Məhkəmə qərarları › İş №2(006)-2685/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2685/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2685/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borcun məbləği olan 5000 ABŞ dolları vəsaitin onun xeyrinə ödənilməsi və ödəniş öhdəliyinin “xxxx” ASCdə olan cavabdehin məzənnə ilə əlaqədər kompensasiyasına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2010-cu il tarixdə həyat yoldaşı X3 vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra o, vərəsənin müəyyən olunması ilə əlaqədər notariat kontoruna yaxınlaşmışdır. Beləliklə, 2012-ci il tarixdə o, həyat yoldaşının yeganə vərəsəsi olaraq, vərəsə haqqında şəhadətnaməni almışdır. Vərəsə haqqında şəhadətnamədə göstərilən kimi X2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi ona vərəsə edilmişdir. Bundan sonra o, həmin torpağı öz adına keçirərək ona məlumat verilmişdir ki, həmin torpaq girovdadır. Beləliklə, məlumat toplayaraq ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh “xxxx” ASC-də zamin duraraq həmin torpağı girova qoymuşdur. O, xxxxa yaxınlaşmış və ona məlumat vermişdirlər ki, Cavabdeh xx xxx 2009-cu il tarixdə 274 saylı kredit müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür və həmin kredit öhdəliyini yerinə yetirməmişdir. Həyat yoldaşı X3 cavabdehə zamin duraraq həmin torpağı girova qoymuşdur. Beləliklə, o, məcburiyyət qarşısında olaraq Cavabdeh yerinə 5000 ABŞ dolları məbləğində kredit borcu ödəyərək həmin torpağı girovdan çıxarmışdır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının cənab Prezidentinin 2019-cu il tarixli sərəncamına əsasən ABŞ dolları ilə kredit götürən vətəndaşlara məzənnə fərqi olduğu üçün kompensasiya verilməlidir. X6 verilən məlumata görə Cavabdeh ABŞ dolları məbləğində kredit götürdüyü üçün, cavabdehə kompensasiya verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdehlə “xxxx” ASC arasında hər hansı kredit müqaviləsi bağlanmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh “xxxx” ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxx 2009-cu il tarixli, 274 saylı kredit müqaviləsi ləğv edilmiş və Cavabdeh “xxxx” ASC qarşısında pul öhdəliyinə xitam verilmişdir. Ümumiyyətlə, cavabdehin bu müqavilədən heç xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx xxx 2009-cu il tarixli, 274 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 ay müddətə illik 25 faiz ödəmək şərti ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 65 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinin təminatı kimi X2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxx 2009-cu il tarixli, 274 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh “xxxx” ASC qarşısında pul öhdəliyinə xitam verilməsi qət edilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2010-cu ildə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır və o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsindən irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1565 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019 №-li qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASC-nin hesabına 5000 ABŞ dolları pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tərəfindən “xxxx” ASC-yə 5000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Hazırda İddiaçı “xxxx” ASC-nin hesabına köçürdüyü pulu Cavabdeh banka olan borcunun əvəzi olaraq ödədiyini bildirərək həmin pulun cavabdehdən onun xeyrinə reqres qaydada tutulmasını tələb edir. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxx 2009-cu il tarixli, 274 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh “xxxx” ASC qarşısında pul öhdəliyinə xitam verilməsi qət edilmişdir. Belə ki, həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx xxx 2009-cu il tarixli, 274 saylı kredit müqaviləsi bağlansa da, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin kredit öhdəliyi icra edilməmiş və Cavabdeh hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin bank qarşısında öhdəliklərini icra etdiyi üçün həmin öhdəlik üzrə tələb hüququnun ona keçdiyini bildirsə də, işin araşdırılmış hallarından görünür ki, cavabdehin bank qarşısında hər hansı öhdəliyi olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin bank qarşısında mövcud olmayan öhdəliyi üzrə iddiaçının banka 5000 ABŞ dolları pul ödəməsi sonuncuya həmin pulu cavabdehdən reqres qaydada tələb etmək hüququ vermir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçının cavabdehdən 5000 ABŞ dolları vəsaitin onun xeyrinə ödənilməsini və ödəniş öhdəliyinin cavadehə hesablanmış kompensasiyaya yönəldilməsini tələb etməsinə əsas verən hər hansı hal müəyyən edilmədiyindən iddia tələbi əsassızdır və rədd olunmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "pul" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar