Məhkəmə qərarları › İş №2(006)-2599/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2599/2023

27.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2599/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının 20 faizindən artıq hissəsinin akseptsiz qaydada tutulmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının 20 faizindən artıq hissəsinin akseptsiz qaydada tutulmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən aldığım əmək haqqının 20 faizdən artıq məbləğdə akseptsiz qaydada pul vəsaitini tutmaq hüququnun qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 30 avqust 2023-cü il tarixdə, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini və buna görə də işin məhkəmədə baxılması üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 26 sentyabr 2023-cü il tarixdə, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən ərizə ilə müraciət edilərək, məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsinin nəzərə alınaraq iddiaçının iddiadan imtina etməsinin qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh ASC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinin tələbinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə görə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 114.1.4, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının 20 faizindən artıq hissəsinin akseptsiz qaydada tutulmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar