Məhkəmə qərarları › İş №2(006)-2647/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2647/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2647/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakıilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 22 saylı Notariat Ofisinə və Maraqlı şəxs2 ASCyə qarşı «qohumluq əlaqəsinin müəyyən edilməsi və mirasın verilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 22 saylı Notariat Ofisinə və Maraqlı şəxs2 ASCyə qarşı «qohumluq əlaqəsinin müəyyən edilməsi və mirasın verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X13 Tağı qızı xx.xx.2019-cu il tarixində dünyasını dəyişmişdir. Ərizəçinin anasının bacısı Musayeva X11 isə, təqribən 1 ay sonra, yəni xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Lakin, sonuncu hələ sağ ikən bacısı Hüseynova X9 (ərizəçinin anasına) Maraqlı şəxs2 ASC-nin 2 saylı Nəsimi rayon filialındakı MSQM-112 nömrəli olan hesablarını, əmanətini və ona hesablanan faizini xx.xx.2010-cu il tarixli vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Lakin, həmin hesabların yekun pul məbləği ərizəçiyə məlum olmamışdır. Hazırda, həm ərizəçinin anası, həm də xalası vəfat etdiyindən, habelə ərizəçi anasının yeganə uşağı olduğundan, həmin pul məbləğlərinin varisi də ərizəçi olmalıdır. Belə ki, əgər ərizəçinin anası X13 Tağı qızı, bacısı Musayeva X5 əvvəl vəfat etsədə, lakin sonuncunun anasına verilən vəsiyyətnaməsi üzrə vərəsəlik hüququ yeganə oğlu olan ərizəçiyə keçməli idi. Vəfat edən, Musayeva X5 qalan, ərizəçinin anası Hüseynova X9 vəsiyyət olunan, Maraqlı şəxs2 ASC-nin 2 saylı Nəsimi rayon filialındakı MSQM-112 nömrəli olan hesablarını, əmanətini və ona hesablanan faizinə qanun üzrə yeganə vərəsəsi ərizəçi olduğuna görə, adına müvafiq vərəsəlik şəhadətnamənin verilməsi xahişi ilə, Bakı şəhərinin 22-ci Notariat Kontoruna müraciət etsə də, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla, bildirmişdir ki:“ ..vəsiyyət edilən X13 Tağı qızı, vəsiyyət qoyan Musayeva X5 qabaq vəfat etmişdir. Ona görə Hüseynova X8 adına həmin vəsiyyətnamə üzrə vərəsəlik, hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir.” Bundan sonra, Musayeva X5 qalan, ərizəçinin anası Hüseynova X9 vəsiyyət olunan, Maraqlı şəxs2 ASC-nin 2 saylı Nəsimi rayon filialındakı MSQM-112 nömrəli olan hesablarını, əmanətini və ona hesablanan faizinin müəyyən edilməsi ilə ərizəçiyə verilməsi xahişi ilə Maraqlı şəxs2 ASC-yə müraciət etsə də, sonuncu xx.xx.2020ci il tarixli məktubla ərizəçinin tələbini əsassız rədd etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, faktiki olaraq, ərizəçinin xalası Musayeva X11, ərizəçinin anası Hüseynova X9 Maraqlı şəxs2 ASC-nin 2 saylı Nəsimi rayon filialındakı MSQM-112 nömrəli olan hesablarını, əmanətini və ona hesablanan faizini vəsiyyətnamə ilə vəsiyyət etmiş, lakin bacısından 1 ay tez dünyasını dəyişdiyinə görə, birinci cavabdehin fikri ilə anası X13 Tağı qızı həmin vərəsəlik hüququndan məhrum olunur və məhz buna görə anasının yeganə oğlu olmağına baxmayaraq, həmçinin ərizəçi də həmin məhrumiyyətin səbəbkarıdır. Lakin, nəzərə alınmamışdır ki, qanun üzrə belə bir hal müəyyənləşdirilməmişdir. Göstərilənlərə əsasən ərizəçinin xalası Musayeva X5, anası Hüseynova X9 vəsiyyətnamə üzrə verilən «Maraqlı şəxs2” ASC-nin 2 saylı Nəsimi rayon filialındakı MSQM- 112 nömrəli olan hesablarını, əmanətini və ona hesablanan faizinə yeganə qalmış qohumluq əlaqəsinin müəyyən edilməsi və həmin mirasın ərizəçiyə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs2 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs Bakı şəhəri 22 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, ofisin müvəqqəti bağlı olması səbəbindən bildiriş ofisə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İşin materiallarında olan xx.xx.1981-ci il tarixli, Vİİ-JQ № 231284 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1981ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Hüseynov X12, anası Hüseynova X10r. İş materiallarında olan Bakı şəhəri 22 saylı dövlət notariat kontorunun dövlət notariusu Ş.F.Gülməmmədova tərəfindən verilmiş xx xxxxx 2010-cu il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Musayeva X11 Maraqlı şəxs2 ASC-nin 2 saylı Nəsimi rayon filialında olan MSQM-112 nömrəli olan hesabdakı əmanətini və ona hesablanan faizi Hüseynova X9 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İ № 000292 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Musayeva X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İ № ******* saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 Tağı qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarındakı Bakı şəhəri 13 saylı notariat kontorunun xüsusi notariusu İradə Hüseynova tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hüseynova X8 vərəsəsi – Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 18, mənzil 4 ünvanında qeydiyyatda olan oğlu- Ərizəçi - Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 18, mənzil 4-miras əmlakdan 1/1 hissə irs almalıdır. İşin materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Musayeva X15 xx.xx.1944-cü ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası X18 Mövsümqızıdır və bu barədə akt qeydləri kitabında xx.xx.1944-ci il tarixdə 471 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan qeyd edilmişdir ki, vəsiyyət edilən X13 Tağı qızı vəsiyyət qoyan Musayeva X5 qabaq vəfat etmişdir. Ona görə Hüseynova X8 adına həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs2 ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaş Musayeva X11 ilə bağlı sorğuya cavab olaraq bildirilmişdir ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41 -ci maddələrinə əsasən bank sirri hesab olunur. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Musayeva X11 xx.xx.2010-cu il tarixdə Maraqlı şəxs2 ASC-nin 2 saylı Nəsimi rayon filialında olan MSQM-112 nömrəli olan hesabdakı əmanətini və ona hesablanan faizi Ərizəçi anası Hüseynova X9 vəsiyyət etmişdir. xx.xx.2019-cu il tarixdə xeyrinə vəsiyyət edilmiş X6 vəfat etmiş, həmin vaxtdan 1 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə vəsiyyət edən Musayeva X11 vəfat etmişdir. Hazırda ərizəçi A.Musayevadan anasına vəsiyyət edilmiş miras əmlakın ona verilməsini tələb edir. Hazırki ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə baxır. Eyni Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını müəyyən edir. Eyni Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1224-cü maddəsinə əsasən vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: -1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; -1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; -1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Beləliklə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə, MM-in 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məhz bu andan vərəsənin miras əmlakdan pay almaq hüququ yaranır. Vəsiyyət edənin sağlığı dövründə vərəsənin belə hüququ olmur. Buna görə də xeyrinə vəsiyyətnamə tərtib edilmiş vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. Göründüyü kimi, ərizəçinin anası (xeyrinə vəsiyyətnamə tərtib edilmiş) X13 Tağı qızı, vəsiyyət edən Musayeva X5 öncə vəfat etmişdir. Məhkəmə hesab edir ki, Musayeva X7 xx.xx.2010-cu il tarixli vəsiyyətnaməsi qüvvədən düşmüş hesab edilməlidir. Belə olan halda, Ərizəçi xx.xx.2010-cu il tarixli vəsiyyətnamədə qeyd edilmiş miras əmlaka vəsiyyətnamə üzrə sahib ola bilməz. Belə ki, həmin miras əmlak vərəsələrə qanun üzrə vərəsəlik qaydasında keçəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə ərizənin “qohumluq əlaqəsinin müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ərizəçi həmin tələbinin əsaslı olmasını, yəni anası Hüseynova X8 həqiqətən Musayeva X7 bacısı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 22 saylı Notariat Ofisinə və Maraqlı şəxs2 ASC-yə qarşı «qohumluq əlaqəsinin müəyyən edilməsi və mirasın verilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 22 saylı Notariat Ofisinə və Maraqlı şəxs2 ASCyə qarşı «qohumluq əlaqəsinin müəyyən edilməsi və mirasın verilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar