Məhkəmə qərarları › İş №2(006)-2672/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2672/2022

29.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2672/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili –Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 3 nömrəli tam orta məktəb və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 3 nömrəli tam orta məktəbə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri 3 nömrəli məktəbdə bağladığı əmək müqaviləsinə uyğun olaraq iş yerində əmək fəaliyyətinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri 3 nömrəli tam orta məktəblə bağlanmış əmək müqaviləsinə uyğun olaraq iş yerində (laborant) işə geri qaytarılmasından imtina olunan tarixdən əmək fəaliyyətinin təmin edilməsi vəzifəsinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər “Xəlilova” soyadı daşımışdır, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahı pozulduqdan sonra “Abdullayeva” soyadını qəbul etmişdir. xx.xx.2011-ci il tarixində Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbə laborant vəzifəsinə qəbul olunmuşdur. 3 nömrəli məktəbdə işləyərkən Bakı şəhər üzrə Təhsil İdarəsinin göstərişinə əsasən bir neçə dəfə başqa məktəblərdə müvəqqəti olaraq ibtidai sinif müəllimi vəzifəsində işləmək üçün göndərilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixində 2017-2018 tədris ilinin sonunadək 276 nömrəli məktəbə ibtidai sinif müəllimi təyin olumuş və xx.xx.2018 il tarixində əmək müqaviləsi müddəti bitdiyi üçün ləğv olunmuşdur. xx.xx.2018ci il tarixində yuxarıda qeyd olunduğu səbəbdən yəni müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün 3 nömrəli məktəbdə laborant vəzifəsinə bərpa olunmuşdur. xx.xx.2018-ci il tarixində 2018/2019 tədris ilinin sonunadək 244 nömrəli məktəbə ibtidai sinif müəllimi təyin olumuş və xx.xx.2019-cu il tarixində həmin məktəbdə müddətli əmək müqaviləsinə xitam verilmişdir. 3 nömrəli tam orta məktəbin 148 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə laborant vəzifəsinə bərpa edilmişdir. 3 nömrəli məktəbin 158 saylı xx.xx.2019-cu il tarixli əmrlə 244 nömrəli məktəbə xx.xx.2019-cu il tarixindən 2019/2020 tədris ilinin sonuna dək (xx.xx.2020-ci il tarixədək ) müvəqqəti işdən azad edilmiş və 244 nömrəli məktəbin xx.xx.2019-cu il tarixli əmri ilə müvəqqəti ibtidai sinif müəlliməsi vəzifəsinə təyin olunmuşdur. 244 nömrəli məktəbin 41 saylı xx.xx.2020-ci il tarixli əmri ilə müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində 283 nömrəli məktəbə müddətli əmək müqaviləsi ilə ibtidai sinif müəllimi təyin olunmuş və xx.xx.2021-ci il tarixində onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Laborant vəzifəsindən müvəqqəti azad olunub ibtidai sinif müəllimi vəzifələrində çalışması öz təşəbbüsü ilə deyil, Bakı şəhəri üzrə Təhsil idarəsinin müvafiq göstərişi əsasında olmuşdur. Əmək kitabçasından görünür ki, bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişinə əsasən başqa məktəblərdə müvəqqəti müəllim vəzfəsinə qəbul olunduqdan sonra 3 nömrəli məktəbə laborant vəzifəsinə qayıtmışdır. Başqa məktəblərdə müvəqqəti müəllim işlədiyindən sonra onun 3 nömrəli məktəbə laborant vəzifəsinə qayıtması heçdə təsadüf deyil. Başqa məktəblərə müvəqqəti işləməyə getdiyinə görə faktiki olaraq ora ezam olunmuş hesab edilməli və onun əsas iş yeri 3 nömrəli məktəb hesab edilməlidir. Belə olan halda 2021-ci ildə 283 nömrəli məktəbdə işini qurtardıqdan sonra hər bir halda 3 nömrəli məktəbdə laborant vəzifəsinə qayıtmalıdır. Lakin 3| nömrəli məktəbin direktoru onu əvvəlki vəzifəsinə, yəni məktəbin laborant vəzifəsinə qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bununla bağlı 3 nömrəli məktəbə rəsmi ərizə ilə müraciət etmiş, lakin ona faktiki rədd cavabı verilmişdir. Hesab edir ki, bununla 3 nömrəli məktəbin direktoru Azərbaycan Respublikasının Konstitusiyasının və Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur və müddəalarına açıq aşkar hörmətsizlik nümayiş edir. Hal-hazırda onun himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var və nikahı məhkəmə qərarı ilə pozulduqdan sonra 3 nömrəli məktəbdəki iş yeri onun və uşağlarının yeganə dolanışıq yeridir. Belə vəziyyətdə üç uşaq anasının hansı səbəbdən işsiz qaldığı sualı yaranır. Hesab edir ki, bunun səbəbi 3 nömrəli məktəbin direktorunun qanunazidd olan mövqeyidir. Yuxarı orqanın göstərişi ilə müvəqqəti olaraq başqa iş yerinə göndərilən işçi, müvəqqəti iş yerində işini bitirdiyi halda mütləq əvvəlki iş yerinə qayıtmalıdır. Onun bu hüququ 3 nömrəli məktəbdə reallaşmışdır, lakin məktəb direktorunun indiki qanunsuz əməli yəni onun qanunsuz olaraq işə buraxılmaması onun bu hüquqlarının kobud pozulmasına gətirir. Cavabdehlə aralarında yaranmış mübahisəni mediasiya vasitəsi ilə yoluna qoymaq cəhldləri nəticə verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2003-cü il tarixli ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2011ci il tarixdə Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbə laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə 2017/2018 tədris ilinin sonunadək (xx.xx.2018-ci il tarixədək) Bakı şəhəri 276 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi təyin olunduğu üçün müvəqqəti olaraq işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 276 nömrəli tam orta məktəbin rus bölməsinə müddətli əmək müqaviləsi ilə göndəriş müddəti başa çatdığı üçün xx.xx.2018-ci il tarixdən Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbə öz vəzifəsinə bərpa edilmiş, xx.xx.2018-ci il tarixində 2018/2019 tədris ilinin sonunadək (xx.xx.2019-cu il tarixədək) 244 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi təyin olunduğu üçün müvəqqəti olaraq işdən azad edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 244 nömrəli tam orta məktəbin rus bölməsinə müddətli əmək müqaviləsi ilə göndəriş müddəti başa çatdığı üçün xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbə öz vəzifəsinə bərpa edilmiş, xx.xx.2019-cu il tarixdə 2019/2020 tədris ilinin sonunadək (xx.xx.2020-ci il tarixədək) 244 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi təyin olunduğu üçün müvəqqəti olaraq işdən azad edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 283 nömrəli tam orta məktəbin rus bölməsinə müddətli əmək müqaviləsi ilə sinif müəllimi təyin edilmiş, xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 244 nömrəli tam orta məktəbə ünvanlanmış xx.xx.2019-cu il tarixli 5149-02/10 saylı məktubdan görünür ki, Bakı Şəhəri üzrə Təhsil idarəsi 2019/2020-ci dərs ilində ümumtəhsil məktəblərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilmiş müsabiqədə nəticəsi 39 bal olan X1 məktəbinizdə vakant olan rus bölməsinin İİx sinfində dərs saatlarını tədris etməsini və onunla 2019/2020-ci dərs ili müddətində (16 sentyabr 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək) müddətli əmək müqaviləsinin bağlanmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 3 nömrəli tam orta məktəbə laborant vəzifəsinə işə qəbul edilmiş, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərişlərinə əsasən xx.xx.2018-ci il tarixdə 2017/2018 tədris ilinin sonunadək (xx.xx.2018-ci il tarixədək) Bakı şəhəri 276 nömrəli tam orta məktəbə, xx.xx.2018-ci il tarixində 2018/2019 tədris ilinin sonunadək (xx.xx.2019-cu il tarixədək) və xx.xx.2019-cu il tarixdə 2019/2020 tədris ilinin sonunadək (xx.xx.2020-ci il tarixədək) 244 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi təyin olunduğu üçün Bakı şəhəri 3 nömrəli tam orta məktəbdən müvəqqəti olaraq işdən azad edilmiş, göndəriş müddətləri başa çatdıqdan sonra Bakı şəhəri 3 nömrəli tam orta məktəbdə öz vəzifəsinə bərpa edilmişdir. Sonuncu göndəriş olan Bakı şəhəri 283 nömrəli tam orta məktəbdən (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) qayıtdıqdan sonra öz vəzifəsinə bərpa edilməmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının əsas iş yeri Bakı şəhəri 3 nömrəli tam orta məktəb olmuş, digər məktəblərə isə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərişləri əsasında müvəqqəti olaraq, yəni ezam göndərilmiş, göndəriş müddətləri qurtardıqdan sonra əsas iş yerinə, Bakı şəhəri 3 nömrəli tam orta məktəbə öz vəzifəsinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsində, eyni zamanda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları adıçəkilən Məcəllənin 70-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün göstərilən maddələrdə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamış, eyni zamanda cavabdehlər tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı işə geri qaytarılmasından imtina olunan tarixdən əmək fəaliyyətinin təmin edilməsini tələb etməkdə haqlı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri 3 nömrəli tam orta məktəblə bağlanmış əmək müqaviləsinə uyğun olaraq iş yerində (laborant) işə geri qaytarılmasından imtina olunan tarixdən (xx.xx.2021-ci il) əmək fəaliyyətinin təmin edilməsi vəzifəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar