Məhkəmə qərarları › İş №2(006)-2772/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2772/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2772/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh ASC-nin arasında olan borc müqaviləsinin faiz dərəcəsinin aşağı salınmasını cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində 25 il qüsursuz xidmət keçmiş İ qrup Qarabağ əlilidir. Ailə vəziyyətilə əlaqədar xx.xx.2019-cu ildə Cavabdeh ASC ilə borc müqaviləsi bağlayaraq 15976.94 manat pul götürmüşdür. xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək mütəmadi olaraq hər ay 468.76 manat pul vahidi Cavabdeh ASC-yə ödəniş etmişdir. Hal-hazırda həmin kredit borcu Dövlət tərəfindən ona təyin olunmuş pensiya məbləğinə yönəldilərək tutulur. Ailə vəziyyəti çox acınacaqlı vəziyyətdədir ki, o, özünü dolandıra bilmir. xx.xx.2022ci ildə o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdir. Aldığı kredit borcunun faiz dərəcəsinin aşağı salınmasına və ya bir hissəsinin bağşlanınasını xahiş etmişdir. 31 avqust 2021 -ci ildə İ qrup əlil həyat yoldaşı X8 dünyasını dəyişmişdir. Özü 2 dəfə COVİD xəstəliyi keçirmişdir. Hal-hazırda yataq xəstəsidir. 22 noyabr 2022-ci ildə Cavabdeh ASC rəhbərliyi tərəfindən ona ünvanlanmış 2251 saylı məktubda bbildirilmişdir ki, bu öhdəliyin icrasına təsir edən halların yaranması barədə sənədlər təqdim edildiyi və zaminlər təminatı şərti ilə borcun restrukturizasiyasına baxılınası mümkün hesab edilmişdir. Bu sənədlərlə razı olmuş və yenə bankın “Əhmədli" filialı 22 oktyabr 2020-ci ildəki borcu restrukturizasiya etmiş, 60 ay müddətinə 15976,94 manat məbləğində yeni kredit müqaviləsi rəsmləşdirilmişdir. Sonra ona məlum oldu ki, Cavabdeh ASC Əhmədli filialı onun savadı olmadığından faiz dərəcəsini azaltmaq əvəzinə artıraraq 25,5 % tətbiq etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X5 iddia ərizəsini qəbul etməyərək iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Əhmədli filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3203429A110 nömrəli kredit müqaviləsinə əsasən Borcalana 60 ay müddətinə illik 24.98 faiz (faktiki illik faiz dərəcəsi 25.5) olmaqla 15976.94 manat məbləğində gündəlik tələbat krediti verilmişdir. X1 Sevda Aydın qızının kredit müqaviləsi üzrə öhdəliyinə zamin durmuşdur. Onunla Bank arasında xx.xx.2022-ci il tarixində zaminlik müqaviləsi imzalanmışdır. Kredit məbləği iddiaçının ərizəsinə əsasən restrukturizasiya edilmiş və ona 60 ay müddətinə illik 24.98 faiz (faktiki illik faiz dərəcəsi 25.5) olmaqla 15976.94 manat məbləğində gündəlik təlabat krediti verilmişdir. Müqavilə şəxsən iddiaçı tərəfindən imzalanmışdır. Müqavilədə kreditlə bağlı bütün şərtlər ətarflı qeyd edilmiş, həmçinin faiz, məbləği, borc məbləğinin qaytarılma müddəti aşkar göstərilmişdir. Həm iddiaçı, həm də zamin müqavilə şərtləri ilə tanış olmaq imkanına malik olmuşlar. Bundan başqa müştəriyə ödəniş qrafiki təqdim edilmişdir. Ödəniş qrafikində müştərinin aylıq ödənişləri və yekun ödəniləcək məbləğ göstərilmişdir. Yəni, iddiaçı müqaviləni tam sərbəst olaraq öz iradəsi əsasında imzalamışdır. İddiaçı iddia edir ki, Bank onun savadsızlığından istifadə edərək onu aldatmış və faiz məbləğini artıq qeyd etmişdir. Lakin aldatma faktını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilən halda iddiaçının aldadılması mümkün deyil. Çünki tərəflər arasında tərtib edilmiş müqavilədə müqavilə şərti tam əhatəli şəkildə qeyd edilmiş və müştəri bu şərtlərlə tanış olmşdur. Bu hal müqavilənin imzalanması faktı ilə öz təsdiqini tapır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, etirazı iş materialları ilə birlikdə araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə, illik 24.34% ödəmək şərti ilə 13840.00 manat məbləğində kredit verməyi, ”borc alan” isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən kredit məbləği iddiaçının ərizəsinə əsasən restruktruzasiya edilmiş və ona 60 ay müddətinə illik 24.98 faiz (faktiki illik faiz dərəcəsi 25.5) olmaqla 15976.94 manat məbləğində gündəlik təlabat krediti verilmişdir. Müqavilə şəxsən iddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X1 Sevda Aydın qızının kredit müqaviləsi üzrə öhdəliyinə zamin durmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Əhmədli filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3203429A110 nömrəli kredit müqaviləsinə əsasən Borcalana 60 ay müddətinə illik 24.98 faiz (faktiki illik faiz dərəcəsi 25.5) olmaqla 15976.94 manat məbləğində gündəlik təlabat krediti verilmişdir. X1 Sevda Aydın qızının kredit müqaviləsi üzrə öhdəliyinə zamin durmuşdur. Onunla Bank arasında xx.xx.2022- cü il tarixində zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən aldadıldığını və bunun nəticəsi olaraq illik kredit faiz dərəcəsinin daha yüksək səviyyədə müəyyən edildiyini qeyd etsə də, yanılma səbəbindən həmin müqaviləni imzalamağa məcbur olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddia tələbi rədd edilməli, iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «öhdəliyin icra edilməsi» tələbinə dair iddia tələbi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar