Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2593/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, işə bərpa, məcburi iş buraxmağa və 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi 69 gün işlədiyi şənbə və qeyri-iş günləri ilə əlaqədar əmək haqlarının və mənəvi zərərə görə bir illik təşkil edən 17.000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə "xxxx" MMC-yə 3-cü satış şöbəsinin satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu ildə həmin cəmiyyətin Loqistika Departamentinin “daşınma işinin təşkili” şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə kimi "xxxx" MMC-də işləmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC-nin Satış Əməliyyatları Departamentinin X6 Administrator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə həmin şöbəyə Filial müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə Cəmiyyətin Kommersiya 2 Departamentinin İstehsalat şöbəsinə “İstehsalat üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə un məlumatları şöbəsinə istehsalat üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə cəmiyyətin kommersiya direktorluğunun un məlumatları satış şöbəsinə açılış və ərazilərə nəzarət mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra "xxxx" MMCdəki qaydalara və daxili xx.xx.2021-ci il tarixli əmrə əsasən Cavabdeh MMC-yə keçirilməyi ilə əlaqədar İnsan Resursları öz xahişi ilə işdən çıxmaq barədə ərizənin yazılması bildirilmiş, yazdığı ərizəsinə əsasən onunla bağlanmış əmək müaviləsinə xitam verilmiş, elə həmin gün, yəni xx.xx.2021-ci ildə Cavabdeh MMC-yə satış əməliyyatları şöbəsinə açılış və ərazilərə nəzarət mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci ildə cəmiyyətin istehsalat direktorluğu, satış və X7, satış bölməsinə açılış və ərazilərə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində daxili əmrə əsasən "xxxx" MMC-yə keçirilməyi ilə əlaqədar İnsan Resursları tərəfindən öz xahişi ilə işdən çıxmağı barədə ərizəsinin yazılması bildirilmiş, yazdığı ərizəyə əsasən Cavabdeh MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən, yəni xx.xx.2023-cü ildə "xxxx" MMC-nin Açılış və İnşaat Departamentinin Yeni Market açılışı şöbəsinin Açılış və ərazilərə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində Departamentin müdiri İsrafil Məmmədov işlədiyi ştatın ixtisara düşdüyünü və bununla əlaqədar İnsan Resurslarına öz xahişi ilə işdən çıxmaq barədə ərizəsinin verilməsini bildirdikdə uzun müddət qüsursuz işlədiyini, intizam məsuliyyətinə cəlb olunmamağını bildirdikdə aqresiv formada, vəzifə səlahiyyətini aşaraq, şərəf və ləyaqətini alçaldıcı ifadələr işlədərək əks təqdirdə ona töhmət yazdırıb, işdən qovulacağı ilə hədələndiyini nəzərə alaraq işdən çıxarılmağı barədə artıq hazırlanmış sənədləri oxumadan imzalamaq məcburiyyətində qaldı. Bu fakt “whatsapp” qrupdakı yazışmalarla da sübut olunur. Qeyd olunan hallardan göründüyü kimi cavabdeh təşkilat tərəfindən işdən çıxarılmağı barədə xəbərdar olunmamağı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılmaması, 2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi təşkil edən 69 gün şənbə və qeyri-iş günləri işdə olsa belə, həmin günlər üzrə ödəniş aparılmaması nəzərə alınmadan hədə-qorxu gələrək, iradəsi əleyhinə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmadan onunla bağlanmış əmək müqaviləsinin ləğv etməsi nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır. Belə ki, qanunsuz işdən çıxarılmağı nəticəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur, 3 nəfərdən ibarət ailəsini (özü, həyat yoldaşı və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı oğlu) yeganə qazanc yerindən məhrum olmuşdur. Bundan başqa, 1-ci nikahdan olan, qarşısında aliment öhdəliyi olan şəkərli diabetdən əziyyət çəkən azyaşlı oğlu X3 müalicəsində (səhiyyə orqanlarına müraciət, dərmanların alınması və s.) yaranacaq çətinliklərin mövcudluğu mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa, xx.xx.2023-cü ildən məcburi iş buraxmağa görə əmək haqlarının, 17.000 manat mənəvi ziyanın və 50 manat dövlət rüsumunun "xxxx" MMC-dən, “2021-ci ilin avqust ayından xx.xx.2023-cü ilə kimi işlədiyi 69 gün təşkil edən şənbə və qeyri-iş günləri ilə əlaqədar” əmək haqlarının və 50 manat dövlət rüsumunun Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(006)- 1770/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "işə bərpa və s.” tələbinə və Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1770/2023 saylı mülki iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZ-İİ № 210527 seriyalı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı və X1 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. - AZ-İV № 545761 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası İddiaçıdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2021-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, əmək haqqı 430 manat məbləğində müəyyən edilmişdir. - Nərimanov Rayon İcra Şöbəsi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3974/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı Nərimanov Rayon İcra şöbəsində aliment öhdəliyi vardır. - xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı tərəf işitrak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:Ə.Göyüşov). - Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanan 31 may 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı Abuzər oğlu arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin şərtlərindən də göründüyü kimi adı gedən əməkdaş 5 günlük iş qrafiki ilə çalışmış və onun qarşılığında tam əmək haqqı almışdır. Şənbə və bazar günləri Fuad bəy də qeyri-iş günləri olub və həmin günlərdə işə cəlb edilməsi halı olmamışdır. İddiaçı Abuzər oğlu xx.xx.2023-cü il tarixdə işdən çıxmaq barədə yazdığı ərizəyə əsasən çıxışı verilmişdir. - Cavabdeh MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 003K saylı Əmrdən çıxarışdan görünür ki, “İstehsalat Direktorluğu/Satış və X7/Satış Bölməsi” bölməsində Açılış və Ərazilərə Nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən İddiaçı Abuzər oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin a–tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixli, 003K saylı Əmrlə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsası ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı 2021-ci ilin avqust ayından 11 yanvar 2023-cü il tarixədək işlədiyi 69 gün təşkil edən şənbə və qeyri-iş günləri ilə əlaqədar ödənilməyən əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə ilk olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmçinin, məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı şənbə və qeyri-iş günlərini təşkil edən ümumilikdə 69 gün müddətində işə çıxdığını iddia etsə də, halbuki bunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan 2022-2023-cü illər üzrə hesablanmış əmək haqqı cədvəllərindən görünür ki, iddiaçının iş rejimi 5 gün olaraq nəzərdə tutulmuşdur. Bundan başqa, tərəflər arasında bağlanılmış əmək haqqı müqaviləsinin 4.20-ci maddəsinə əsasən işçinin istirahət günləri hər həftənin şənbə və bazar günləridir. Göründüyü kimi, iddiaçı ilə bağlanan əmək müqaviləsində işçinin şənbə və ya qeyriiş günlərində işə çıxması halı öz əksini tapmadığından və yaxud da iddiaçının iddia etdiyi kimi şənbə və ya qeyri-iş günləri işə çıxsa belə, bunu təsdiq edən hallar məhkəmə araşdırılması zamanı təsbit olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığına görə təmin olunmamalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni əmək haqqının tutulması hissəsində təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2593/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2593/2023
09.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver