Məhkəmə qərarları › İş №2(105)-1111/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1111/2024

11.06.2024 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1111/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair» mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin iş üzrə icraatın dayandırılması haqqında 27 mart 2024-cü il tarixli, 2(012)-1053/2024 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 0,0231 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 173,1 m2 olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumu əvəzinin cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iş üzrə icraatın dayandırılması barədə ərizə verərək bildirmişdir ki, o, İddiaçı QSC-yə qarşı aralarında bağlanmış müqavilənin şərtinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi Məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Həmin iddia ərizəsində şərtinin dəyişdirilməsini tələb etdiyi müqavilə hazırkı mülki iş üzrə iddianın predmetini təşkil edən müqavilədir. Odur ki, İddiaçı QSC-yə qarşı “müqavilə şərtinin dəyişdirilməsi tələbinə dair” iddiası üzrə məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini alanadək hazırkı mülki iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili Vəkil birinci instansiya məhkəməsinin iclasında ərizəni onunla əsaslandırmışdır ki, əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə 0.0231 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 173.1 m2 olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuş, daha sonra o, həmin əmlakını İddiaçı QSC-yə ipoteka qoymuşdur. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini İddiaçı QSC-dən 59500 manata almış, ilkin olaraq 15000 manat məbləğində pulu satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş və qalan 44500 manat məbləğin hər 6 ayda bir dəfə 5000 manat olmaqla ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra ilk vaxtlar Cavabdeh maddi vəziyyəti yaxşı olduğundan vaxtında ödəniş etmişdir. Ancaq pandemiya və işi ilə əlaqədar yaranmış problemlər səbəbindən cavabdehin gəliri aşağı düşdüyündən mövcud şərait əhəmiyyətli dərəcədə dəyişmişdir və hər 6 aydan bir 5000 manat məbləğində ödəniş etməyə onun maddi imkanı çatmamışdır. Cavabdeh İddiaçı QSC-yə qarşı tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinin dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə qalan 44500 manat məbləğində borca görə “hər 6 aydan bir 5000 manat məbləğində” pul ödənilməsi şərtinin “hər ay 300 manat məbləğində” ödəniş edilməsi şərti ilə əvəz edilməsini xahiş etmişdir və hazırda həmin tələbə dair mülki iş məhkəmənin icraatındadır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” Cavabdeh tərəfindən mübahisələndirildiyindən və Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işin nəticəsi digər işin nəticəsindən asılı olduğundan hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan işə baxılıb yekun qərar qəbul edilənə və həmin qərar qüvvəyə minənədək Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işin icraatı dayandırılmalıdır. Qeyd edilənlərə əsasən, o, iş üzrə icraatın dayandırılması barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X6 birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəfin məqsədyönlü şəkildə vaxt qazanmaq istədiyini bildirərək, vəsatətin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(012)-1053/2024 nömrəli qərardadı ilə cavabdehin vəsatəti təmin olunmuş və İddiaçı QSC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair» hazırkı iş üzrə icraat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında baxılan iddiaçı Cavabdeh İddiaçı QSCyə qarşı «müqavilə şərtinin dəyişdirilməsi tələbinə dair» iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmışdır (hakim Elman Məmmədov). Qərardaddan İddiaçı QSC-nin nümayəndələri Nümayəndə və X4 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1053/2024 nömrəli qərardadının ləğv edilməsini və işin baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1053/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1053/2024 nömrəli qərardadından İddiaçı QSC-nin nümayəndələri Nümayəndə və X4 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı iş üzrə icraatın dayandırılmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iş üzrə icraatın dayandırılmasına əsas olan hallar qanunvericilikdə konkret olaraq sadalanmışdır. Hazırkı halda icraatın dayandırılmasına heç bir əsas yoxdur. Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddiaçı müqavilə şərtlərinin dəyişdirilməsini, müqavilə üzrə qalan 44500 manat məbləğində borca görə hər 6 aydan bir 5000 manat məbləğində pul ödənilməsi şərtinin hər ay 300 manat məbləğində ödəniş edilməsi şərti ilə əvəz edilməsini xahiş edir. Həmin mülki iş üzrə qəbul ediləcək qərarın hazırki işin nəticəsinə təsiri yoxdur. Cavabdeh müqavilənin şərtlərini dəfələrlə pozduğundan bank artıq müqavilə münasibətlərinin davam etdirilməsində maraqlı deyil. Cavabdehin hazırda qaldırdığı və gələcəkdə qaldıracağı hər hansı bir iddia bankın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməlidir. Lakin Abşeron Rayon Məhkəməsi cavabdehin vəsatətinə düzgün hüquqi qiymət verməmiş, vəsatət rədd edilməli olduğu halda əsassız olaraq təmin edilmiş və iş üzrə icraat dayandırılmaqla iddiaçı bankın hüquqları kobud şəkildə pozulmuşdur. Bank hazırkı iş üzrə müqavilənin ləğv edilməsi və əmlakın boşaldılıb geri qaytarılmasını tələb etdiyi halda cavabdeh digər məhkəmədə həmin müqavilə üzrə borcunun hissə- hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. Borcun hissə-hissə ödənilməsi qətnamənin icrası mərhələsində həyata keçirilən prosesdir... Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Konkret halda digər iş üzrə qəbul ediləcək qərarın hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etməsi gözlənilmir. Cavabdehin məqsədi sadəcə olaraq işin gedişatını qanunsuz uzatmaq və əlavə vaxt qazanmaqdan ibarətdir... Konstitusiyanın 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İşin məhkəmədə baxılmasının əsassız səbəblərdən yubadılması mülkiyyətçi bankın məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnir. Cavabdeh hazırda mülkiyyət hüququ üzrə banka məxsus olan əmlakdan qanunsuz olaraq istifadə etməkdədir. Hazırkı iş üzrə icraatın dayandırılması cavabdehin hələ bir müddət öz qanunsuz hərəkətlərini davam etdirməsinə rəvac verəcək. Ona görə də icraatın dayandırılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1053/2024 saylı qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, həqiqətən də cavabdeh hüquqdan sui-istifadə edərək hazırkı iş üzrə məhkəmə icraatını yubandırmaq və işin tezliklə yekunlaşdırılmasına süni maneçilik yaratmaq məqsədilə digər məhkəmədə eyni predmet barəsində başqa əsasla iddia qaldırmışdır. Bu səbəbdən də cavabdehin xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin şərtini indi mübahisələndirməsi anlaşılmaz görünür. Lakin eyni zamanda məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə icraatı dayandırmaması cavabdehin məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilərdi. Xüsusən də, əgər məhkəmə iddianı təmin edən (müqaviləni ləğv edən) qətnamə çıxararsa, bu qətnamə digər məhkəmənin icraatında baxılan işin də predmetini ləğv etməklə həmin işin baxılmasını lüzumsuz etmiş olar. Belə ki, hər iki məhkəmədə baxılan iş üzrə mübahisənin predmetini alqı-satqı müqaviləsi təşkil edir və bir məhkəmədə həmin müqavilənin ləğvi tələbinə, digər məhkəmədə isə eyni müqavilənin şərtinin dəyişdirilməsi tələbinə baxılır. Nəzəri aspektdən əgər müqavilənin şərtinin dəyişdirilməsi tələbi təmin olunarsa, onda həmin müqavilənin ləğvi tələbi təmin edilə bilməz; yəni belə halda sözügedən müqavilə dəyişdirilmiş şərtlə yenidən bağlanmış sayılır və müqavilənin icrasına yenidən başlanılır. Bu kontekstdən müqavilənin ləğvi tələbinə baxan məhkəmə həmin müqavilənin şərtinin dəyişdirilməsi tələbinə baxan digər məhkəmənin iş üzrə yekun qərar çıxarmasını və qərarın qanuni qüvvəyə minməsini gözləməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mövcud vəziyyətdə birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də iddiaçının şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 1053/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayətin təmin edilməməsi barədə qərardad qəbul etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263-264, 395-396, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2(012)-1053/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar