Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2710/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1967-ci il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. 30 aprel 1991-ci il tarixədək ailəsi ilə birlikdə orada yaşamışdır. 1990-cı ildə Gürcüstandakı məlum hadisələr zamanı daimi yaşamaq məqsədi ilə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçmüşdür. Həmin vaxt Gürcüstanın hakimiyyət orqanları ərizəçini və ailə üzvlərini məcburi şəkildə qeydiyyatdan çıxarmış və onlara ünvandan çıxarılmaqları barədə 20 nömrəli forma arayışı vermişlər. Ərizəçi 1991-ci ildə Bakı şəhərinə köçdükdən sonra şəhərin müxtəlif ərazilərində yaşayaraq, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 71 saylı evi alaraq, 1993-cü ildən hal-hazıra kimi qeyd edilən ünvanda qeydiyyatsız yaşayır. Həmin vaxtdan heç vaxt Gürcüstan Respublikasına keçməmişdir. SSRİ dağıldığı zaman Azərbaycanda olmuşdur. Qeyd edilənlərə əsasən ərizəçinin 1990-cı ilin iyun ayından halhazıra qədər olan müddət ərzində Azərbaycan Respublikasının ərazisində fasiləsiz yaşama faktının və mənsubiyyətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan ərizəçi ərizəsini dəqiqləşdirərək, heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 ərizəçi tərəfindən məhkəməyə təqdim olunan sənədlərin əsillərinin məhkəməyə təqdim edildiyi təqdirdə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xİİİ-Tİ № 721818 saylı pasportun (Sovet pasportu) surətinə əsasən Ərizəçi xx xxxxxx 1967-ci il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1139 nömrəli arayışdan görünür ki, qonşuların aktına əsasən Ərizəçi 1993-cü ildən hal-hazıra kimi anası X2 yanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Gürcüstan Səfirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “Gürcüstan Vətəndaşlıq haqqında” X7 30-cu maddəsinin “a” altbəndə müvafiq olaraq, Agentliyə təqdim olunan və əldə edilən sənədlərə əsasən xx.xx.1967-ci il təvəllüdlü Calalova X4 vətəndaşı hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1991-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır. Onun xalasıqızıdır. Ərizəçi 1990-cı illərdən Bakıda yaşayır. O, ərizəçi ilə həmin dövrdən qonşudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O, 1995-ci ildə həmin əraziyə gəlin köçəndə Fəridə xanım orada yaşayırdı. Hal-hazırda da həmin ünvanda anası ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. 1995-ci ildə həmin əraziyə köçəndə Fəridə xanım orada yaşayırdı. Hal-hazırda da həmin ünvanda yaşayır. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi 1990-cı illərdən Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşı deyildir. Hazırda ərizəçi həmin faktın təsdiq edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi Ərizəçi 1990-cı ildən Azərbaycan Respublikasında daimi yaşayır, eyni zamanda heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini cəlb etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə dair ərizəsi təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2710/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2710/2022
24.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver