Məhkəmə qərarları › İş №2(006)-2729/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2729/2023

14.12.2023 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2729/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin qanunsuz sahiblikdən geri qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin qanunsuz sahiblikdən geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış, AN-İ ******* saylı, 03 iyul 2019-ci il tarixli Alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə ilə verilmiş 0,0121 ha torpaq sahəsinin və onun üzərindəki tikilinin cavabdehin qanunsuz sahiblikdən geri qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 0,0121 ha torpaq sahəsinin alqı-satqısı barədə 03 iyul 2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən torpaq sahəsini 17000 manata razılaşmışlar. Həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdeh ona 2000 (iki min) manat ödəniş etmiş, yerdə qalan 15000 (on beş min) manat hissəsini isə 03 mart 2021-ci il tarixdək ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin tarixdən uzun zaman keçməsinə baxmayaraq öhdəlik tam icra edilmir. Həmin məbləğdən 1600 (min altı yüz) manat ödənilmiş, 13400 (on üç min dörd yüz) manat hissəsi qalmışdır. Lakin kredit müqaviləsinin predmeti olan 13400 manat pul cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin 10 gün ərzində cavab verməli olduğu halda cavab verməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə görə notarial qaydada təsdiq olunmuş 03 iyul 2019-cu il tarixli ANT-İ ******* nömrəli müqavilədə qeyd olunan 15.000 manatı tam həcmdə ödəmişdir. Bu xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu ildə 7000 manat, xx.xx.2019-cu ildə 7200 manat ödənmiş, qəbzlərdə öz təsdiqini tapmışdır. Bundan əlavə, xx.xx.2019-cu ildə İddiaçı torpaq sahəsinin üzərində olan ev üçün 29000 manat pul ödəmişdir. Bu da İddiaçı əlyazmasında öz əksini tapır. Məhkəməyə təqdim olunmuş İddiaçı tərəfindən 13400 manat borclu olması barədə əlyazma tamamilə başqa bir məsələyə görə borclu olduğunun əlyazmasıdır. Belə ki, sonradan məlum olmuşdur ki, İddiaçı ona evi satdığı zaman xx.xx.2019-cu ildə Bakı şəhər Prokurorluğunun ********* nömrəli məktubuna görə evə və torpaq sahəsinə həbs qoyulmuşdur və o, onu aldadaraq evi həbs olduğu halda ona satmışdır. Dəfələrlə İddiaçı evin onun adına keçirilməsi üçün həbsdən çıxarılmasını xahiş etmişdir, pula ehtiyacı olduğunu bildirmişdir. Lakin ev həbsdən çıxmadığına görə evi banka qoya bilməmişdir ki, pul götürsün, eyni zamanda evi girov qoya bilmir və icarəyə verə bilmir. Ona görə də ona 18780 manat dəyərində ziyan dəymişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha olan torpaq sahəsini cavabdehə satmışdır. xx.xx.2019-cu il tarixli İltizamdan görünür ki, cavabdehin iddiaçıya 13400 manat b0orcu var. Hər ayın 5-i 800 manat ödənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. İşin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus torpaq sahəsini cavabdehə satmışdır. Tərəflər arasında bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri tam aydın göstərilmişdir. Tərəflər müqavilə öhdəliklərini notariusun iştirakı ilə imzalamış və bütün öhdəlikləri qarşılıqlı olaraq qəbul etmişlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilənin ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. Bundan başqa, işin faktiki halları ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsindən sonra cavabdeh torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün müraciət etdiyi zaman torpaq sahəsi üzərində məhdudiyyətin qoyulduğu məlum olmuş, buna görə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməmiş, bundan sonra cavabdeh bu barədə iddiaçıya müraciət etmiş, iddiaçı ona ödənilmiş pul vəsaitindən 15000 manat hissəsini cavabdehə verərək, həmin məbləği ona hissə-hissə ödənilməsini, həmin müddət ərzində torpaq sahəsi üzərində olan məhdudiyyəti götürəcəyi ilə bağlı şifahi razılığa gəlmişlər, cavabdeh hər ay 800 manat olmaqla ümumilikdə 1600 manat ödəniş etmiş, lakin həmin müddət ərzində torpaq sahəsi üzərində olan məhdudiyyəti götürülmədiyindən cavabdeh borcun qalan hissəsini ödəməyi dayandırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən iddiaçı cavabdehə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 9-cu bəndinə əsasən iddiaçı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-9726/2023 saylı cavab məktubundan göründüyü kimi sözügedən daşınmaz əmlakın üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(012)-21/2022 saylı icra vərəqəsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-194/2020 nömrəli qərardadına əsasən məhdudiyyətin qoyulduğu müəyyən edilmişdir. Göstərilənlərdən belə məlum olur ki, iddiaçı torpaq sahəsi üzərində məhdudiyyəti götürmədiyindən cavabdeh torpaq sahəsinin dəyərindən qalan 13400 manat hissəni iddiaçıya ödəməyi dayandırmış, iddiaçı isə bu halı müqavilənin pozulması kimi qiymətləndirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsi hər iki tərəfin - alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir. Lakin işin hallarından göründüyü kimi cavabdeh torpaq sahəsi üzərində məhdudiyyət olduğu üçün mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir. Yəni iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi (əmlakı cavabdehin mülkiyyətinə verməyi) icra etməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi öhdəliklərin qarşılıqlı icrasına bağlı olduğundan cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin dəyərinin qalan hissəsinin ödənilməsini dayandırmaqda haqlıdır və bu hal müqavilənin pozulması kimi qiymətləndirilməklə ləğv olunması üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçının iddia ərizəsini təmin etmək üçün əsaslar müəyyən edilmir. Apelyasiya şikayətindəki dəlillərə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasına iddiaçı qeyd etdiyi dəliləri əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iddianın təmin edilən olması barədə iddiaçının dəlilləri iddia ərizəsini təmin etmək üçün əsas olmadığından iddia rədd edilməlidir. İddia tələbinin torpaq sahəsinin və onun üzərindəki tikilinin cavabdehin qanunsuz sahiblikdən geri qaytarılaraq iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb alqı-satqı müqavilələrinin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar