Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2740/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili üzrə İddiaçı borcunun olmadığına dair arayışın, MTK-üzvlərinin ümumi iclasının protokolundan çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına və eyni zamanda maddi və mənəvi ziyana görə 2000 manat məbləğindən pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş məbləğ tam ödənilmişdir. Cavabdeh maliyyə arayışını vermədiyinə görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuş, maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTKnın üzərinə qoyulmuşdur. Bundan sonra iddiaçı maliyyə arayışını almışdır. Hazırda mənzilə dair çıxarış almaq üçün iddiaçıya müvafiq sənədlər – borcunun olmadığına dair arayış, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış zəruridir. Lakin həmin zəruri sənədləri iddiaçı tələb etdikdə cavabdeh həmin sənədləri verməkdən imtina edir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, cavabdeh həmin sənədləri iddiaçıya verməməklə iddiaçının mülkiyyət hüquqlarını pozur. Tikili Binəqədi rayonunda yerləşsə də, şirkət Nəsimi Rayonunda hüquqi qeydiyyatdan keçmişdir. Cavabdehin hərəkətləri iddiaçıya qarşı qərəzlidir. Belə ki, həmin sənədlərin verilməsi üçün iddiaçıdan pul tələb edilir. Buna görə də cavabdeh məhkəməyə müraciət etmişdir. Cavabdeh hərəkətləri ilə iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat pul ödəmişdir. Cavabdeh tərəfindən həmin sənədlərin qəsdən verilməməsi nəticəsində iddiaçı mənəvi əzab çəkmiş və mənəvi ziyan olaraq ona 2000 manat vurulmuşdur. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini azaltdığını və cavabdehdən maddi və mənəvi ziyana görə pul tələbinin olmadığını bildirərək iddia tələbinin digər hissəsinə münasibətdə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MTK-nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2740/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin şərtlərinə əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin 579 saylı xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin tikinti Cavabdeh MTK-nın üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirlir və və bu vəsaitlərin həcmini təşkil edən məbləğ uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir. Müqavilənin “1.1” bəndində göstərilənlərə əsaslanlaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin blokun “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kvadrat metr təşkil edən 2 otaqlı, 14 saylı mənzili “Kooperativ” (Cavabdeh MTK) “Payçıya” (İddiaçı) (mənzilin son kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra) verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilədə həmçinin tərəflərin öhdəlikləri, tərəflər arasında hesablaşmalar, müqavilənin əlavə şərtləri ətraflı şəkildə göstərilmişdir. - İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş məbləğ tam ödənilmişdir. Buna görə də iddiaçıya maliyyə arayışı verilmişdir. Hazırda mənzilə dair çıxarış almaq üçün iddiaçıya müvafiq sənədlər – borcunun olmadığına dair arayış, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış zəruridir. Göstərilənlərə əsasən, ünvan 1 Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili üzrə iddiaçının borcunun olmamasına dair arayışın, MTK-üzvlərinin ümumi iclasının protokolundan çıxarışın verilməsinin 3 gün müddətində təmin edilməsi Cavabdeh MTK-dan xahiş edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2769/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzil üzrə 1815 manat məbləğində pul ödənişinin Cavabdeh MTK tərəfindən qəbul edilməsi və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. - 12 dekabr 2023-cü il tarixli 64 nömrəli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili payçı İddiaçı müqavilə əsasında almış və pay dəyərini tam ödəmişdir. Payçının Cavabdeh MTKya borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər müqavilə bağlaması, iddiaçının müqavilə şərtlərini yerinə yetirərək pulu ödəməsi halları aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Belə ki, sözügedən normaya əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci, 178.2-ci maddələrinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə etmələri qərara alınmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinin məzmunu mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir . Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerlşən, Cavabdeh MTKya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzil üzrə mülkiyyət hüququ əldə etmiş və müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişdir. Lakin Cavabdeh MTK tərəfindən mənzilə dair çıxarış almaq üçün iddiaçıya müvafiq sənədlər – borcunun olmadığına dair arayış, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış verilməmiş, bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTKya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili üzrə İddiaçı borcunun olmamasına dair arayışın, Cavabdeh MTK-üzvlərinin ümumi iclasının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102,3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzili üzrə İddiaçı borcunun olmamasına dair arayışın, Cavabdeh MTK-üzvlərinin ümumi iclasının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2740/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2740/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver