Məhkəmə qərarları › İş №2(006)-2769/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2769/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2769/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ödənişin qəbul edilməsi və maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “ödənişin qəbul edilməsi və maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzil üzrə iddiaçı ilə MTK arasında 27 iyul 2012-ci ildə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş məbləğ demək olar ki, tam ödənilmiş, hazırda 1815 manat qalıq borcu qalmışdır. Həmin qalıq borcun ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə borcu qəbul etməmişdir. Daha sonra cavabdeh məhkəməyə müraciət edərək, mənzilin boşaldılmasını iddiaçıdan tələb etmişdir. Onun tələbinə əsasən guya iddiaçının böyük məbləğdə borcu olmuş, borcu ödəmir bu səbəbdən də mənzilin boşaldılmasını tələb edir. Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(001)-404/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdehlər İddiaçı və digərlərinə qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3501/2020 saylı iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, daha sonra cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(102)-2839/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmıdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, müqavilə üzrə ödəniş məbləği 66.495 manat müəyyən edilmiş, ilkin ödəniş 15.000 manat olmuş, daha sonra qalan məbləğlərin 2015-ci ilin iyun ayınadək hissə-hissə ödənilməklə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən müəyyən edilmişdir ki, iddiaçının cavabdeh şirkətə ümumilikdə borcu 1815 manat olmuşdur. Göründüyü kimi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh şirkətə çox cüzi borcu 1815 manat təşkil edir. Bu hal məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir. Cavabdeh daha çox məbləğdə pul tələb edir. Halbuki, iddiaçının cavabdehin tələb etdiyi məbləğdə borcu yoxdur. İddiaçının cüzi borc pulunu cavabdeh qəsdən götürmür, nəticədə iddiaçı maliyyə arayışını ala bilmir, mənzilinə dair çıxarışı alsın. Qeyd edir ki, iddiaçı həmin mənzili təmir etdirmişdir, 7 ildən artıq müddətdir ki, həmin mənzildə yaşayır. Cavabdehin bu hərəkətləri iddiaçının hüquqlarını kobud surətdə pozur. Cavabdeh şirkət öz öhdəliyini yerinə yetirməkdən imtina edir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etməzdən öncə şirkətə müraciət edərək, qalan borcun qəbul edilməsini və iddiaçıya maliyyə arayışının verilməsini xahiş etmişdir. Lakin, müraciətə cavab verilməmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı, 14 saylı mənzil üzrə 1815 manat pul ödənişinin qəbul edilməsi və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan hər hansı bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Mülki işin materiallarında olan 27 iyul 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri İH-nin 579 saylı, xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin tikinti Cavabdeh MTK-nın üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir. Müqavilənin 1.1-ci bəndində göstərilənlərə əsaslanaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada B blokunun 3cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən, 2 otaqlı, 14 saylı mənzili Kooperativ Payçıya (mənzilin son kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-404/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdehlər İddiaçı, X1 və X2 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2839/2021 saylı Qərarına əsasən Cavabdeh MTK tərəfindən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3501/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan ərizədən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə müraciət edərək, mənzil üzrə müqavilədə nəzərdə tutulan qalıq borcunun 1815 manatı ondan qəbul edilməsini və ona mənzilinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan kassa mədaxil orderinin qəbzin surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya mənzili dəyərini hissə-hissə ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iddia tələbinin cavabdehin üzərinə ödənişin qəbul edilməsi öhdəliyinin qoyulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2839/2021 saylı Qərarında qeyd edilmişdir ki, iddiaçı Cavabdeh MTK müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni xx.xx.2015-ci ildən etibarən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Lakin, iddiaçı öhdəliyin cavabdeh tərəfindən bütünlüklə icrasını məhkəmə qaydasında tələb etməmiş, əksinə cavabdehin hissə-hissə öhdəliyinin icrası ilə razılaşaraq faktiki olaraq qismən icranı qəbul etmişdir. Cavabdeh isə mənzili təmir elətdirmiş və 7 ildən artıq müddətdir ki, həmin mənzildə yaşayır. Həmin müddət ərzində cavabdeh öhdəliyini qismən icra edərək iddiaçıya az (cüzi) miqdarda, iddiaçının maliyyə arayışında göstərdiklərinə əsasən 3595, cavabdehin təqdim etdiyi qəbzlərə əsasən isə 1815manat borcu qalmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliyinin pozuntusu hər bir halda (3595 manat və ya 1815 manat olsa belə) cuzi olduğuna görə müqavilədən imtina edilməsi yolverilməzdir. Eyni zamanda, müqavilənin bağlanmasından 7 ildən artıq müddət keçdikdən sonra və həmin dövr ərzində cavabdehlərin mübahisəli mənzili təmir etdirərək orda yaşamalarını nəzərə alınarsa, müqavilədən imtina edilməsi hazırki mübahisəyə adekvat tədbir hesab edilə bilməz. Bu baxımdan iddia bu hissədə əsaslı hesab edilmədiyinə görə rədd edilməlidir. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında bağlanan müqavilənin ləğv edilməsini, mənzilin boşaldılmasını və təhvil verilməsini tələb etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında cavabdehin iddiası təmin edilməmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən vaxtaşırı ödənişlər həyata keçirilmiş və onun 1815 manat məbləğində qalıq borcu qalmışdır. Hazırda iddiaçının mənzildə 7 ildən cox müddət yaşamağına baxmayaraq cavabdeh tərəfindən ödənilməyən 1815 manat məbləğində qalıq borc qəbul edilmir və nəticədə də iddiaçıya borcun tam ödənilməsinə dair maliyyə arayışı iddiaçıya verilmir. Göründüyü kimi, Cavabdeh MTK tərəfindən İddiaçı mülkiyyət hüquqlarını pozulur, cavabdeh qalan borcu qəbul etmir, maliyyə arayışını verməkdən imtina edir, nəticədə isə iddiaçı mənzilə dair onun mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı artıq uzun müddətdir ki, müqavilə üzrə ona təhvil verilmiş mənzildə yaşadığından və borcunun böyük qismi ödənildiyindən cavabdeh tərəfindən ödənilməyən qalıq borc 1815 manat məbləğində pul vəsaiti qəbul edilməli və borcun iddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı ona verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzil üzrə 1815 (min səkkiz yüz on beş) manat məbləğində pul ödənişi Cavabdeh MTK tərəfindən qəbul edilməli və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi Cavabdeh MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı 14 saylı mənzil üzrə 1815 (min səkkiz yüz on beş) manat məbləğində pul ödənişi Cavabdeh MTK tərəfindən qəbul edilsin. Mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar