillik səbəbi kimi ümumi xəstəlik qeyd olunmaqla, diaqnoz stenokardiya, ÜİX, digər ürək xəstəlikləri ilə bağlı təsbit edilmişdir ki, bu da Məcəllənin 78-ci və 79-cu maddələrinə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24.1-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı zamanı işdə saxlanmasına üstünlük verilən və ya əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən konkret əsas kimi, əlilliyin həmin müəssisədə məhz peşə xəstəliyinin nəticəsində yaranması halını istisna edir. Bununla əlaqədar vurğulamaq istəmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən iddiaçının əlilliyi peşə xəstəliyi səbəbinə əsasən (1.5.1.3) deyil, ümumi xəstəlik səbəbi (1.5.1.1) üzrə təsnifləşdirilmişdir ki, bu da yuxarıdakı əsaslandırmanı bir daha təsdiq edir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda hər hansı ümumi xəstəlik adı ilə ürək qüsuru (xəstəliyi) nəzərdə tutulmamışdır. Onu da əlavə etmişdir ki, Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən ixtisar prosesində ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması ilə bağlı tələb İddiaçı münasibətdə şamil edilməməlidir bu əsasla ki, o, əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmişdir. Eyni zamanda İddiaçı yuxarıda qeyd edildiyi kimi son 3 ildə ümumilikdə 445 gün işdə olmamaqla əmək funksiyalarının icrasına etinasızlığı onun peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biri kimi nəzərə alınmışdır. Həmçinin eyni vəzifə üzrə digər işçi X4 peşə keyfiyyətləri meyarı üzrə iddiaçı ilə müqayisəsinin qiymətləndirilməsi zamanı ekologiya üzrə həm bakalavr, həm də magistr ali təhsil dərəcələrinə malik olması, hal-hazırda isə "Azərsu” ASC-nin "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda "Ətraf mühitin texnologiyası və mühəndisliyi” ixtisası üzrə institutun fəlsəfə doktoru proqramı üzrə doktorantura (qiyabi) pilləsində təhsil alması faktları əsas götürülərək X9 işdə saxlanılmışdır. Məcəllənin 78-ci maddəsinin ikinci hissəsində isə peşə xəstəliyi üzrə əlilliyi müəyyən olunmuş işçinin digər işçilərlə eyni peşəkarlıq səviyyəsinə malik olduğu halda işdə saxlanmasına üstünlük verilməsi müəyyən edildiyindən, iddiaçının peşə xəstəliyi üzrə əlilliyi olsa idi belə, onun peşə keyfiyyətləri ona işdə saxlanmaqda üstünlük hüququnun tanınmasına imkan verməyəcəkdir. Beləliklə də, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar hüquqi əsaslara söykənmədiyindən hesab etmişdir ki, iddiası əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və etiraza uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı adına xx.xx.1978-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli əmr№120735-dən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (Cəmiyyət) "Ştat cədvəllərin təsdiq edilməsi barədə" xx.xx.2023-cü il tarixli 106323 nömrəli əmri ilə Cəmiyyətin ştat cədvəlinin yenidən təsdiq olunması ilə əlaqədar, bir sıra ştatların o cümlədən ekologiya üzrə mütəxəssis ştatının ixtisar olunduğunu, həmin ştat üzrə vəzifəni tutmuş İddiaçı (İddiaçı) uzun müddət əmək qabiliyyətini itirdikdən sonra xx.xx.2024-cü il tarixindən işə çıxdığını nəzərə alaraq, İddiaçı ilə Cəmiyyət arasında bağlanılmış müvafiq əmək müqaviləsinə aşağıdakı məlumatlar nəzərə alınmaqla xitam verilməsi, əmək müqaviləsinin ləğv edilməsinin əsası: stat vahidinin ləğv edilməsi, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi: 70-ci maddənin b) bəndi göstərilmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixdə “Ştat cədvəllərinin təsdiq edilməsi barədə” əmr verilmişdir. İş materiallarında olan "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsi yığıncağının №02/2023 protokoldan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limam'’ QSC işçilərinin “Limançı” həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq Cəmiyyətin təqdimatında göstərilən "Limançı" həmkarlar ittifaqının üzvü olan ştatları ixtisar edilmiş Səbuhi Hüseynovun, Ceyhun Babayevin, Şəhriyar Oruclunun, Turqut Hüseynovun, İlkin Şirinovun, Kamran Yaqubovun, Vaqif Həsənovun, İddiaçı, Zülfiyyə Əsədovanın, Şəfa Bəyalıyevin, Zahir Musayevin, İslam Hüseynovun, Seyran Xalıqovun, Ədalət Yusifovun, Sənubər Məmmədlinin, Nurəddin Şahbazovun, Vilayət İsmayılovun bu Məcəllənin 70-ci maddəsinin “b)” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçı ünvanlanmış Ştat vahidinin ləğv edilməsi haqqında bildirişdə göstərilmişdir ki, SƏTƏM departamentində “Ekologiya mütəxəssis" ştat vahidinin ixtisar edilməsi ilə bağlı 2023-cü il 26 yanvar tarixli 106323 nömrəli “Ştat cədvəllərin təsdiq edilməsi barədə əmrə əsasən onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (ştatın ixtisar edilməsi) bəndinə əsasən xitam veriləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti (doqquz təqvim həftəsi) ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Eyni zamanda həmin məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq emək haqqının 2 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarında olan xx.xx.1981-ci il tarixli əmrdən görünür ki, İddiaçıa öz vəzifəsinin icrasına etinasız yanaşdığına görə töhmət verilmiş, xx.xx.1982-ci il tarixli əmrlə eyni səbəblərdən aşağı vəzifəyə keçirilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirməklə müəyyən etdi ki, işəgötürənin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı SƏTƏM departamentində “Ekologiya mütəxəssis" ştat vahidinin ixtisar edilməsi ilə bağlı 2023-cü il 26 yanvar tarixli 106323 nömrəli “Ştat cədvəllərin təsdiq edilməsi barədə əmrə əsasən onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (ştatın ixtisar edilməsi) bəndinə əsasən xitam veriləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti (doqquz təqvim həftəsi) ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün azı bir iş günü əmək funksiyasının icrasından azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsi həmçinin X2 edilən təminatların həll edilməsi, o cümlədən əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmələri təmin edilməsini, xüsusilə ştatı ixtisar edilmiş, SƏTƏM departamentində ekologiya üzrə mütəxəssis xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlillik qrupu (ürək qüsurları) təyin edilsə də, əlillik səbəbi kimi ümumi xəstəlik qeyd olunmaqla, diaqnoz stenokardiya, ÜİX, digər ürək xəstəlikləri ilə bağlı təsbit edilməsi, bunun da Məcəllənin 78ci və 79-cu maddələrinə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24.1-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı zamanı işdə saxlanmasına üstünlük verilən və ya əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən konkret əsas kimi, əlilliyin həmin müəssisədə məhz peşə xəstəliyinin nəticəsində yaranması halını istisna etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. İddiaçı iddia tələbində göstərilənlərin, o cümlədən onunla bağlı verilmiş əmrin ona qarşı qərəzli münasibət ilə əsaslandırmağa çalışmışdır. Bu halların sübutetmə yükü iddiaçının üzərində olmaqla öz təsdiqini tapmamışdır. Eyni zamanda İddiaçı cavabdeh tərəfindən verilmiş əmrin qanunsuz və əsassız olması iddiasını təşkil edən dəlillərin əsasında həmin ixtisas üzrə yeganə mütəxəssis olması və ona alternativ vəzifənin təklif olunmaması durmuşdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsi yığıncağının №02/2023 protokoldan xx.xx.2023-cü il tarixli çıxarışda həmçinin göstərilmişdir ki, Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən ixtisar prosesində ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması ilə bağlı tələb İddiaçı münasibətdə şamil edilməməlidir bu əsasla ki, o, əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmişdir. Eyni zamanda son iki il ərzində 7 dəfə xəstəlik vərəqəsi təqdim etməklə 145 gün, o cümlədən 2021-ci ildə 4 xəstəlik vərəqəsi üzrə 120 gün, 2022-ci ildə 3 xəstəlik vərəqəsi üzrə 25 gün işdə olmamışdır. 2023cü ilin yanvar-fevral aylarında isə artıq 2 dəfə əmək qabiliyyətli olmamasını iş yerinə bildirməklə, ştat ixtisarı barədə 2023-cü ilin 3 fevralında rəsmi xəbərdarlığa dair bildirişlə tanış olduqdan sonra, 2023-cü ilin fevral ayının 6-dan 28 yanvar 2024-cü il tarixə qədər işə çıxmamışdır. Qeyd olunmalıdır ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda göstərilənlərə uyğun olaraq iş materialları ilə müəyyən edilmişdir ki, ştatların ixtisarı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq göndərilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli, 120735 saylı əmrin ləğvi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin “hüquqi yardımla əlaqədar olaraq 150 manat, mediasiya xərcləri olaraq 60 manat, cəmi 210 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin əsas hissəsi təmin edilmədiyindən iddia tələbi verilərkən iddiaçı tərəfindən çəkilən məsrəflər özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar