Məhkəmə qərarları › İş №2(006)-2629/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2629/2022

29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2629/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, “doğum akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə ermənistan SSR-nin Masis rayonunda doğulmağı, adının Məhəmməd, soyadının Hüseynov kimi yazılması, atasının X7, anasının X2 olması, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmaqla, doğum akt qeydinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1962-ci il tarixdə ermənistan SSR-nin Masis rayonunda doğumun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində adının Məhəmməd, soyadının Hüseynov, ata adının Əhməd, doğum tarixinin xx.xx.1962-ci il, doğum yerinin ermənistan, Masis kimi yazılması, ata qrafasında atasının X7, ana qrafasında anasının X8, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə ermənistan SSR-nin Masis rayonunda doğulmuş və 1962-ci ildə ermənistan SSR-nin Masis rayon VVAQ İdarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bildirir ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin siyahısındadır. O, oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməni də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməni harada itirdiyini xatırlaya bilmir. Hazırda da arxivə müraciət edə bilmir. Ona görə ki, ermənistana gedə bilmədiyi üçün “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəaların” 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasını istəmişdir. Lakin oradan ona bildirmişlər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Bildirir ki, hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə ermənistan arasında hər hansı diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən Azərbaycan Respublikası ilə ermənistan arasında diplomatik münasibətlər olmadığından, onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Bildirir ki, doğum haqqında şəhadətnaməsinin olmasını şəhadətnaməni görən şahidlər də, təsdiq edə bilərlər. O, təkrarən doğum şəhadətnaməsi almaq üçün 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. Qeyd edilənlərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin edilərək, onun xx.xx.1962-ci il tarixdə ermənistan SSR-nin Masis rayonunda doğumun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində adının Məhəmməd, soyadının Hüseynov, ata adının Əhməd, doğum tarixinin xx.xx.1962-ci il, doğum yerinin ermənistan, Masis kimi yazılması, ata qrafasında atasının X7, ana qrafasında anasının X8, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Ərizəçi xx xxxx 1962-ci il tarixində ermənistan, Masis rayonunda anadan olmuşdur. Onlar Masis rayonunun əvvəlki adı Dostluq, sonrakı adı Qaraqışlaq kəndindən 1988-ci il tarixində qaçqın düşmüşlər. Həyat yoldaşının atasının adı Əhməd, anasının adı isə Sidiqədir. Ərizəçi 2 qardaşı və 2 bacısı vardır. Onun X1 və X12r, bacıları isə X13 və qızlıq soyadı “Hüseynova”, hazırki soyadı isə X10r. Ərizəçinin qardaşları və bacısı X13 Azərbaycan Respublikasında yaşamırlar. Onun bacısı X14 isə Bakı şəhərində yaşayır. X3 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bacısıdır. Qardaşı xx xxxx 1962-ci il tarixində ermənistan, Masis rayonunun əvvəlki adı Dostluq, sonrakı adı Qaraqışlaq kəndində anadan olmuşdur. Onlar ailəlikcə Masis rayonunun əvvəlki adı Dostluq, sonrakı adı Qaraqışlaq kəndindən 1988-ci il tarixində qaçqın düşmüşlər. Onların atalarının adı Əhməd, analarının adı isə Sidiqədir. Onun 3 qardaşı və 1 bacısı vardır. Qardaşlarından biri ərizəçidir. Digərləri isə X16 və X12r. Bacısı isə X11r. X1 və X17 və bacısı X13 Azərbaycan Respublikasında yaşamırlar. O, isə Bakı şəhərində yaşayır. X4 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bibisi qızıdır. Ərizəçi xx xxxx 1962-ci il tarixində ermənistan, Masis rayonunun əvvəlki adı Dostluq, sonrakı adı Qaraqışlaq kəndində anadan olmuşdur. Onun atasının adı Əhməd, anasının adı isə Sidiqədir. Onu da qeyd edir ki, hal-hazırda ərizəçi onun qudasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-211/15 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, ərizəçi tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmadığı qeyd edilmiş, habelə ərizəçiyə hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin, Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə, işin faktiki hallarını araşdırıb hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquqmüəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, habelə 06 may 1981-ci il tarixdə verilmiş NZ (HЗ) seriyalı, ******* saylı hərbi biletin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə ermənistanın Masis rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1962-ci il tarixdə ermənistan SSR, Masis rayonunda anadan olmuş, atası X7, anası isə X5r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. O, bu məsələ ilə əlaqədar 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, sonuncu bundan imtina edərək, ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci il tarixdə, ermənistan SSR, Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Hüseynov”, adı “Məhəmməd”, ata adı “Əhməd”, doğum tarixi “xx xxxx 1962-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “ermənistan SSR, Masis rayonu”, ata qrafasında “atası X7, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X8, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci il tarixdə, ermənistan SSR, Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Hüseynov”, adı “Məhəmməd”, ata adı “Əhməd”, doğum tarixi “xx xxxx 1962-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “ermənistan SSR, Masis rayonu”, ata qrafasında “atası X7, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X8, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar