Məhkəmə qərarları › İş №2(006)-2607/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2607/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2607/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Rac oğlunun xeyrinə kirayə haqqı üçün ödənilməmiş 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Grand Plaza MMC ilə X3 arasında Azərbaycan Respublikasının Nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının tələblərinin icrası məqsədi ilə imzalanmış 12 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən cəmiyyət ünvan 1 ünvanında yerləşən yaşayış binasında məni 4 otaqlı tam təmirli mənzillə təmin etməli idi. Eyni zamanda İddiaçı ilə imzalanmış eyni tarixli müqaviləyə əsasən eyni ünvanda Cavabdeh sonuncunu 2 otaqlı mənzillə təmin etməli idi. Həmin müqavilənin 2.2.6-cı maddəsinə əsasən cəmiyyət mənzili 2021-ci ildə təhvil verilməli idi ki, bu öhdəlik bu günədək pozulur. Bundan əlavə həmçinin mənzil təhvil verilənədək cəmiyyət hər ay X2 500 manat, İddiaçı isə 400 manat məbləğində kirayə haqqının ödəniləcəyinə dair öhdəlik də götürmüşdür ki, həmin öhdəlik də uzun müddətdir icra olunmur. Qüsurlarla bağlı Cəmiyyətə dəfələrlə şifahi, xx.xx.2023-cü il sonradan isə xx.xx.2024-cü il tarixdə yazılı olaraq müraciət edib aradan qaldırılması tələb olunsa da “rəhbərlik belə uyğun görüb” deyərək şikayətlərinə məhəl qoyulmur. Ona müqaviləyə uyğun kirayə haqqı ödənilmir, mənzilinin təhvil verilməsi 3 ildir gecikir Tərəflər arasında imzalanmış müqavilələrin 1.1.2-ci bəndinə əsasən Cəmiyyət müqaviləyə əlavə olunmuş sxemə uyğun olaraq Yeganə Məmmədovaya qeyd olunan binanın 4-cü blok, 4,5 ya 6-cı mərtəbəsində, 4 otaqlı, tam təmirli mənzillə təmin etməli idi. Təəssüf hissi ilə qeyd edirlər ki, hazırda Grand Plaza MMC bu öhdəliyi də icra etməkdən yayınır, onlara çatmalı olan mənzillərin satıldığını bildirir. Yuxarıda qeyd olunduğu kimi dəyəri tərəflərindən ödənilmiş və onun istifadə və sahibliyinə, müqavilə şərtlərinə əsasən həmçinin mülkiyyətinə verilməli olan əmlaka olan hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır. Yuxarıda qeyd etdiyi kimi şirkət 13 aydır (Yanvar 2023 - Yanvar 2024) Yeganə Məmmədovaya kirayə haqqını ödəməkdən imtina edir ki, bu da iddia ərizəsi verilən günə 6500 manat təşkil edir. Eyni zamanda İddiaçı da sonuncu 13 ay (Yanvar 2023 - Yanvar 2024) üçün kirayə haqları ödənilməmişdir ki, bu da 5200 manat məbləğində vəsait deməkdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2047/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə q̇arşı "mənzil tələbi, kirayə haqqının ödənilməsi və sair tələbinə dair" iddia ərizəsi ilə bağlı 2(006)- 2047/2024 saylı mülki işdən İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "kirayə haqqının ödənilməsi”, iddiaçı X1 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "mənzil tələbi, kirayə haqqının ödənilməsi və sair" tələbləri ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: - Yasamal Rayon Məhkəməsinin e-2(004)-1696/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X3 və İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icrası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdur. “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Əmlakın Dövlət Reyestrindən 365 nömrəli reyestr kitabının 34194 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə 00801 1000774-05101-093007 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv.metrdən (faktiki 53.87 kv.metr) ibarət 2 otaqlı (faktiki 2 otaq olan) mənzili sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 4 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsini sökülməsini və həmin ərazidə, binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) təqvim ayı ərzində Baki şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında inşa ediləcək yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasında bu Müqavilənin № 1 Əlavəsində göstərilmiş sxemə uyğun 4-cü blok, 4-cü, 5-ci və ya 6-cı mərtəbədə, 76 kv.metrdən ibarət, 2 otaqlı mənzili təhvil verməyi və 3 (üç) təqvim ayı ərzində təmir etməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC-nin İddiaçı hesab çıxarışından görünür ki, İddiaçı hər ay 400 manat kirayə haqqı ödənilmişdir. - 12 oktyabr 2018-ci il tarixli 073 saylı müqaviləyə 31 yanvar 2024-cü il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər razılığa gəlirlər ki, 12 oktyabr 2018-ci il tarixli 073 saylı Müqaviləyə aşağıdakı redaksiyada əlavələr edilsin: "Əmlak mülkiyyətçisi"-nə veriləcək mənzil sahəsinə 21,6 kv.m əlavə edilir;

1. 76 kv.m + 21.6 kv.m= 97,6 kv.m

2. 21,6 kv.m üçün ödəniləcək məbləğ 1 m2 -nin satış qiyməti 1500 AZN olmaqla 32400 manat təşkil edir;

3. Təmir pulu əvəzləşdirilib: 76 x 160 = 12160 AZN.

4. Ümumi ödəniləcək məbləğ 32400 - 12160 = 20240 AZN müəyyən edilir.

5. "Əmlak mülkiyyətçisi"-nə 4-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 97,6 kv.m təmirsiz mənzil verilir:

6. Müqavilənin digər şərtləri dəyişilməz olaraq qalır;

7. Əlavə Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir və imzalandığı andan qüvvəyə minir. - "xxxx" MTK-nin sədri K.N.Xəlilova İddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onunla bağlanmış xx.xx.2018-ci il tarixli 073 nömrəli əvəzləşmə müqaviləsinə əsasən veriləcək təmirli 76 kv.m mənzilin əvəzinə Q.Quliyev küçəsində inşa edilən binanın 4-cü mərtəbəsində 97,6 kv.m olan mənzili qəbul edir. Ona verilən mənzilin artıq olan (76 kv.m + 21,6 kv.m = 97,6 kv.m) 21,6 kv.m hissəsinin dəyərinin (21,6 kv.m x 1500 = 32400 azn) bir hissəsini təmir pulu ilə əvəzləşdirib. (76 kv.m x 160azn = 12160) və digər qalıq hissəsinin 20240 AZN isə nəğd şəkildə ödəyir. Bundan sonra "xxxx" MTK-dan heç bir iddia və tələbi olmayacaq. - Cavabdeh MMC-nin 01 mart 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MTK-nin məsul əməkdaşı Anar Məmmədov tərəfindən sakin İddiaçı ilə ona məxsus 050 ***-**-** nömrəli mobil telefon ilə dəfələrlə əlaqə saxlanımış və bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq "xxxx" MTK xx.xx.2022-ci il tarixdən istismara qəbul edilmişdir və xx.xx.2022-ci il tarixindən etibarən ona məxsus mənzil təhvil alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı ilə MTK arasında 12 oktyabr 2018-ci il tarixində müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MTK əmlakın mülkiyyətçisini mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlakın mülkiyyətçisinə kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materialarından görünür ki, MTK bu öhdəliyi yerinə yetirərək hər ay İddiaçı hesabına 400 manat məbləğində pul vəsaiti köçürmüşdür. Lakin, hazırda İddiaçı MTK tərəfindən sonuncu 13 ay (yanvar 2023 - yanvar 2024) üçün kirayə haqlarının ödənilmədiyini iddia edərək, 5200 manat məbləğində vəsait tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, məhkəmə ilk olaraq onu qeyd edir ki, xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı məxsus mənzilin təhvil alınması nəzərdə tutulmuş, bununla bağlı iddiaçı ilə dəfələrlə əlaqə saxlanılmışdır. (mülki iş materiallarına əlavə edilmiş 01 mart 2023-cü il tarixli akt ilə təsdiq olunur.) Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 12 oktyabr 2018-ci il tarixli 073 saylı müqaviləyə 31 yanvar 2024-cü il tarixli 1 saylı Əlavə bağlanmış, həmin müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi"-nə veriləcək mənzil sahəsinə 21,6 kv.m əlavə edilmiş, 21,6 kv.m üçün ödəniləcək məbləğ 1 m2-nin satış qiyməti 1500 AZN olmaqla 32400 manat kimi müəyyən edilmiş, təmir pulu (12160 AZN) əvəzləşdirilərək, ümumi ödəniləcək məbləğ 32400 - 12160 = 20240 AZN müəyyən edilmişdir. Həmin saylı Əlavənin bağlanılması zamanı iddiaçının əlavə ödəniləcək məbləğin təmir pulu kimi, kirayə haqqı ilə də əvəzləşdirməməsi onu göstər ki, həqiqətən də, cavabdehin İddiaçı qarşısında kirayə haqqının ödənilməsi kimi hər hansı öhdəliyi qalmamışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçının "xxxx" MTK-dan heç bir iddia və tələbinin olmayacağı mülkü iş materiallarına əlavə edilmiş "xxxx" MTK-nin sədri K.N.Xəlilova İddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən də görünür. Bununla da məhkəmə hesab edir ki, mənzil təhvil verilməsi üçün hazır olmuş, lakin iddiaçı özü mənzili təhvil almadığından, cavabdehin 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək iddiaçıya kirayə haqqının ödənilməsi kimi vəzifəsinin olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu halda iddiaçının hazırda cavabdehdən 5200 manat məbləğində pul tələb etməsi əsassız olmuşdur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar