Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2689/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə onunla Cavabdeh (VÖEN: **********) arasında müddətli əmək müqaviləsi bağlanmış və o, menecer vəzifəsində işə götürülmüşdür. Hazırda həmin müəssisə ilə əmək münasibətlərinə xitam verərək işdən ayrılmaq istəsə də, bu mümkün olmamışdır. Belə ki, “X5" MMC-nin rəhbəri olan X1 həm də müəssisənin yeganə əməkdaşıdır və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixində barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm qət edilmiş, hökmlə ona 2 il müddətində dövlət və özünün idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası teyin edilmişdir. Göründüyü kimi işçisi olduğu müəssisənin işəgötürəni olan şəxs barədə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir və müəssisənin ondan başqa yeganə işçisi odur. Buna görə də hazırda işdən çıxması barədə ərizəni təqdim edə biləcəkdir, həmçinin bunu qəbul edə və müvafiq prosedurların aparılmasını təmin edə biləcək hər hansı şəxs olmadığından əmək müqaviləmə xitam verilməsi mümkünsüz olmuşdur. Bu da onun konstitusion hüquqlarının pozulması ilə nəticələnməkdədir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və bu barədə məlumatın “Əmək və məşğulluq” alt sistminə (ƏMAS) daxil edilməsinin X2 Xidmətinə əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan My.gov.az vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də menecer vəzifəsində çalışmaqla, aylıq əmək haqqı 263.69 manat təşkil edir. İş materiallarında olan X2 tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh təsisçisi və direktoru vəzifəsində işləyən, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və özünün idaretmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, şirkət fəaliyyətini dayandırması səbəbindən İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin xitamına müvəffəq ola bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Göründüyü kimi, iddianın qaldırılmasına səbəb şirkətin fəaliyyətinin dayandırılmasına baxmayaraq onunla olan əmək müqaviləsinə xitam verilməməsi, bununla da iddiaçının başqa yerdə işə qəbul oluna bilməməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırda işəgötürən öz fəaliyyətini dayandırdığından, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2689/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2689/2024
27.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver