Məhkəmə qərarları › İş №2(006)-2602/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2602/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2602/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı1, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 MMC-nin vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X10 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Fərmayıl oğluna, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin X9 Dövlət Qeydiyyatı İdarəsinə qarşı “ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Fərmayıl oğluna, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın qərarı, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş xx xxxxxxx 2019cu il tarixli nizamnaməsi qanunsuz olduğundan ləğv edilməsi və Cavabdeh1 MMC-nin reyestr məlumatlarını xx.xx.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın qərarları, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş xx xxxxxxx 2019-cu il tarixli nizamnaməsi və 4-cü redaksiyada verilmiş nizamnaməsinin ləğv edilməsini və Cavabdeh1 MMC-nin və onun reyestr məlumatları xx.xx.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 55 olan Cavabdeh1 MMC xx.xx.2017-ci ildə 100 faizlik payla X8 tərəfindən təsis edilmişdir. xx.xx.2018-ci il tarixdə X8 təsis etdiyi hüquqi şəxsdəki payının 40 %-ni Cavabdeh2, 15%-ni İddiaçı2, 10%-ni Cavabdeh3, 15%-ni Cavabdeh4, 10%-ni İddiaçı1 oğlu, 10%-ni Cavabdeh5 əldə etmişdir. Cavabdeh1 MMC-də tikinti şirkətidir və Zərifə Əliyeva küçəsi 59 və Üzeyir Hacıbəyov küçəsi 66-da yerləşən istifadə müddəti bitmiş (qəzalı) vəziyyətdə olan hər iki binanın sökülməsi, həmin ərazidə yeni binaların tikilib, sakinlərin yerləşdirilməsi şirkətə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 MMC fəaliyyətə başlayaraq, qeyd edilən ünvanlardakı binaları sökmüş və eyni zamanda tikilməkdə olan binalardan satışları həyata keçirmişdir. Eyni tikilən binadan yaşayış və qeyri-yaşayış sahələrinin əksər hissəsi satılmış və bununla da Cavabdeh1 MMC külli miqdarda mənfəət əldə etmişdir. Şirkətin gəlirlərini görən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 digər iki təsisçi olaraq bizi kənarlaşdırmaq məqsədi ilə onlardan xəbərsiz və ya bizim iştirakımızı təmin etmədən ümumi yığıncaq keçirərək, zərurət olmadığı halda şirkətin nizamnamə kapitalını ******* (üç milyon yeddi yüz qırx min) manat artırmışlar. Beləliklə şirkətin nizamnamə kapitalı ******* (üç milyon yeddi yüz qırx min iyirmi) manat olmuşdur. Bundan yalnız Vergilər Nazirliyinin elektron sisteminə baxan zaman məlumatı olmuş, bununla əlaqədar dərhal Milli Gəlirlər Baş İdarəsinə sorğu verilmiş və reyestr sənədlərinin təsdiq edilmiş surətləri istənildi. Həmin sənədləri araşdıran zaman direktor Cavabdeh3 İddiaçı1 bildirişi qəsdən səhv ünvana göndərdiyini müəyyənləşdirmişdir. Həmçinin direktor Cavabdeh3 təsisçi olan İddiaçı1 xx.xx.2019-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası ərazisində olmadığı barədə məlumatı olsa da, o ümumi yığıncağın tarixini həmin zaman aralığına qəsdən salmışdır. Bunu etməkdə məqsədi təsisçinin ümumi yığıncağın iclasında iştirak etməsinin qarşısını almaq olmuşdur. Digər təsisçi olan İddiaçı2 isə bildiriş göndərilmiş, ümumi yığıncağın keçirələciyi yerə gedən zaman isə orada heç kimin olmadığını görmüşdür. Direktorla əlaqə saxlayıb yığıncağın harada olmasını soruşduqda isə Cavabdeh3 iclasın təxirə salındığını və ya baş tutmadığını bildirmişdir. Hal-hazırda da şirkətin direktoru və digər təsisçilər ələxsus Cavabdeh2 İddiaçı1 və İddiaçı2 şirkətdən kənarlaşdırmaq üçün hər cür vasitələrə əl atmağa davam edirlər. Həmçinin, şirkətin direktoru və əlbir olan təsisçilər şirkətin nizamnaməsini qanunsuz şəkildə dəyişdirmişlər. Belə ki, xx xxxxxxx 2019-cu il tarixli 3-cü redaksiyada verilmiş nizamnamə onların iştirakıları olmadan tərtib edilmiş, Vergilər Nazirliyini aldatmaqla qeydiyyatdan keçirilmişdir. Belə ki, nizamnamənin sturukturu və quruluşunun dəyişdirilməsindən əlavə, nizamnamənin məzmununda əsaslı şəkildə dəyişdirilmişdir. Belə ki, 3-cü redaksiyada verilmiş 4.2-ci bəndində qeyd edilir ki, cəmiyyətin icra orqanın təyin və azad edilməsi təsisçi Cavabdeh3 razılığı ilə həyata keçirilməlidir. Göründüyü kimi şirkətin fəaliyyətini bir şəxsin səlahiyyətindən asılı vəziyyətə gətirilmişdir. Onu da qeyd edir ki, ümumi yığıncağın iclasları barədə bildirişlər iclasın keçirilməsinə 1-2 gün qalmış təsisçilərə göndərilmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin vəkili Vəkil2 iddia tələbini qəbul etməyək, iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X13 izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizsisi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağı qərarı, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş xx xxxxxxx 2019-cu il tarixli nizamnaməsi qanunsuz olduğundan ləğv edilməsi və Cavabdeh1 MMC-nin reyest məlumatlarını xx.xx.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə qətnamə çaxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçıların iddia tələbi əsassızdır və qanunvericiliyə zidd olduğu üçün rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, şirkətin direktoru və əlbir olan təsisçilər şirkətin nizamnaməsini qanunsuz şəkildə dəyişdirərək xx xxxxxxx 2019-cu il tarixli 3-cü redaksiyada verilmiş nizamnaməni iddiaçıların iştirakı olmadan tərtib etmişdir. Göstərilənlər ilə əlaqədar olaraq bildirilməsini zəruri hesab edirik ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi hüquqi şəxslərin dövlət reyestrini həyata keçirən inzibati orqandır. Həmin inzibati orqanın səlahiyyətləri Dövlət Vergi Xidmətinin əsasnaməsi ilə tənzimlənir. Həmçinin təqdim edilmiş sənədlərin qanunauyğunluğu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə uyğun olaraq yoxlanılır və bundan sonra reyestrdə müvafiq dəyişiklik edilir. Odur ki, təqdim edilmiş sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq yoxlanılmış və dövlət reyestrində müvafiq dəyişikliklər həyata keçirilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, iştirakçıların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçılarının iştirakı prinsipinə əsasən həyata keçirilir (Mülki Məcəllə 91.1-4-cü maddə). Cəmiyyət öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Ümumi yığıncağın iclası Mülki Məcəllənin 91.1-4-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıların iştirakı ilə baş tutduğundan səlahiyyətli hesab edilir. Bundan əlavə iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.5-ci maddəsinə əsaslanılaraq nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılmasının qaydalarına toxunulması ilə əlaqədar bildiririk ki, cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin əmlakı hesabına deyil, mövcud təsisçinin cəmiyyətin nizamnamə kapitalına əlavə pay qoyması hesabına həyata keçirilmişdir. Belə olan halda, Mülki Məcəllənin qeyd edilən maddəsinin mövcud mübahisə ilə heç bir əlaqəsi yoxdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Fərmayıl oğlu, Cavabdeh7 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı onun təsisçilərinin payı hesabına yaradılır. Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmində, hər birinin dəyəri 01 manat olan 20 paydan ibarətdir və təsisçi tərəfindən bir dəfəyə pul şəklində ödənilmişdir. Təsisçi Nizamnamə kapitalına öz paylarını pul şəklində, habelə daşınar və daşınmaz əmlak, eləcə də şəxsi qeyri-əmlak formasında qoya bilərlər. (iş, cild 1, vərəq 26) İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cü il tarixli nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı ******* manat həcmindədir və hər biri 01 manat olmaqla ******* paydan ibarətdir. (iş, cild 1, vərəq 31) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına xx.xx.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 199000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 40) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına xx.xx.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 1020000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 42) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına xx.xx.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 481000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 41) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına xx.xx.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 680 000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 41) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına xx.xx.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 340 000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 45) İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli təsisçilərinin ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 cəmiyyətin nizamnamə kapitalına əlavə pay qoyaraq 3740.000 manat məbləğində Nizamnamə kapitalı artırılsın. (iş, cild 1, vərəq 59) İş materiallarında olan xx.xx.2018-ci il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X8, Cavabdeh1 MMC-dəki ona məxsus olan 40% payını “alıcı” Cavabdeh2 15% payını, alıcı Cavabdeh4, 15% payını, alıcı İddiaçı2, 10% payını alıcı Cavabdeh5, 10% payını, alıcı İddiaçı1 və 10% payını alıcı Cavabdeh3 saldı. Alıcılar Cavabdeh2, X14, İddiaçı2, Cavabdeh5, İddiaçı1 və Cavabdeh3 həmin payı aldı. (iş, cild 1, vərəq 72) İş materiallarında olan xx.xx.2017-ci il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X12, Cavabdeh1 MMC-indəki ona məxsus olan 100% payını alıcı X1. Alıcı X1. X3 həmin payı aldı. . (iş, cild 1, vərəq 79) İş materiallarında olan xx.xx.2017-ci il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh3, Cavabdeh1 MMC-indəki ona məxsus olan 100% payını alıcı X4. Alıcı X4. X6 həmin payı aldı. (iş, cild 1, vərəq 84) İş materiallarında olan xx.xx.2017-ci il tarixli nizamnamə kapitalındakı paylarının alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixində ********** nömrəsi il Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X9 Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına almış, ünvan 2 ünvanında olan Cavabdeh1 MMC nizamnamə paylarının alqı-satqısı. (iş, cild 1, vərəq 92) İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh7 500 manat, 500 pay, Cavabdeh6 500 manat, 500 pay Cavabdeh1 MMC-nin nizamnamə kapitalına pay qoyma yolu ilə daxil olunsun və bununla əlaqədar Cəmiyyətin Nizamnamə kapitalı artırılsın. (iş, cild 2, vərəq 65) İş materiallarında olan Cavabdeh1 MMC-nin 4-cü redaksiyada verilmiş nizamnaməsindən görünür ki, cəmiyyəin nizamnamə kapitalı ******* manat həcmindədir və hər biri 1 manat olmaqla ******* paydan ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın protokolundan görünür ki, İddiaçı2 (nizamnamə kapitalında 3 manat, 3pay, pul şəklində), İddiaçı1 (nizamnamə kapitalında 2 manat, 2 pay, pul şəklində) və Cavabdeh6 (nizamnamə kapitalında 500 manat, 500 pay, pul şəklində) keçirilən ümumi yığıncağında iştirak etməyərk yeni yaranan Mənzil Tikinti Kooperativin üzvü olmaq hüququndan istifadə etmədiyi üçün müstəqil auditor cəlb edilərək Cəmiyyətin aktivləri barədə balans tərtib edildikdən sonra onların pay nisbətində uyğun əmlak və ya pul şəklində hesablanaraq onlara qaytarılmasının təmin edilməsi icra orqanına həvalə edilsin. Təsis payları nisbətində onlara çatmalı əmlak və ya pul onlara təqdim edildikdən sonra həmin fiziki şəxslərin hüquqi şəxsdə təsisçilik hüquqlarına xitam verilmiş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 92.2-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 MMC xx.xx.2017-ci ildə 100 faizlik payla X8 tərəfindən təsis edilmişdir. xx.xx.2018-ci il tarixdə X8 təsis etdiyi hüquqi şəxsdəki payının 40 %-ni Cavabdeh2, 15%-ni İddiaçı2, 10%-ni Cavabdeh3, 15%-ni Cavabdeh4, 10%-ni İddiaçı1 oğlu, 10%-ni Cavabdeh5 əldə etmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddiaçıların məlumatı və iştirakı olmadan və iddiaçıları kənarlaşdırmaq məqsədi ilə ümumi yığıncaq keçirərək, nizamnamə kapitalını ******* manat artıraraq, şirkətin nizamnamə kapitalı ******* manat olmuşdur. Həmcinin müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin təsisçisi İddiaçı1 ümumi yığıncağın tarixi barədə bildiriş qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana – ünvan 3elə ki, xx.xx.2019-cu il tarixdə saat 11:00-a təyin edilmiş nizamnaməə kapitalının artırılmasına dair ümumi yığıncağın keçirilməsi barədə bildiriş xx.xx.2019-cu il tarixdə saat 11:35-də poçt şirkətinə təhvil verilmiş, bildiriş həmin tarixdə 18:03-də İddiaçı2 çatdırılmışdır. xx.xx.2019-cu il tarixli yeni təsisçilərin daxil edilməsinə dair xx.xx.2019-cu il tarixdə saat 11:20-də kuryerə təhvil verilmiş, bildirş İddiaçı2 oöğluna 11.11.2-019-cu il tarixində günün sonunda təhvil verilmişdir. Sonuncu bildiriş isə İddiaçı1 Azərbaycan Respublikasından kənarda olan zaman keçirilmiş və bununla təsisçinin MMC-nin yığıncağında iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası MM-nin 91.1-3-cü maddəsinə görə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Bundan başqa Azərbaycan Respublikası MM-nin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin MM-nin 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Həmin MM-nin 58.1-ci maddəsinə əsasən isə hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin təşkilatı forması dəyişən zaman, yəni çevrilmə edildikdə zəruri prosessual tələblərə riayət edilməmiş, İddiaçı2 Qafar oğluna yazılı bildiriş göndərilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin X9 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 təsiscilikdən caxarılması barədə məlumatın Reyestrdə geydə alınması qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Fərmayıl oğluna, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin X9 Dövlət Qeydiyyatı İdarəsinə qarşı “ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın qərarları, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş xx xxxxxxx 2019-cu il tarixli nizamnamə və 4-cü redaksiyada verilmiş nizamnamə ləğv edilsin və Cavabdeh1 MMC-nin və onun reyest məlumatları xx.xx.2019-cu il tarixdəki vəziyyətə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar