Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-277/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin eyvanında yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi, ev 23, mənzil 147 saylı mülkiyyətinin cavabdeh X3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizəsi əsasında cavabdeh X5 əsl Cavabdeh ilə əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 147 nömrəli mənzilin eyvanında cavabdeh tərəfindən quraşdırılmış kombi və qapı ilə bağlı yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ünvan 2 ünvanında həm qeydiyyatdadır, həm də yaşayır. 2018-ci ildə səhhəti ilə bağlı Türkiyə Respublikasına getmək məcburiyyətində qalmışdır. O, anidən ürək infarktı keçirmişdir. Onun Azərbaycan getməsindən uzun müddət mənzilin boş olmasından istifadə edən cavabdeh ona məxsus mənziliə aid olan eyvanın çox hissəsini zəbt etmişdir. Belə ki, ona məxsus mənzilin zəbt edilən hissəsində və elə binanın konstruksiyasına müdaxilə edərək, qapıların yerini dəyişmiş, nəticədə mətbəx və evin çox hissəsi qaranlıq vəziyyətinə düşməsinə səbəb olmuşdur. Bundan əlavə özünün istifadəsində olduğu kombi sisteminin də onun eyvanına quraşdırması mənzilində uqarın və səs-küyün olmasına səbəb olmuşdur. Dəfələrlə nalayiq təhqir, söyüşlər və hədə-qorxuya məruz qalmışdır. Nəticədə iddiaçı öz mülkiyyətindən ona məxsus mənzilinin özünə qaytarılmasında çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfndən zəbt edilmiş iddiaçıya məxsus mülkiyyətinə maneələrlə bu günə qədər sahiblənə bilmir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehin qapısı onların pəncərəsinin qarşısını tutur. Qapı elə qoyulsun ki, onlara hər hansı maneə olmasın. Qapı bundan əvvəl olduğu kimi, yəni, içəriyə doğru açılmaqla qoyulsun. Kombini isə elə asıblar ki, ipə paltarını asa bilmir. Ona görə də tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 1990-cı ildən evi alandan eyvanın ona aid hissəsində qapı olmuşdur. İndi sadəcə qapının modeli dəyişmişdir. İddiaçının həyat yoldaşının həmişə orada şkafı, stolu olmuşdur. Buna görə ona heç nə deməmişlər. İndiyə kimi söz-söhbətəri olmamışdır. Kombini divarın o biri tərəfinə qoymağın ideyasını iddiaçı özü vermişdir. Qapını daima açıq saxlamır. Səhər açıb işə gedir, axşam isə qayıdanda 1 dəfə açır. Kombi isə heç nəyə mane olmur. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 28682/2024 saylı məktubundan görünür ki, ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. xx.xx.2004-cü il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, X1 Bakı şəhəri, Nəsimi rayonu, ev 23, mənzil 147 saylı mənzili həyat yoldaşı İddiaçı bağışlamışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 192978 saylı qeydiyyat vəsiqəsindın görünür ki, Bakı şəhəri, K.Səfərəliyev küçəsi, ev 23, mənzil 147 İddiaçı məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh Rahib qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6805/2024 saylı rekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 147 nömrəli mənzilin eyvanına Cavabdeh tərəfindən kombi sistemi quraşdırılmaqla və həmin eyvandan bundan əvvəl mövcud olan keçid qapısı dəyişdirilməklə müdaxilə olunub-olunmaması məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid olmadığı və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 147 nömrəli mənzilin giriş-çıxış qapısı ümumi istifadədə olan dəhliz-eyvana, yəni binadan çıxış istiqamətinə tərəf açılır. Bu da “İnşaat Norma və Qaydalarının” 2.01.02-85-un 4.12-ci bəndinin tələblərinə uyğundur. Kombi sisteminin quraşdırılması tikinti-texniki nomra və qaydaları ilə tənzimlənmir. ünvan 1 ünvanında yerləşən 147 nömrəli mənzilin ümumi dəhliz-eyvanında Cavabdeh tərəfindən quraşdırılmış kombinin çıxış səmti ümumi istifadədə olan açıq dəhliz-eyvanda quraşdırılmışdır və onun yerinin dəyişdirilməsi mümkündür. ünvan 1 ünvanında yerləşən 147 nömrəli mənzilin ümumi dəhliz-eyvanında Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən 146 nömrəli mənzilə keçid zamanı giriş-çıxış qapısı ümumi istifadədə olan dəhliz-eyvana, yəni binadan çıxış istiqamətinə tərəf açılır və onun dəyişdiirlməsi mümkündür. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər qonşu olmaqla Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, ev 23 ünvanında yerləşən 147 nömrəli mənzil İddiaçı, 146 nömrəli mənzil isə Cavabdeh Rahib qızının mülkiyyətindədir. İddiaçı sakinlərin ümumi istifadəsində olan eyvanda (dəhlizdə) cavabdeh tərəfindən quraşdırılmış kombi və qapı ilə bağlı yaradılmış maneənin aradan qaldırılmasını (kombinin yerinin dəyişdirilməsi və qapının istiqamətinin içəriyə doğru dəyişdirilməsini) xahiş edir, iddiasını onunla əsaslandırır ki, cavabdeh tərəfindən eyvana quraşdırılmış kombi onun eyvandan geyim əşyalarını asmasına, qapının çöl istiqamətdən açılması isə onun pəncərəsinin qarşısını tutmaqla, evin çox hissəsinin qaranlıq vəziyyətə düşməsinə səbəb olur. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən (170, 171-ci maddələr) normalarının tələblərinə görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Məhkəmə qeyd edir ki, qapının istiqamətinin və kombinin yerinin dəyişdirilməsi barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin qapı və kombinin olduğu yerdə qalmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır. Göstərilən halların araşdırılmasından ötrü mübahisəli ünvana iddiaçının nümayəndəsi və cavabdehin iştirakı ilə yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, mənzilin yerləşdiyi bina beşmərtəbəli olmaqla, hər iki tərəfin mülkiyyətində olan mənzillər 4-cü mərtəbədə yerləşir. Baxış zamanı həmin mərtəbədə 3 mənzilin yerləşdiyi, hər mənzilə girişin ümumi dəhliz-eyvandan olduğu, hər bir mənzilə giriş üçün qapı olduğu, cavabdehə məxsus mənzilin həmin dəhliz-eyvandakı sonuncu mənzil olduğu, cavabdeh tərəfindən ümumi istifadədə olan dəhliz-eyvanın onun istifadəsində olan hissəsinin mənzilin ümumi sahəsinə əlavə edilərək, dəmir qapı qurşadırıldığı, həmin qapının ümumi istifadədə olan dəhliz-eyvan tərərə, yəni binadan çıxışa doğru açıldığı müəyyən olunmuşdur. Həmçinin cavabdehin quraşdırdığı dəmir qapının yanında ümumi istifadədə olan dəhliz-eyvanda kombi quraşdırıldığı aşkar olunmuşdur. Kombinin çıxış səmti ümumi istifadədə olan açıq dəhliz-eyvanda quraşdırılmışdır. Sözügedən mənzillərin dəhzili (ümumi eyvanı), həmin binanın digər mərtəbələrində olan mənzillərə giriş istiqamətinin, yəni digər mənzillərə gedən yola – dəhliz-eyvana baxış keçirilməklə müqayisəli şəkildə tədqiq olunmuş, hər mərtəbənin faktiki olaraq eyni vəziyyətdə olduğu, yəni, bir mərtəbədə 3 mənzil olmaqla, hər 3 mənzilin dəhlizinin eyni zamanda eyvan olması və həmin eyvanın bir mərtəbədə yerləşən qonşuların ümumi istifadəsində olması müəyyən edilmişdir. Baxış zamanı cavabdeh tərəfindən quraşdırılmış kombinin iddiaçıya hər hansı maneə törətmədiyi, eyni zamanda dəmir qapının mənzilin çöl qapısı olmaqla gün ərzində bağlı olması, yalnız evə giriş-çıxış zamanı açılıb-bağlanması, həmin zaman qapının açılmasının isə iddiaçının hər hansı hüquqlarına toxunmadığı – qeyd etdiyi kimi mənzilinin pəncərəsinin qarşısını bağlamaqla evin qaranlıq vəziyyətdə saxlanılması üçün heç bir halın baş vermədiyi müəyyən olunmuşdur. Əksinə, cavabdehin bildirdiyinə görə məhkəmə tərəfindən baxış keçirilən anadək iddiaçı tərəfindən cavabdehin qapısının açılmasına mane ola biləcək əşyaların qapının arxasına yerləşdirildiyi, bu səbəbdən qapının tam şəkildə açılmasının mümkün olmaması, məhkəmənin baxış keçirəcəyini bildiyindən iddiaçı tərəfin həmin əşyaları oradan götürərək təmizlənməsi bildirilmiş, iddiaçının nümayəndəsi – həmin mənzildə faktiki yaşayan bacısı Pərvanə Abıyeva tərəfindən isə bu hal təkzib edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 147 nömrəli mənzilin giriş-çıxış qapısı ümumi istifadədə olan dəhliz-eyvana, yəni binadan çıxış istiqamətinə tərəf açılır. Bu da “İnşaat Norma və Qaydalarının” 2.01.02-85*un 4.12-ci bəndinin tələblərinə uyğundur. Belə ki, həmin bəndə əsasən qapılar evakuasiya yolları üçün binadan çıxış istiqamətində açılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tələbində cavabdeh tərəfindən quraşdırılmış qapının və kombinin onun hüquqlarını pozduğunu bildirsə də, buna dair mötəbər sübutlar təqdim edə bilməmiş, belə halın baş verməsi işin məhkəmə araşdırılması ilə də öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin qapı və kombi quraşdırması iddiaçının özünə məxsus əmlaka dair sərəncam vermək, ondan istifadə etmək hüquqlarının həyata keçirilməsinə maneçilik törətmir. Bunun əksi, iddiaçının əmlakından istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törədilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Rahib qızına qarşı mənzilin eyvanında yaradılmış maneənin aradan qaldırılmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-277/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-277/2025
24.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver