Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2673/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 33 ildir ki, Respublikanın Səhiyyə sahəsində həkim kimi işləyir. Həyat yoldaşı X3 Respublikanın Silahlı Qüvvələrində 27 ildən yuxarı zabit kimi xidməti ilə əlaqədar olaraq onun xidmət etdiyi ön müdafiə mövqelərində yerləşən rayonlarda həkim- terapevt kimi işləmişdir. 2011-ci ildən Füzuli rayon Qayıdış qəsəbə xəstəxanasının baş həkimi kimi 2020-ci ilin avqust ayının 4-nə qədər çalışmışdır. Həmin gün, yəni 2020-ci ilin avqust ayının 4-də beynəlxalq "Zoom" proqramı vasitəsi ilə müsabiqədən keçərək TƏBİB tərəfindən müvafiq əmrlə Füzuli rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuş, lakin onunla əmək müqaviləsi işə təyin olunduğu 04 avqust tarixində bağlanmamışdır. Müzəffər Ali Baş Komandanımızın rəşadətlə başa çatdırdığı 44 günlük Vətən müharibəsinin başlanmasından bir gün əvvəl xx.xx.2021- ci il tarixində İTS və TƏBİB - dən zəng edərək bildirilmişdir ki, Ağcəbədi rayonuna sənəd göndəriblər, təcili ora gedib sənədə imza atmaq lazımdır. Həmin vaxt iddiaçının baş həkimi olduğu xəstəxana müharibəyə hazırlığa gətirilirdi, mümkün yaralıların qəbulu üçün hazırlanırdı, dərman preparatları, qan bankları qəbul olunurdu, dərman preparatlarının sifarişi, yaralılar üçün çarpayıların artırılması, çoxsaylı cərrahiyyə otaqlarının yaradılması, sürücü maşın, cərrah feldşer təyini kimi hazırlıqlar görülürdü. İddiaçı təcili olaraq 150 km məsafədə yerləşən Ağcəbədi rayonuna çağırılmağını hərbi tədbirlə bağlı bir iş olduğunu düşünürdü. Ağcəbədi rayonuna çatanda isə iddiaçıya əmək müqaviləsini göstərdilər, vaxt məhdud olduğundan yalnız 1-ci vərəqdə 3 ay sınaq müddəti diqqətini cəlb etdi. İmza atmayaraq TƏBİB -ə kadr idarəsinə zəng etdi. İddiaçı ilə xx.xx.2020 -ci il tarixdə TƏBİB tərəfindən bağlanmış müddətsiz əmək müqaviləsinin 3 ay sınaq müddəti göstərilən əmək müqaviləsinə dəyişilməsinin səbəbini soruşdu. İddiaçıya cavab verdilər ki, 3 ay sınaq müddəti formal bir prosedur qaydasıdır, hamı ilə belə bağlanır, narahat olmasın, 3 aydan sonra müqavilə müddətsiz olacaqdır. Həmin müqavilə ilə, yeni bir müqavilə bağlanmadan 05 noyabr 2021-ci il tarixədək işlədi. Yəni heç bir müqavilə bağlanmadan bir il üç ay. X2 rəşadətli qələbəsi ilə başa çatdı. Bundan sonra xəstəxanada diqqət qazilərin sağalmalarına, əhalinin və azad olunmuş 7 rayonda işləyən mülki şəxslərin tibbi təminatına, COVİD-19 pandemiyası ilə mübarizəyə yönəldi. Bu fəaliyyəti təşkil edərək yetmiş min nəfərədək şəxsin vaksinasiyasını təşkil etmiş, bu hər gün demək olar ki, 300 -400 nəfər şəxsin vaksinasiyasıdır. Bu cür gərgin iş vaxtında, 28 may 2021-ci ildə Füzuli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru TƏBİB tərəfindən vəzifəsindən azad edildi. İddiaçı cavabdeh TƏBİB tərəfindən eyni zamanda müvəqqəti olaraq həmin vəzifəyə təyin edildi. Həmin vəzifəni iyul ayının 1- dək icra etdi, həmin tarixdə TƏBİB tərəfindən Mərkəzi xəstəxanaya yeni direktor təyin edildi və iddiaçı baş həkim olaraq əvvəlki vəzifəsini icra etməyi davam etdirdi. Bundan sonra TƏBİB-dən iddiaçıya vəzifədən öz arzusu ilə çıxmaq barədə ərizə yazsın deyə təzyiqlər başladı. xx.xx.2021-ci il tarixdə TƏBİB-dən Anar adlı məsul işçi mərkəzi xəstəxanaya zəng edərək iddiaçının öz xahişi ilə vəzifədən çıxmaq ərizəni yazmağını tələb etdi. Heç bir ərizə yazmadı, həmin tarixdən başlayaraq İTS və TƏBİB-in rəhbərlərinə çoxsaylı məktublar yazdı, teleqramlar vurdu, onu qəbul etmələrini xahiş etdi. İTS və TƏBİB rəhbərləri isə iddiaçını qəbul etmək, dinləmək əvəzinə, əksinə xx.xx.2021 -ci il tarixdə 17:30 radələrində iddiaçı işdə olarkən (iddiaçının iş saatı 16-00 dək idi, TƏBİB tərəfindən isə saat 19-00-dək işləmək tələb olunurdu) TƏBİB-dən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr göndərildi. TƏBİB iddiaçı ilə əmək müqaviləsinə onu əvvəlcədən məlumatlandırmadan xitam verərək işdən azad etməklə kifayətlənməmiş, onun adını həkim kimi Səhiyyə Nazirliyinin portalından da silmişdir. Müharibədə qələbə günümüzün ildönümünün bayram edilməsinə 3 gün qalmış, bu müharibədə yaralıları həyata qaytarmış həkimə və onun əməyinə TƏBİB tərəfindən verilən bu qiymət ən azı ədalətsizlikdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin səbəbini öyrənmək üçün xx.xx.2021-ci il tarixdə, yəni xitam əmrindən bir gün sonra İTS və TƏBİB-ə gəlmişdir. Hər iki qurumda müxtəlif bəhanələrlə qəbul olunmamışdır. Xitam əmrindən 17 gün sonra TƏBİB tərəfindən nəhayət ki, əmək kitabçasını verdilər. Əmək kitabçasına baxarkən xx.xx.2020-ci ildə Qayıdış qəsəbə xəstəxanasının baş həkimi vəzifəsindən öz ərizəsi ilə işdən çıxarılmağı, səhəri gün isə dəfələrlə böyük vəzifəyə rayon Mərkəzi xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağı barədə qeydləri gördü. İddiaçı öz xahişi ilə işdən çıxarılmağı və yeni vəzifəyə təyin olunmağı barədə heç bir ərizə yazmamışdır. Çünki iddiaçı müsabiqə yolu, əvvəlki vəzifədən çıxarılmadan, dəfələrlə yuxarı vəzifəyə təyin olunmuşdur. TƏBİB tərəfindən iddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi davam etdirilməli, iddiaçının isə müsabiqənin qalibi kimi vəzifəsinin dəyişdirilməsi əmri verilməli idi. Əmək müqaviləsi isə ancaq müddətsiz bağlanmalı idi. İddiaçı baş həkim kimi fəaliyyətə başladığı vaxtdan, əvvəllər qanunsuz və əsassız olaraq verilmiş əlillik qruplarının ləğv edilməsi, lazımı sənədlərin tələb edilməsini həyata keçirmişdir. Bu isə, əlillik qrupları qanuni olaraq kəsilmiş və onlara havadarlıq edən şəxslər tərəfindən işinə əngəllik yaradılmasına səbəb olmuşdur. Rəsmi internet səhifələrindən də TƏBİB-ə rəsmi olaraq dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, iddiaçı ilə qanunsuz olaraq xitam verilmiş əmək müqaviləsi bərpa olunmamış, heç bir işlə təmin olunmamışdır. İddiaçının işlə təmin olunmamağı o vaxtdadır ki, Füzuli rayon xəstəxanasında 70 nəfərə yaxın müxtəlif vəzifəli həkim çatışmır, əhaliyə tibb xidmətinin təşkili yarıtmaz vəziyyətə düşmüşdür. TƏBİB tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl iddiaçıya bu barədə heç bir bildiriş verilməmiş, həmkarlar ittifaqına sorğu yazılmamış, sorğuya cavab alınmamışdır. TƏBİB tərəfindan qəfildən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin ədalətsiz və qanunsuz olmasını dövlətimizin qanunları sübut edir. İcbari Tibbi Sığorta Agentliyi tərəfindən iddiaçı ilə “Əmək Məcəlləsinin 73-cü maddəsi” ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. TƏBİB tərəfindən iddiaçıya verilmiş əmrin surətində "Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən" əmək müqaviləsinə xitam verilməsi göstərilir. Göründüyü kimi bu əmrlər bir-biri ilə ziddiyyət təşkil edir. Bu da iddiaçı ilə əmək muqaviləsinə qəfil xitam verilməsinin qərəzli münasibətinin nəticəsi olduğunu göstərir. Belə ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında və bundan əvvəl ləğv olunmuş Füzuli rayon Diaqnostik Mərkəzində işləyən rəhbər heyətin əmək müqaviləsinin vaxtı sentyabr-oktyabr aylarında bitmişdir, yəni iddiaçının müqaviləsindən əvvəl bitmişdir. Onlarla TƏBİB tərəfindən hər hansı yeni əmək müqaviləsi bağlanmamışdır. Lakin hal-hazırda həmin rəhbər heyət bu günə kimi öz vəzifələrində işləyirlər və əmək haqqı alırlar. İddiaçı isə əmək müqaviləsinə həmin şəxslərdən sonra xitam verilməsinə baxmayaraq, işləmir, işdən azad olunmuşdur. İddiaçıya TƏBİB-dən verilmiş əmək kitabçasında baş həkim kimi işə qəbul və çıxarılma əmrlərinə möhürlərin vurulmaması da işə qarşı qərəzli fikrin olduğunu bir daha sübut edir. Göstərilənlərə əsasən əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə verilmiş xitamın ləğv edilməsi və həmin əmək müqaviləsi üzrə iddiaçı ilə yeni əmək müqaviləsi bağlanılaraq işinə bərpa olunmağı, xx.xx.2021-ci il tarixdən keçən müddət üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ilə TƏBİB arasında xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə iddiaçı “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktorun müavini-baş həkim vəzifəsinə işə qəbul edilmişdir. Sonradan iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin xitamının qanunsuz olmasını, işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi müvafiq maddələr, hazırki işin faktiki hallarına tətbiq oluna bilməz. İddia tələbi müəyyən təsdiqedici sənədlərin – sübutların məhkəməyə təqdim edilməsi zərurətini yaradır. Halbuki, iddia ərizəsinə nəzər saldıqda, iddiaçının tələbini əsaslandırmaq üçün, ümumiyyətlə, heç bir sübuta istinad etmədiyinin, sadəcə şəxsi mülahizələrdən və əmək qanunvericiliyinin bir sıra maddələrini sadalamaqla çıxış etdiyinin şahidi oluruq. Əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması müqavilə tərəflərinin sərbəst iradə ifadəsindən asılıdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı əmək münasibətlərinin müddətsiz olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, əksinə son haqq-hesab ödənişlərini qəbul edərək, bununla razılaşmış, müvafiq əmri qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Bundan əlavə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını tələb etməkdə də haqlı deyildir. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən və işin faktiki hallarından göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni xx.xx.2021-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı isə qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti ötürərək, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürdüyündən, iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən Cavabdeh publik hüquqi şəxsinin idarə heyətinin sədri X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktorun müavini-baş həkimi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə 03 ay müddətinə bağlanılmışdır. İş materiallarında olan Cavabdeh publik hüquqi şəxsinin 04 noyabr 2021-ci il tarixli, 03-259 saylı əmrindən görünür ki, “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktorun müavini-baş həkimi vəzifəsində işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətinin qurtarması əsası ilə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/6-448 nömrəli arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 50 manat məbləğində pul ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsinin tabeliyində olan “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktorun müavini-baş həkimi vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə, belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən İddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin İddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında əmrin ləğvi üçün əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «əmrin ləğv edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «məcburi işburaxma müddəti üçün iddiaçının xeyrinə əmək haqqı ödənilməsi» hissəsi də əsassız hesab olunmalıdır. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək kitabçasını və işdən çıxarılması ilə bağlı əmrin surətini xx.xx.2021-ci il tarixdə almış, məhkəməyə isə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə, hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2673/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2673/2022
22.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver