Məhkəmə qərarları › İş №2(006)-2605/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2605/2020

18.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2605/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdeh 272 saylı tam orta məktəbin nümayəndəsi X12 oğlunun, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Əlican-Zadə Şəbnəm İlham qızının iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil idarəsi və 272 saylı tam orta məktəbə qarşı “işə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu 272 tam orta məktəbdə orta məktəb müəllimə vəzifəsinə yenidən işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1999-cu ildən Əmr № 137 §9 Nizami rayon 272 saylı tam orta məktəb müəllimə təyin olunmuşdur. xx.xx.2020-ci il N7 § 1 əmr ilə heç bir əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70C bəndi ilə işdən azad edilmiş, işlədiyi müddətdə müəllim və tələbə heyətinin hörmətini qazanmışdır. Bununla yanaşı dərs dediyi şagirdlərin əksəriyyəti ölkənin və xaricin ölkələrin ali məktəblərinə daxil olmuşlar. Rəhbəri olduğu Bakı şəhəri 272 №-li tam ota məktəbin, 2 "a" ibtidai sinfinin şagirdi X6 atasını bir dəfə görmüşdür uşağı dərsə səhər gətirdiyi zaman. Ondan sonra həmin şəxsi görməmişdir. Şikayət etdiyi zamana kimi o, ondan hər hansı mərasim, tədbir, müəllimlər günü, 8 mart bayramı münasibəti ilə heç nə tələb etməmişdir, heç nə götürməmişdir. Bütün bunlara baxmayaraq, o, heç bir əsası olmadan bir qrup valideyn adından Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun ərizəsinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhər Təhsil idarəsi barəsində dəqiq hərtərəfli müfəssəl araşdırma aparmadan barəsində inzibati tənbeh görülməsi barədə F17-No-li xx.xx.2020-ci il tarixli əmr vermişdir. Sözügedən əmrdə göstərilmişdir ki, guya ki, təqdim olunmuş audio yazılarda valideyndən müəllimlər günü münasibəti ilə pul istəmişdir. Bildirir ki, belə olmamışdır. 2018-ci ilin əvvəllərində telefon edərək ona bildirmidir ki, onu valideyn komitəsi təyin etsin sinif üçün gərək olan işləri o etsin. O, ona cavab olaraq bildirmişdir ki, bu valideynlərlə onun işidir, kimi istəyirlər valideyn komitəsi seçə bilərlər. Bir müddət sonra bildirmişdir ki, o, istədiyini edən adamdır ona Rəna deyərlər onun davranışı onun xoşuna gəlmir ona görə də o da onu işdən çıxartdıracaq. Ele bununla da onun qara günləri başladı. Müxtəlif bəhanələrlə dərs vaxtı sinif otağına daxil olmuş, mobil telefon vasitəsi ilə hündür səslə danışmış, dərsin ahəngini pozmuşdur. Bu barədə dəfələrlə 272 saylı tam orta məktəbin direktoru Nizami Qasımzadəyə xəbər versə də heç bir tədbir görmədən qətiyyətsizlik göstərərək Rənanın sinif otaqlarında istədiyi kimi hərəkət etməsinə şərait yaratmışdır. Bundan başqa araşdırma zamanı audio yazıların onun və ya kiminsə sözlərindən ibarət olması araşdırılmamışdır. Heç bir fonoqrafik və səs ekspertizası keçirilmədən onun adına israrla qeyd olunmuşdur. Həmin vaxt o, etiraz etsə də araşdırmanı aparan şəxslər ona bildirmişlər ki, İlqar Qasımov və Rəna Məmmədova təhsilin adına xələl gətirən adlar yazıb, narazıçılıqlar törədirlər. İzahatını onlar dedikləri kimi yazsın ona töhmət yazsınlar, bununla da bu məsələ bağlansın. O da Bakı şəhəri Təhsil idarəsinə və bir başda onların rəhbərləri olan şəxslərin dediklərinə və səmimiyyətlərinə inanmışdır. Onların dediyi kimi yazmışdır. Nəticədə məlum olmuşdur ki, inzibati tənbeh görən şəxslər bilərəkdən ona böhtan atan şəxsləri susdurmaq üçün əsassız yerə işdən azad olunmaqla cəzalandırmışdılar. Əmək Qanunları Məcəlləsinin qeyd olunan 72-ci maddəsinin “e” bəndinə görə, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu əsasla əmək müqaviləsi ləğv edilə bilər. Bu normanın məzmununa görə, işçinin əmək vəzifələrini pozması, hüquq pozuntuları onun fəaliyyəti ilə, üzərinə qoyulan, ona həvalə edilən işlərin icrası ilə əlaqədar olmalıdır. Bu pozuntu işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanunla müəyyən edilən və mühafizə olunan hüquqlarına ciddi xələl gətirməlidir, məsələn işəgötürənin işgüzar nüfuzu aşağı düşməlidir, müəssisənin fəaliyyətinə zərər dəyməlidir və sairə. Yuxarıda qeyd edildiyi kimi, işəgötürənin əmrində ancaq qanuna istinad edilmiş, onun işdən çıxarılmasına səbəb olmuş hallar, əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmiş, müqavilənin ləğvinə əsas verən heç bir sənədə istinad edilməmişdir. Əmək vəzifələrini kobud şəkildə pozmasının nədən ibarət olması, nə kimi hüquq pozuntusuna yol verməsi, bunlarla işəgötürənin mənafeyinin, işgüzar nüfuzunun nə şəkildə pozulması bəlli deyildir, işdə bu barədə heç bir sənəd, sübut yoxdur. Qeyd edildiyi kimi işəgötürən tərəfindən bu ən ağır intizam məsuliyyətinin seçilməsinin səbəbi işdən (o cümlədən əmrdən) bəlli deyildir. Belə bir hal olmamışdır və buna görə də işdən çıxmasını qeyri-qanuni hesab edərək məhkəməyə etmək qərarına gəlmişdir. Nizami rayon 272 saylı tam orta məktəbdə sinif rəhbəri vəzifəsini icra etmişdir. Məhkəmədən Nizami rayonu 272 tam orta məktəbdə orta məktəb müəllimə vəzifəsinə yenidən işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 272 saylı tam orta məktəbin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 272 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızı iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, Bakı şəhəri 272 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən tədris ilinin ilk dərs günü, sinif otağının bəzədilməsi, 5 oktyabr - Müəllimlər Günü, 8 Mart - X11, eyni zamanda, cari tədris ilinin əvvəlində sinif otağının döşəməsinin kosmetik təmiri, iş dəftərləri və məktəbli kitabçalarının alınması, yeni dərsliklərin verilməsi müqabilində sinif rəhbəri olduğu sinfin valideynlərindən müxtəlif məbləğlərdə pul tələb edilməsi, şagirdlərə qarşı kobud rəftar etməsi və fiziki şiddət tətbiq etməsi, dərs vaxtı telefon danışıqları zamanı qeyri-etik sözlərdən istifadə etməsi, şagirdləri təhqir etməsi, onlara qarşı aqressiv münasibət göstərməsi və bir sıra digər hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının x xxxxxx 2014-cü il tarixli, 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini (müəllim Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Qanunlarının tələblərini pozmuşdur. Halbuki o, bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, peşə fəaliyyəti zamanı təhsilverənlərin adına ve nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməli, pedaqoji fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi ve qeyri-maddi nemətlər tələb etməməli, vəzifə səlahiyyətlərindən şəxsi maraqlan üçün istifadə etməməli, pedaqoji etikaya riayət edib, müəllim nüfuzunu yüksək tutub, valideyn ve digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır. O, ziyalılıq nümunəsini göstərib, peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adına, şərəf ve ləyaqətini uca tutmağa borcludur. Bu kimi hallara yol verməsi səbəbilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, F-17 nömrəli əmri əsasında məktəb rəhbərliyinə İddiaçı işdən azad olunması tapşırılmışdır. Həmin əmr əsasında Bakı şəhəri 272 nömrəli tam orta məktəb üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 1 №-li əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmr tam qanuni olmaqla, AR Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir. Belə ki, İddiaçı iddia etdiyinin əksi olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməzdən öncə İddiaçı üzvü olduğu məktəbin Həmkarlar İttifaqı Komitəsinin müvafiq qaydada razılığı alınmışdır və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi tələbi tamamilə əsassızdır. Həmçinin İddiaçı valideynlərdən məcburi qaydada pul yığması və şagirdlərə qarşı etmiş olduğu qeyri-pedaqoji əməllərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 272 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılımasını məhkəmədən xahiş edirlər. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 2A sinif şagirdlərinin valideynləri Səbinə Feyzullayeva, Röya Əsgərova, Rəna Məmmədova, Günel Abbasova, Pərvanə Məmmədova, Valentina Nakoneçnaya, Vəfa Qasımova, Rəna Məmmədova, Akifə Məmmədova, Qulam Məmmədov, Aytən Balakişiyeva, Aygün Sarıyeva, Leyla Qafarova, Vəfa Quliyeva, Yeganə Əzizova və Vəfa Gülverdiyeva 2019-cu ilin dekabr ayında verdikləri izahatlarda İddiaçı müəllim adına xələl gətirən hərəkətlərə yol verdiyi üçün əvəz edilməsini xahiş etmişlər. 2A sinif şagirdlərinin valideynləri Gülər Abdullayeva, Aytən Aslanova, Günel İsmayılova, Səadət Hacıyeva, Məmmədov Nizami, Vəfa Şükürova, Mədinə Əsgərova, Mənzərə Hüseynova, Günel Salmanova, Arzu Qoradayeva, Elnurə Dadaşova, Könül Ağamalıyeva, Rəhilə Həsənova, Telli Seyidova, Əli Bilalov, Sarella Fərəcova və Familə Bayramova 2020-ci ilin yanvar ayında verdikləri izahatlarda İddiaçı əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişlər. İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin adına verdiyi 06, 09 və xx xxxxxx 2019-cu il tarixli izahatlarda o, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yayılmış səs yazılarının ona məxsus olduğunu, həmin səs yazılarının Rəna Məmmədovaya göndərdiyini, “Müəllim” günü, dərsliklərin paylanması üçün pulun onun tərəfindən yığılmadığını, şagirdlərə xəsarət yetirmədiyini və s. bildirmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, F-17 nömrəli intizam tənbehi barədə əmri ilə əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Bakı şəhəri 272 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X4 və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi, Bakı şəhəri 272 nömrəli tam orta məktəbin direktoru X3 Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək seçki komissiyasının işinə cəlb olunması ilə bağlı işdə olmadığı nəzərə alınaraq onun barəsində intizam tənbehinin tətbiq edilməsinin təxirə salınması, Bakı şəhəri 272 nömrəli tam orta məktəbin direktor əvəzi (Y.Sadıqovaya) tapşırılması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud nöqsanlara görə məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etməsi, analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə lazımi tədbirlərin görülməsini təmin etməsi və görülmüş tədbirlərin nəticəsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verməsi, ümumi sektor (S. Rəsulova) qeyd olunan halın təkrarlanmasının qarşısının alınması məqsədilə əmrin çoxaldılaraq BŞTl-nin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinin nəzərinə çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya həvalə edilməsi əmr edilmişdir. Həmin əmrə əsasən müəyyən edilmişdir ki, 272 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı qeyri-qanuni göstərişi əsasında valideynlər tərəfindən 2018/2019-cu tədris ilinin ilk dərs günü münasibəti ilə sinif otağının bəzədilməsi üçün ümumilikdə 120- 130 manat, 5 oktyabr - Müəllimlər Günü, 8 Mart - X11 üçün hər valideyndən ayrı-ayrılıqda 20-30 manat, eyni zamanda, cari tədris ilinin əvvəlində sinif otağının döşəməsinin kosmetik təmiri, iş dəftərləri və məktəbli kitabçaları alınması üçün hər valideyndən 40-43 manat, yeni dərsliklərin verilməsi müqabilində ümumilikdə 10 manat, 5 oktyabr - Müəllimlər Günü üçün hər valideyndən 20-30 manat pulu nağd şəkildə İddiaçı verilmişdir. Bakı şəhəri Nizami rayonu Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020 tarixli, 3 saylı iclas protokolu və xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məktəbin direktorunu müvəqqəti əvəz edən X5 təqdimatına əsasən, Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Bakı şəhəri E.Cəlilov adına 272 nömrəli orta məktəb üzrə 7 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə müəssisədə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, əmək fəaliyyəti zaman yol verdiyi kobud səhvləri nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək funksiyasını pozması ilə əlaqədar əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxmayaraq təkrarən əmək funksiyasını pozduğuna görə-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə və 186.2-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı məxsus AT-Vİİİ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, 272 nömrəli məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Sahib İsmayılov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyindən daxil olmuş Bakı şəhəri, Nizami rayonu 272 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı valideynlərdən pul yığması və digər pozuntulara yol verməsi barədə vətəndaş X9 müraciəti əsasında toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Aparılmış araşdırma ilə İddiaçı tərəfindən 2018-2020-ci tədris illəri ərzində sinif rəhbəri olmuş “2a” sinifinin şagirdlərinin valideynlərindən sinifdə istifadə olunan bəzi ləvazimatların və iş dəftərlərinin alınması, sinifin kosmetik təmiri, habelə əlamətdar bayram günləri ilə əlaqədar pul yığması kimi cinayət və inzibati məsuliyyətə səbəb olmayan pozuntulara yol verməsi öz təsdiqini tapmış və həmin qanunazidd hərəkətlərə görə barəsində intizam qaydada tədbir görülərək məktəb rəhbərliyinin müvafiq əmri ilə işdən azad olunmuşdur. Bununla əlaqədar olaraq İddiaçı gələcəkdə bu kimi qanunazidd hərəkətlər törədəcəyi təqdirdə barəsində daha ciddi məsuliyyət tədbirlərinin görüləcəyi barədə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 21 və 22-ci maddələrinə əsasən rəsmi xəbərdarlıq elan olunmuşdur. İşin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1999-cu il tarixli əmək müqaviləsinə əsasən Nizami rayonu 272 saylı tam orta məktəbə əmək müəlliməsi təyin edilmişdir. Bakı şəhəri E.Cəlilov adına 272 nömrəli orta məktəb üzrə 7 saylı əmrə əsasən İddiaçı əmək müqaviləsinə əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinə, müəssisədə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək funksiyasını pozması ilə əlaqədar əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı tələbinin faktiki əsası kimi ona münasibətdə görülmüş “əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə intizam tənbehinin ona atılmış böhtanın nəticəsi olmasına, əmək vəzifələrini kobud şəkildə pozmasının nədən ibarət olması, nə kimi hüquq pozuntusuna yol verməsi, işəgötürənin mənafeyinin, işgüzar nüfuzunun hansı şəkildə pozulması hallarının heç bir sübutla öz təsdiqini tapmadığına, işdən xaric edilməsinin əsassız olmasına istinad edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilmişdir. Belə ki, İddiaçı qeyri-qanuni göstərişi əsasında 2018-2020-ci tədris illəri ərzində sinif rəhbəri olmuş “2a” sinfinin şagirdlərinin valideynlərindən tədris ilinin ilk dərs günü münasibəti ilə sinif otağının bəzədilməsi, 5 oktyabr – X10, 8 Mart - X11, cari tədris ilinin əvvəlində sinif otağının döşəməsinin kosmetik təmiri, iş dəftərləri və yeni dərsliklərin alınması üçün pul yığılmışdır. Məhkəmə araşdırması zamanı qeyd olunan hallar iddiaçı tərəfindən etiraf edilməməsinə baxmayaraq, rəhbərlik etdiyi sinifin bəzi valideynlərinin izahatları, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış xidməti araşdırmanın nəticələri, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş rəsmi məlumat ilə öz təsdiqini tapmışdır. Qanunvericinin Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərdiyi işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair dispozisiya şərti ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müəllim adı şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu adı daşıyan hər bir insan mənəviyyatını hər şeydən üstün tutmalı, Azərbaycan Respublikasının gələcəyi olan gəncləri də bu tərzdə yetişdirməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, peşə fəaliyyəti zamanı müəllim adına xələl yetirən hərəkətə yol verən təhsil işçisi nəyinki işəgötürənin, təhsil müəssisəsinin qanunla qorunan mənafelərinə ziyan dəymiş olur, o, bu cür hərəkətlə hətta gələcək nəslin savadlı, mədəni, tərbiyəli, mənəvi olaraq sağlam böyüməsini təhlükə altına qoymaqla dövlətin ümumi maraqlarına zərər vurur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki,Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdeh 272 saylı tam orta məktəbində uzun müddət işləməsi, dediyinə görə həmin müddət ərzində heç bir ciddi nöqsana yol verməməsi, müəllim peşəkarlığını təsdiq edən müxtəlif sertifikatların olması və öz vəzifə səlahiyyətlərini lazımi qaydada icra edən müəllim kimi onu səciyyələndirilən digər halların mövcudluğuna baxmayaraq iş yeri üzrə əmək funksiyasının tam və ya qismən yerinə yetirməməsi ilə yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi və bu hərəkətlər əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi üçün işəgötürənin onun barəsində AzərbaycanRespublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsas vermişdir. Belə ki, məhkəmə hesab edir ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan halda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Məhkəmə eyni zamanda bunu da qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün ondan yazılı izahat alınmış, X1baqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil idarəsi və 272 saylı tam orta məktəbə qarşı “işə bərpa olunması” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil idarəsi və 272 saylı tam orta məktəbə qarşı “işə bərpa olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar