Məhkəmə qərarları › İş №2(012)-4422/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4422/2024

24.12.2024 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4422/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin ləğvi, evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin ləğvi, evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 17 saylı evə dair Abşeron rayonu Dövlət Notariat Kontorunda 12 dekabr 1997-ci il tarixdə Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 3M-3-365 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən Cavabdeh1 (X3) adına Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş reyestr kitabında 5269 nömrəsi ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinin ləğvi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 həmin evdən çıxarılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 təxminən 1985-ci il tarixdən ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı Azərbaycan Respublikasında yaşayış yeri olmadığından tətillərdə və daimi yaşamaq üçün geri qayıtdıqda burda yaşamaq üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 17 saylı evi yerləşdiyi 0,10 ha torpaq sahəsi ilə birlikdə Abşeron rayonu Dövlət Notariat Kontorunda xx.xx.1997-ci il tarixli 3M-3-365 reyestr nömrəli alqı-satqı müqaviləsinə bacısı Cavabdeh1 adına əsasən almış, həmin vaxtı bacısına ailə üzvləri ilə birlikdə həmin evə baxmaq, yay aylarında həmin evdən müvəqqəti yaşamaqla istifadə etmək üçün icazə vermişdir. İddiaçı artıq ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıdaraq qeyd etdiyi aldığı evdə məskunlaşmaq istəsə də, bacısı Cavabdeh1 və övladları buna etiraz etməsələr də, bacısının həyat yoldaşı Cavabdeh3 buna imkan vermir, bu məqsədlə ailə üzvlərinə də təzyiqlər göstərir. Göründüyü kimi Cavabdeh3 və ailə üzvləri bilərəkdən və istəyərək iddiaçını öz şəxsi vəsaiti ilə aldığı evdən-mülkiyyətindən məhrum etmişlər. Bununla da cavabdehlər iddiaçını öz evindən istifadədən, evə sahiblik və istifadə etmək, həmin ev barəsində sərəncam vermək hüququndan məhrum etmişlər. Cavabdehlərin Bakı şəhərində yaşamaq üçün qeydiyyatda olduqları özünə məxsus mənzilləri vardır. Eyni zamanda sözügedən evin iddiaçı tərəfindən alınması və iddiaçıya məxsus olması faktını gələcəkdə məhkəmə iclasında iştirak edəcək bacısı Cavabdeh1 izahatında və şahid qismində iştirak edəcək digər yaxın qohumlar ifadələrində təsdiq edərlər. Cavabdehlərdən dəfərlələ evin boşaldılaraq iddiaçıya təhvil verilməsini istəsə də, bundan imtina etmişlər. Ona görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, Cavabdeh1 və ailə üzvləri iddianı qəbul etmir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı göstərir ki, xx.xx.1997-ci ildə mübahisələndirilən evi bacısı Cavabdeh1 adına almışdır. Bakı şəhərində Cavabdeh1 qaynatasına məxsus evdə qaynının ailəsi ilə birlikdə əvvəllər yaşamış, evdə darısqallıq olduğuna görə 1997-ci ildə ev almaq qərarına gəlmiş, bir müddət ev axtararaq mübahisəli evi tapıb, baxıb bəyənmiş, satıcı ilə razılaşma əldə edərək həmin evi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına almışlar. Cavabdeh1 həyat yoldaşı işdən çıxa bilmədiyinə görə Cavabdeh1 qardaşı olan iddiaçı ilə birlikdə notariusa getmiş və evi həyat yoldaşıyla öz birgə vəsaiti hesabina əldə olunmuş pul hesabına alımışdır. İddiaçı həmin evə bir manat da olsun xərcləməmişdir. İddiaçı 2-3 ildən bir yay aylarında Azərbaycana gələndə Cavabdeh1 evində yaşayır, sonra Rusiya Federasiyasına qayıdırdı. 5-6 il əvvəl Cavabdeh1 həyat yoldaşıyla qərara gəlmişdir ki, iddiaçıya həyətyanı torpaq sahəsində ayrıca iki otaqlı ev tiksinlər, çünki övladları böyüyürdü, iddiaçı gələndə narahatçılıq olurdu. Həyətin bir hissəsində iddiaçıya iki otaqlı ev tikmiş və evi hasarla ayırmışlar ki, Rusiya Federasiyasından gələndə iddiaçı sərbəst orada yaşasın. İddia qaldırmamışdan 1-2 ay əvvəl iddiaçı bildirmişdir ki, həyətdə tikdikləri evi iddiaçının adına özəlləşdirsinlər. Cavabdehlər buna razı olmamışlar. İddiaçının niyyəti odur ki, həyətdə tikdikləri evi satıb Rusiya Federasiyasına getsin. İddiaçı iddia ərizəsində göstərdiyi kimi ailəli deyil, Cavabdeh1 bibisi qızı ilə ailə qurmuşdur, 10 il əvvəl bibisi qızı iddiaçıdan boşanmış, iddiaçi Rusiya Federasiyasında Tümen vilayətinin Nadım şəhərində tək yaşayır, məhkəməyə yalan məlumat verir. Cavabdeh1 evi aldığı keçən 27 il ərzində cavabdehlərin ailəsi iddiaçı ilə meriban münasibətdə olmuş, bu illər ərzində evlə bağlı hər hansı bir mübahisələri olmamışdır. Hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Ona görə də o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının Rusiyadan gələndə yaşaması üçün onlar sözügedən evi öz vəsaitləri hesabına tikmiş və Cavabdeh1 adına qeydiyyata almışlar. İddiaçı isə əsassız olaraq evin öz adına keçirilməsini tələb etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Azərbaycan Respublkası Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 1 otaqlı, yaşayış sahəsi 27,7 m2, ümumi sahəsi 27,7 m2 olan 17 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunun 3-M-3-365 saylı, 12 dekabr 1997-ci il tarixli qərarı əsasında 5269 nömrəli reyestr ilə Cavabdeh1 adına qeydə alınmışdır. -Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizədən görünür ki, mübahisələndirilən evin alınmasından 27 il müddət keçmişdir. Bu illər ərzində iddiaçı adı çəkilən evi mübahisələndirməmişdir. 1964-cü ildən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsində ümumi iddia müddəti 3 il müəyyən edilmişdir. Həmin Məcəllənin tələbinə əsasən iddia müddətinin məhkəmə tərəfindən məcburi tətbiq edilməsi göstərilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-377-ci maddələrini rəhbər tutaraq, məhkəmədən hazırki iş üzrə iddiaya etirazda göstərilənləri nəzərə almaqla və iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətini tətbiq edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, X1 Lalə Namaz qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsi, ev 17, Cavabdeh5 isə Bakı şəhəri, Yasamal rayonu, 13cü Xrebtovı, 86e ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Azərbaycan Respublkası Qeydiyyat Vəsiqəsinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 1 otaqlı, yaşayış sahəsi 27,7 m2, ümumi sahəsi 27,7 m2 olan 17 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunun 3-M-3-365 saylı, 12 dekabr 1997-ci il tarixli nömrəli alqı-satqı müqaviləsinə əsasında Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı həmin evin onun vəsaiti hesabına alındığını, aldığı evdənmülkiyyətindən məhrum edildiyini əsas gətirərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin ləğvi, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 340-cı maddəsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanan əqdlərə uydurma və yalan əqdləri aid etmişdir. Mülki Məcəllənin 340-cı maddəsində nəzərdə tutulan yalan başqa əqdi pərdələmək məqsədi ilə bağlanır. Yalan əqd də uydurma əqd kimi görünüş xarakteri daşıyır. Lakin uydurma əqdən fərqli olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq olunur. İşdən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 1 otaqlı, yaşayış sahəsi 27,7 m2, ümumi sahəsi 27,7 m2 olan 17 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunun 3-M-3-365 saylı, 12 dekabr 1997-ci il tarixli nömrəli alqı-satqı müqaviləsinə əsasında Hüseynova (Novruzova) Lalə Namaz qızının adına qeydə alınmış, ona qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin bağlanması tərəflərin izahatından da öz təsdiqini tapmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmiş, həmçinin həmin müqavilənin əlaqədar orqandan alınıb iş materiallarına əlavə edilməsi barədə iddiaçı tərəfin vəsatəti məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı tərəfindən müqavilənin ləğvi hissəsi sübut edilmədiyindən məhkəmə həmin hissəsdə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə müddətin tətbiqi barədə cavabdehin ərizəsinə gəldikdə isə qeyd edir ki, iddiaçının hazırki mübahisə üzrə əldə etmək istədiyi (tanınmalı olan) mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, eyni zamanda iddianın müqavilənin ləğvi hissəsi rədd edildiyindən hazırki mübahisəyə müddətin tətbiqinə zərurət yoxdur. Məhkəmə iddia tələbinin mövcud alqı-satqı müqaviləsi əsasında Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontorunun 3-M-3-365 saylı, 12 dekabr 1997-ci il tarixli qərarı əsasında 5269 nömrəli reyestr ilə Hüseynova (Novruzova) Lalə Namaz qızına verilmiş Qeydiyyat vəsiqəsinin ləğvi hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevanın şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi 12 dekabr 1997-ci il tarixli Qeydiyyat vəsiqəsi mövcud alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin əqd məhkəmə tərəfindən ləğv edilmədiyindən, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz. İddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 həmin evdən çıxarılaraq ona təhvil verilməsi hissəsində isə məhkəmə qeyd edir ki, iddia tələbinin alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin ləğvi təmin edilmədiyindən iddianın evdən çıxarılması hissəsi də təmin edilməməlidir. Belə ki, iddia tələbinin evdən çıxarılması hissəsi, müqavilənin və qeydiyyat vəsiqəsinin ləğvi tələbindən meydana gəldiyindən və həmin hissələr təmin edilmədiyindən iddianın bu hissəsi də, təmin edilə bilməz. Mülki Məcəlləsinin 152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları ümumi şəkildə qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı X2 iddia ərizəsi sübuta yetirilmədiyindən, həmçinin alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsinə heç bir əsas olmadığından təmin edilməməlidir. Bundan əlavə alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin ləğvi tələbi, cavabdehlərin sözügedən evdən çıxarılması tələbi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hüseynov Hüseyn (Guseinov Gusein) Namaz oğlunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi, evdən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar