Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2561/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 1(105)-288/2019 saylı hökmünə əsasən barəsində bəraət hökmü çıxdığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə isə 150.000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Səbuhi Sabir oğlunun sədrliyi ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə təqsirli bilinmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə 7 il, 221-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə, 7 ay isə ev dustaqlığı cəzasına qanunsuz olaraq məhkum edilmişdir. 06.06.2018-ci il tarixdə Xaçmaz rayon ibtibai istintaq orqanı tərəfindən barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 03.07.2018-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. İstintaqın və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə o, ittiham olunurdu ondan ötrü ki, guya o, Xaçmaz şəhər sakini X6 etibarından sui-istifadə edib əmlaklarını ələ keçirmək məqsədi ilə, 12 sentyabr 2017-ci il tarixə kimi ona Latviya Respublikasından iri tutumlu avtomobil gətirəcəyinə vəd verərək, aldadaraq, 28 avqust 2017-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri Sülh küçəsi Cavid Ticarət Mərkəzi ilə Qalatasaray Ticarət Mərkəzi arasındakı ərazidə X7 vasitəsi ilə ondan 25.000 avro, ödəniş günündə Azərbaycan valyutasına ekvivalent nisbəti 50.690 manat məbləğində pulu ələ keçirib X1 miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilirdi. Bundan başqa, 04 dekabr 2017-ci il tarixdə 13 radələrində Xaçmaz şəhəri Nəsimi küçəsində yerləşən Xaçmaz rayon Məhkəməsinin inzibati binasının qarşısında pul borcuna görə məhkəmə çəkişməsi ilə bağlı X10 ilə aralarında yaranmış mübahisə zamanı kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında, bərqərar olmuş birgə yaşayış qaydalarına saymamazlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə açıqca hörmətsizlik etmişdir və nalayiq söyüşlər söymüşdür, digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşahidə olunan qərəzli hərəkətlər edərək yumruqla Əziz Əzizovu vurub ona sol tərəf sifətindən qançır və boynunun arxa hissəsindən sıyrıq kimi sağlamlığa zərər vurmaqla xuliqanlıq etmişdir. İstintaqın gəldiyi nəticəyə görə, bu hərəkətləri ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və müdafiəçisinin apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 1(105)-288/2019 saylı hökmü ilə ona bəraət verilərək, dərhal, yəni 30 avqust 2019-cu il tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcə hüquqşünas Əsədov Teymur tərəfindən kassasiya protesti verilərək, X12 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 1(105)-288/2019 saylı hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2020-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş və ona bəraət verilməsi barədə hökm qüvvədə qalmışdır. Yuxarıda qeyd etdiyi kimi, o, qanunsuz olaraq Xaçmaz rayon Məhkəməsinin qərarı ilə qətimkan tədbiri seçilməklə 03.06.2018-ci il tarixdən 06.07.2018-ci il tarixədək 1 ay, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 04.01.2019-cu il tarixdən 30.08.2019-cu il tarixədək 7 ay, cəmi 8 ay azadlıqdan məhrum edilmişdir, bir müddət isə ev dustaqlığı şəraitində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, onun 2016-cı ildən Latviyanın şəhərində olan bir şirkətlə əmək müqaviləsi var. Həmin şirkəti Azərbaycan Respublikasında təmsil edirdi, rəsmi nümayəndə kimi fəaliyyət göstərirdi. Əmək müqaviləsində göstərildiyi kimi, hər ay 1.500 avro əmək haqqı alırdı. Lakin barəsində cinayət işi açıldıqdan sonra ölkədən giriş-çıxışına məhdudiyyətlər qoyulmuşdur, 2 il Xaçmaz-Bakı yollarında əziyyət çəkmişdir, heç bir şirkətlə müqavilə bağlaya bilməmişdir, hər kəs onu dələduz kimi tanımış, bütün həyatı tar-mar olmuşdur. Bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab - onun azadlığı əlindən alınmışdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı bir anlayış yoxdur. Hüquq-mühafizə orqanlarının təqsiri üzündən o, azadlığını uzun müddət itirmişdir. Azərbaycan dövlət olaraq, normal ədalət mühakiməsi yaratmalı olduğu halda, bunu etməmişdir. Təhqiqat və istintaq orqanlarının, prokurorluğun və məhkəmənin yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. O, bütün ömrü boyu vicdanla yaşamışdır və fəaliyyət göstərmişdir. Ətrafında olanlar və onu tanıyanlar, qohumları onu vicdanlı bir şəxs kimi tanımışlar. Onun barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi, ittihamedici hökm qəbul edilməsi, cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Cəmiyyətdə hamı onu cinayətkar kimi qəbul etmişdir. Azyaşlı qız övladı və ailəsi ona görə çox sarsıntı keçirmişlər. Əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu cinayət damğası altında yaşayacaq. Ona vurulan mənfi sarsıntılardan biri də səhv etmiş hüquq-mühafizə əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kimin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənfi sarsıntılarını heç bir pulla ödəmək mümkün deyil. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları 150.000 manat həcmində dəyərləndirir. 9 aydan artıq həbsdə qalması ilə əlaqədar 100.000 manat real qazancı əldən çıxmış və ailəsinə, azyaşlı uşağına və anasına heç bir maddi yardım göstərə bilməmişdir. Ailəsini, azyaşlı övladını həbsdə olduğu müddət ərzində qohum-əqraba saxlamışdır. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazdan görünür ki, iddiaçı iddia ərizəsində maddi ziyana görə 100.000 manat və mənəvi ziyana görə isə 150.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət etiraz ərizəsinə əlavə olunur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyan vurulması ilə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir. Eyni zamanda, iddiaçı mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Bundan başqa, iddiaçı maddi zərərlə bağlı kompensasiya tələb etmişdir. Bununla bağlı bildirir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək mübahisəsi işçi və işəgötürən arasında tənzimlənməlidir. Eyni zamanda bildirir ki, iddiaçının əmək müqaviləsinə nə zaman və hansı əsasla xitam verilməsinin səbəbi araşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinə etirazlarını bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.04.2019-cu il tarixli 1(101)-291/2019 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar tam toplanılmaqla qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 04 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı və müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2019-cu tarixli hökmü ləğv edilmiş, iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 221.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, barəsində olan həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında həbsdən azad edilmiş, həmçinin mülki iddia üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 04 mart 2020-ci il tarixli 1(102)-278/2020 saylı qərarından görünür ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. - 02.01.2016-cı il tarixli «VUGARO İR VALDO TRANSPORTAS» firması ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin tərcüməsi notarial qaydada həyata keçirilmiş surətindən görünür ki, sonuncu əmək öhdəliklərini yerinə yetirilməsi üçün broker menecer vəzifəsinə işə qəbul olunur. Müqavilə 5 il müddətinə bağlanır. - Litva Respublikasının «VUGARO İR VALDO TRANSPORTAS» firmasının müqavilənin ləğvi barədə 10.06.2018-ci il tarixli bildirişinin tərcüməsi notarial qaydada həyata keçirilmiş surətindən görünür ki, İddiaçı bildirilir ki, o, 04.06.2018-ci il tarixdə işə çıxmamış, bu səbəbdən də üzürlü səbəb olmadan işə tam və ya növbəli işə çıxmamaq haqqında Əmək Məcəlləsinin 58(3)-cü maddəsinə əsasən onunla 02.01.2016-cı ildə bağlanmış əmək müqaviləsi 20.06.2018-ci ildən dayandırılmışdır. Məhkəmə iddiaçının iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya bir-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum), və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiyanın hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə həmçinin iddia tələbləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafıq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.» Azadlıq hüququnun müqavilə öhdəliyi kimi ifadəsini tapdığı ilk sənəd «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasıdır. Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsi müəyyən edir ki: «hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.» Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının Azərbaycan Respublikası CM-nin 178.2.3 və 221.1-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində ittiham olunaraq 03.06.2018-ci il tarixdən 06.07.2018-ci il tarixədək 1 ay 3 gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 04.01.2019-cu il tarixdən 30.08.2019-cu il tarixədək 7 ay 26 gün, cəmi təxminən 9 ay azadlıq hüquqlarının məhdudlaşdırılmasını və buna görə də həmin maddələr ilə təqsirli bilinib azadlıqdan məhrum edilməsini ona münasibətdə yuxarıda qeyd olunan normaların tələblərinin və onun azadlıq hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə mənəvi ziyanın ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin: - 56.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. - 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. - 58.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. - 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. - 61.2-ci maddəsinə görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. - 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. 18 fevral 1999-cu ildən qüvvədə olan «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edilkdə yaranır. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər,vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının: - 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. - 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. - 151-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Beləliklə, Konstitusiya və referendum yolu ilə qəbul olunmuş qanunlar istisna olmaqla digər normativ hüquqi aktlar üzərində beynəlxalq hüququn primatlığı müəyyənləşdirilmişdir. Beynəlxalq müqavilələrin dövlətin hüquq sisteminin tərkib hissəsi elan edilməsi dövlət tərəfindən onların təkcə beynəlxalq hüququn mənbəyi kimi deyil, həm də dövlətdaxili hüququn mənbəyi kimi tanınması, milli hüquq norması kimi qəbul olunmasına dəlalət edir. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafıq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır. Beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının milli qanunvericiliyində yerinin müəyyən edilməsində mühüm əhəmiyyəti olan konstitusiya normalarından biri də Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsində ifadəsini tapmış «bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir» müddəasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmək, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Məhkəmə həmçinin qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi həmçinin bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 9 və 10-cu maddələrinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafıq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 5 saylı qərarında göstərilir ki, «məhkəmələr mənəvi, fiziki yə əmlak zərərinə dair məsələləri həll edərkən aşağıdakıları nəzərə almalıdırlar: Mənəvi zərər dedikdə, şəxsin şərəf və ləyaqətinin alçaldılması, ona mənəvi sarsıntı yetirilməsi başa düşülməlidir. Fiziki zərər dedikdə, şəxsin həyatına, səhhətinə, digər bədən toxunulmazlığına vurulmuş zərər başa düşülməlidir. Əmlak zərəri dedikdə, pul vahidi ilə ifadə olunan maddi ziyanın vurulması başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfı təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad edilmişdir: Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Avropa İnsan hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanm 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1-ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanm 41ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan və məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cti maddəiərənin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsııs olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mülki qanunvericiliyin tələblərinə görə hər hansı şəxsə zərər vurmuş şəxs ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-10962-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar qanunsuz və əsassız olaraq müəyyən müddət həbsdə olması ilə əlaqədar ona mənəvi ziyan dəymişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən iddiaçının Xaçmaz rayon Məhkəməsinin qərarı ilə qətimkan tədbiri seçilməklə 06.07.2018-ci il tarixədək 1 ay 3 gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 04.01.2019-cu il tarixdən 30.08.2019-cu il tarixədək 7 ay 26 gün, cəmi təxminən 9 ay azadlıqdan əsassız olaraq məhrum edilməsini nəzərə alır. Məhkəmə hesab edir ki, iddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində ona mənəvi ziyan vurulmuşdur. Məhkəmə qanunvericiliyin qeyd olunan müvafiq tələblərinə görə fiziki zərəri, mənəvi zərər hesab edərək ona dəymiş mənəvi (fiziki zərəri) zərəri aşağıdakı qaydada həll edilməsini məqsədə müvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Belə ki, məhkəmə mənəvi ziyanın iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək iddianın bu hissəsini qismən, yəni, 10000 (on min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının yuxarıda göstərilən müddətdə həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Azərbaycan Respublikasının CPM-nin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində maddi ziyan çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia maddi ziyanın ödənilməsi tələbinə dair hissəsində qismən təmin edilməli və iddiaçının hüquqlarının müdafiə edilməsi üçün çəkdiyi real xərc, yəni 4.000 (dörd min) manat məbləğində maddi ziyan tutulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, iddiaçı ona hüquqi yardımın göstərilməsi, müxtəlif məhkəmə instansiyalarında onun hüquqlarının təmsil edilməsi üçün hüquqi xidmət göstərən şəxsin hesabına 4.000 manat pul köçürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən cinayət təqibi ilə əlaqədar vətəndaşa əmək haqqı və digər əmək gəlirlərinin itirilməsi ilə əlaqədar dəymiş ziyanın məbləği müəyyən edilərkən məhkum olunmanın başlanğıcından ziyanın ödənilməsi barədə qərarın qəbul edilməsinə kimi keçən vaxt ərzində minimum əmək haqqının nə qədər dəyişməsi də nəzərə alınmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafıq sübutlarını təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçının 2016-cı ildən Latviyanın Kaunas şəhərində yerləşən bir şirkətlə əmək müqaviləsi olması, əmək müqaviləsində göstərildiyi kimi, hər ay 1.500 avro əmək haqqı alması və barəsində cinayət işi açıldıqdan sonra ölkədən giriş-çıxışına məhdudiyyətlər qoyulduğu və 9 aydan artıq həbsdə qalması ilə əlaqədar 100.000 manat real qazancı əldən çıxması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan əmək müqaviləsindən və Litva Respublikasının «VUGARO İR VALDO TRANSPORTAS» firmasının müqavilənin ləğvi barədə 10.06.2018-ci il tarixli bildirişinin tərcüməsi notarial qaydada həyata keçirilmiş surətindən görünür ki, sözügedən firma tərəfindən imzaları Vüqar Musayev, başqa sözlə, iddiaçının atası imzalamışdır. Məhkəmə bir tərəfdən iddiaçının atası olduğu firmanın sənədlərinin mötəbər olmasına tənqidi yanaşır, digər tərəfdən isə qeyd edir ki, «VUGARO İR VALDO TRANSPORTAS» firmasının müavilənin ləğvi barədə 10.06.2018-ci il tarixli bildirişinin məzmunundan görünür ki, iddiaçı 20.06.2021-ci il tarixdən işdən azad edilmişdir. Başqa sözlə, 10.06.2021-ci il tarixli bildirişdə artıq onun əmək müqaviləsinin 10 gün sonradan dayandırılması qeyd edilmişdir. Bütün bu hallar məhkəməyə «VUGARO İR VALDO TRANSPORTAS» firmasının sənədlərinin tərcüməsi notarial qaydada həyata keçirilməsinə baxmayaraq mötəbər sübutlar kimi qiymətləndirilməli olmamasına kifayət qədər əsas yarardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat, maddi ziyana görə 4.000 (dörd min) manat, ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, məhkəmə qeyd edir ki, dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və dövlət maliyyəsinin idarə olunması səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04.02.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnamənin 1.1-ci bəndində qeyd olunanlara əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat, maddi ziyana görə 4.000 (dörd min) manat, ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2561/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2561/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver