Məhkəmə qərarları › İş №2(006)-2638/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2638/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2638/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh ilə xx xxxx 2017-ci il tarixində ailə həyatı qurmuşdur. Nikahları Bakı şəhərində Səadət sarayında (Bakı Nikah evində) xx xxxx 2017-ci il tarixdə qeydə alınmış və 206169 №-li şəhadətnamə verilmişdir. Cavabdeh ilə ailə həyatı qurduqda gəlin kimi cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, məhəllə 360-da olan 39 saylı mənzilinə köçüb, həmin ünvanda yaşamışlar. Cavabdeh ilə ailə həyatı qurduqdan sonra birgə nikahdan xx xxxxx 2018-ci də qızları doğulmuşdur. Birgə nikahdan doğulmuş övladları X4 doğumu Yasamal rayon qeydiyyat şöbəsində doğum haqqında şəhadətnamə ilə qeydə alınmış və xx xxxxx 2018-ci il tarixdə doğum haqqında şəhadətnamə alınmışdır. Qızları Mədinə valideynləri ilə birlikdə cavabdehə məxsus olan ünvan 5-da yaşamışdır. 2019-cu ilin aprel ayından iddiaçı və qızı cavabdehə məxsus evi tərk edərək müvəqqəti olaraq iddiaçının atasın məxsus evdə yaşayırlar. İddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, məhəllə 360-da olan 39 saylı mənzilinə istifadə hüququnu xx xxxx 2017-ci il tarixində Cavabdeh ilə ailə həyatı qurmaqla həmin evə gəlin köçrtilməklə əldə etmişdir. Həmin evdə yaşadıqları müddətdə xx xxxxx 2018-ci ildə qızları Məmmədova Mədinə doğulmuşdur. Mədinə mənzil sahəsinin mülkiyyətçisinin razılığı əsasında ünvan 5-a qeydiyyata alınmışdır. İddiaçı nikah münasibətində olduğu müddət ərzində ünvan 5-da yaşasa da, həmin mənzil sahəsinə qeydiyyata alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə azyaşlı qızlarının iddiaçının himayəsində qalması müəyyənləşdirilmişdir. Göstərilənlərə əsasən, xx xxxxx 2018-ci il təvəllüdlü X5 və iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, məhəllə 360, 39 saylı mənzilinə istifadə hüquqlarının tanınması, yetkinlik yaşına çatmayan X4 və onunla birgə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, məhəllə 360-da olan 39 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddiaya etiraz ərizəsini müdafiə etmiş və bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 2019-cu ilin aprel ayından qızı ilə mübahisəli mənzili tərk edərək müvəqqəti olaraq atasına məxsus evdə yaşamışdır. İddiaçının qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçı cavabdehə boşanmaq istədiyini bildirmiş və birgə nikahdan anadan olan övladları ilə birlikdə evi birdəfəlik tərk edərək getmişdir. Evi tərk etdikdən sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının müvəqqəti olaraq atasının evinə yaşamağa getməsi işin faktiki halları ilə sübut olunur. Bundan əlavə, iddia ərizəsində qeyd olunur ki, iddiaçı cavabdehlə ailə qurub həmin evə gəlin köçdüyü vaxtdan mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. İddiaçının ümumiyyətlə həmin mənzilə istifadə hüququ yaranmamışdır. İddiaçının köçmək istədiyi mənzilin ünvanı ünvan 1 ünvanıdır. Həmin mənzilin mülkiyyətçisi isə cavabdehin atası X2r. Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 103, M6, m3 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixindən X1 mülkiyyətindədir. İddiaçının qeyd etdiyi ünvan 3 360, 39 saylı ünvan həmin mənzilin köhnə ünvanıdır. Göründüyü kimi, iddia ərizəsi ona cavab verməli olmayan şəxsə qaldırılmışdır. Cavabdeh mənzilin mülkiyyətçisi olmadığına görə ona qarşı mənzilə köçürülmə iddiasının qaldırılması əsassızdır. Bundan əlavə, ümumiyyətlə hazırkı iddianın heç bir hüququ əsası yoxdur. Belə ki, mübahisəli mənzil cavabdehin atasına məxsus olmuş və atasının razılığı əsasında müvəqqəti olaraq həmin mənzildə yaşamışlar. Cavabdehin atası F.Məmmədov həmin mənzili ona bağışlamamış və istifadəsinə verməmişdir. Mənzil onun istifadəsində, sahibliyində və mülkiyyətindədir. İddiaçı həmin mənzilə pasport qeydiyyatına belə düşməmişdir. Pasport qeydiyyatına düşsəydi belə bu onun həmin mənzilə istifadə hüququnun olmasına əsas vermir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, bütün ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı artıq ailə üzvü olmadığına görə, həmçinin mənzilin mülkiyyətçisi atası Məmmədov Firdovsi oğlu olduğuna görə iddia ərizəsi təmin edilə bilməz. İddiaçı övladını da alaraq birlikdə yaşadıqları mənzili birdəfəlik tərk etmişdir. Hal-hazıra qədər iddiaçı birgə nikahdan anadan olan övladını cavabdehə göstərmir, onunla ünsiyyətdə olmağına maneələr yaradır. Elə buna görə də, cavabdeh məhkəməyə müraciət edərək uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçının Məmmədov Firdovsinin mənzilinə köçürülməsi ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı ümumiyyətlə mülkiyyətçi - cavabdehin atası Məmmədov Firdovsinin ailə üzvü deyildir. İddiaçının iddia tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. İddiaçı iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sübutetmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı heç bir iddiasını sübuta yetirə bilmir və iddiasının əsaslı olmasına dair heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 103, M6, m3 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilmişdir. İşin materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2018ci il tarixdə verilmiş AZ İV № 055485 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur, anası İddiaçı, atası Cavabdehdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2017-ci ildə nikah münasibətlərinə daxil olmuş və iddiaçı ünvan 5 (köhnə ünvan), Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 103, M6, m3 (yeni ünvan) ünvanına gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü qızları X7 anadan olmuşdur. 2019-cu ilin aprel ayından tərəflər ayrı yaşayırlar. Hazırda iddiaçı gəlin köçdüyü Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 103, M6, m3 ünvanına özünün və birgə nikahdan olan qızlarının mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələrini tələb edir. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2017-ci ildə yaranmışdır. Deməli, göstərilən mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin faktiki hallarından göründüyü kimi tərəflər 2017-ci ildə ailə qurublar, mübahisəli mənzil isə xx.xx.2019-cu il tarixdə cavabdehin atası X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, yəni həmin mənzil cavabdehin mülkiyyətində deyil. İddiaçının tələblərinin əsaslılığının müəyyən edilməsi zamanı ilk növbədə mənzilin mülkiyyətçisinin (eyni zamanda iş üzrə cavabdehin) iddiaçının ailə üzvü olub-olmaması müəyyən edilməli idi. İddiaçı cavabdeh qismində keçmiş həyat yoldaşını göstərsə də, mübahisəli mənzilin cavabdehin mülkiyyətində olmadığı müəyyən edilmişdir. Həmin mənzil cavabdehin mülkiyyətində olsa belə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyinə görə həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının tələbinin digər hissəsi mübahisəli mənzilə köçürülmə ilə bağlı olmuşdur. Göründüyü kimi, həmin tələb iddiaçının mənzilə istifadə hüquqlarının olub-olmaması ilə birbaşa bağlıdır. Belə olan halda, iddiaçının həmin mənzilə istifadə hüquqlar tanınmadığına görə iddia bu hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar