Məhkəmə qərarları › İş №2(006)-2795/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2795/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2795/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "faiz borcunun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "faiz borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-ci ildə Cavabdeh ASC-nin Gənclik mall filialında kod (201025) müqavilə bağlayaraq 3.000 manat birkart taksit kartını almışdır. Kartdan istifadə etdiyi məbləğləri müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh ASC-nin təqdim etdiyi bir bank mobil tətbiqi vasitəsi ilə ödənişi həyata keçirmişdir. xx.xx.2025-ci il tarixində saat 23:22-də istifadə etdiyi məbləğə görə bir bank mobil tətbiq vasitəsi ilə ödənişi həyata keçirmişdir. Mobil tətbiqdə ödənişi qəbul olub və borcu bağlanıb. Lakin xx.xx.2025-ci il tarixində bir bank mobil tətbiqinə daxil olanda iddiaçıya 148.50 manat faiz borcu yazıldığını görmüşdür. Dərhal Cavabdeh ASC-nin qaynar xətti ilə əlaqə saxlamış və borcunun ödənildiyinin və mobil tətbiqdə hələ sıfırlandığı halda niyə faiz borcunun yarandığını soruşmuşdur. Əməkdaş bu faiz borcunu yaranmasını ona Mülki Məcəllənin 371-ci maddəsinə əsaslandığını bildirmişdir. Bu hallar Mülkü Məcəllə ilə tənzimləndiyini qeyd etmişdir. İddiaçı etiraz olaraq müqavilənin şərtlərində belə bir bənd olmaması və 371-ci maddədə belə bir halın olmadığını qeyd etmiş, bu zaman əməkdaş iddiaçıya bu məlumatların müştəriyə artıq məlumatların verdiyini deyərək danışığı bitirmişdir. İddiaçı xx.xx.2025-ci tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu nömrəsi 6-1-26/2-Q-3xx-xx-1408/2025 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu nömrəsi 3-21-1 /2-Q-9-21/2025 bununla bağlı yazılı formada müraciət etmiş, xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin Badamdar fılalında SK 033441-blankında şikayəti yazılı formada qeyd etmiş və yazılı formada cavab vermələrini bildirmişdir. xx.xx.2025-ci ildə “Kapital Bank'' ASC Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu nömrəsi KB-2**-KB-***/2- 185/2025 cavab məktubunda ‘Kapital Bank" ASC-nin müştəri müraciətlərinin araşdırılması şöbəsinin müdir vəzifəsini icra edən Rəhim Babayev adlı şəxs faiz borcunu yaranmasının tərəflər arasında bağlanan müqavilənin 4.18-ci bəndini rəhbər tutaraq cavab vermişdir. Müqavilənin 4.18-ci bəndində qeyd olunmuşdur ki, bankın əməliyyat saatları ərzində banka aid kassalar, ödəniş terminalları və ya digər ödəniş vasitələri ilə aparılmış ödənişlər müvafiq ödənişin həyata keçirildiyi gün, banka aid olmayan bütün digər ödəniş vasitələri ilə edilmiş ödənişlər isə vəsaitin banka daxil olduğu gün həyata keçirilmiş ödəniş kimi qəbul edilir. Bankın əməliyyat saatlarında kənar saatlarda həyata keçirilmiş ödənişlər vəsaiti banka daxil olduğu gün həyata keçirilmiş ödəniş kimi qəbul edilir. İddiaçının ödənişi əməliyyat saatlarından kənar vaxt icra olunduğuna görə faiz borcu hesablanan formaya keçmiş və müvafiq qaydada faiz hesablanmışdır. Ancaq bu cavab məktubunda əməkdaşların qeyd etdiyi mülkü məcəlləinin 371-ci maddənin tərkib hissəsi göstərilməmişdir. İddiaçının yazılı məktubuna cavab verilməmişdir. İddiaçı bu verilən cavabla razı olmayıb “Kapital Bank" ASC-nin Badamdar filialına yaxınlaşmış, Bankın Cavid və Kazım adlı əməkdaşları ilə görüşüb verilən cavabın müqaviləyə və mülkü məcəllənin 371-ci maddənin tərkib hissəsinə aid olmadığını bildirmişdir. İddiaçı ödənişini müqavilənin 4.18 ci bəndində qeyd edildiyi kimi bankın kassaları, ödəniş terminalları və ya digər banklara məxsus cihazlar, mobil tətbiq, atm və.s vasitəsi ilə deyil "xxxx" ASC-nin təqdim etdiyi bir bank mobil tətbiq vasitəsi ilə ödəmiş və mobil tətbiqdə belə ödəniş günü qeyd olunduğunu lakin əməliyyat saatını niyə qeyd etmədiklərini soruşanda cavab verməmişlər. Bunu bankın səhvi olaraq qeyd etmişlər. Ancaq tərəflər arasında bağlanan müqavilədə bankın əməliyyat satları qeyd edilməyib. Əməkdaşlar ona bunun müqavilədə səhvlik olduğunu bildirmişlər. O da müqavilə üzrə hərəkət etdiyindən əməliyyat saatları qeyd edilmədiyindən mobil tətbiq vasitəsi ilə ödənişi etmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixində əsassız olaraq tərtib etdiyi faiz borcunun ləğv edilərək ödədiyi vəsaitin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh “Kapital Bank" ASC-nin nümayəndəsi Nümayəndə Nemət oğlu etirazını yazılı izahat formasında məhkəməyə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında BRCB4216711B142 nömrəli birbank cashback kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xəttindən son istifadə tarixi xx.xx.2026-cı il müəyyən edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən müştəri kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və.s), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Belə ki, birbank taksit kartının aylıq ödənişi (gecikdirilmiş borclar da daxil olmaqla) gün ərzində saat 19:00-dək edildikdə həmin gün ödənilmiş hesab olunur. Qeyd edilən vaxtdan sonra həyata keçirilən ödənişlər isə növbəti iş günü icra edilmiş sayılır (müqavilədə və ya bank tərəfindən digər qayda nəzərdə tutulmamışdırsa). Ödəniş xidmətləri və ödəniş sistemi haqqında qanunda əməliyyat günün anlayışı "ödəniş xidməti təchizatçısının ödəniş sərəncamlarının qəbulu və ödəniş əməliyyatlarının aparılması üçün müəyyən etdiyi vaxt” kimi verilmişdir (maddə 1.1.14). xx.xx.2023-cü il tarixli müqavilənin 8.5-ci bəndinə əsasən tərəflər razılaşır ki, bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər” (bundan sonra “Şərtlər”) bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, Şərtlərlə tanış olmuşdur və Şərtlərdə, o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir, habelə Şərtlərdə və bu müqavilədə qeyd edilənlərə dair etirazı yoxdur. Şərtlər bankın rəsmi internet ünvanında (www.kapitalbank.az) və bankın filiallarında çap versiyasında mövcuddur. Göründüyü kimi iddiaçı ödənişi günün sonuna kimi həyata keçirdiyini bildirsə də, qanunvericilik əməliyyat günü anlayışını fərqləndirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:22-də İddiaçı tərəfindən ödənilmiş vəsait növbəti iş günündə həyata keçirilmiş ödənişə aiddir. Belə ki, bankın rəsmi internet ünvanında (https://cards.birbank.az/az/BRCB_BLACK/kb/) birbank cashback taksit kartının aylıq ödənişi üzrə əməliyyat günü saat 19:00-dək müəyyən edilmişdir. Qeyd olunan hal tərəflər arasında bağlanmış müqavilənin 8.5-ci bəndində müəyyənləşdirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddiaçının faiz borcunun ləğv edilərək ödənilmiş vəsaitin ona geri qaytarılması barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ötən məhkəmə iclasındakı ifadələrdən sonra cavabdeh tərəfindən elektron kabinetə bəzi əlavələr edilmişdir. Yeni əlavələrə əsasən minimum faiz dərəcəsi 25,25 faizdən maksimum 43,32 faizə qədər müəyyən edilmişdir. Halbuki, müqavilədə belə bir faiz dərəcəsi qeyd edilməmişdir. Həmin gün o, Cavabdeh ASC-nin əməkdaşlarına zəng etdikdə onlar elektron sistemdə yanlışlıqla dəyişiklər olduğunu və belə bir faiz dərəcəsinin ümumiyyətlə olmadığını bildirmişdilər. Müqaviləyə nəzər saldıqda isə orada maksimum 27 faiz müəyyən edilmişdir. Müqavilədə həmçinin o da qeyd edilmişdir ki, mübahisəli məsələ olduğu zaman müqaviləyə istinad olunmalı idi. Faiz borcu ondan əsassız olaraq tutulmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq hazırda faiz məbləğinin miqdarını mübahisələndirmədiyini, müqavilədə əməliyyat saatı barədə məlumat almağa çalışdıqda bəzi əməkdaşların saat 5, bəzilərinin isə 7 saat qeyd etdiklərini bildirmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Nemət oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, AR Mülki Məcəlləsinin 745.3-cü maddəsinə əsasən, bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. Həmin maddədə qeyd olunmuşdur ki, ödəniş əməliyyat gününün sonuna kimi həyata keçirilir. Bankın rəsmi internet ünvanında birbank cashback kartının aylıq ödənişi üzrə əməliyyat günü saat 19:00-dək müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə əməliyyat saatının 19:00 bankın daxili qaydası olmasını, həmçinin, hər məhsul üzrə bankın ayrıca əməliyyat saatının olduğunu, əməliyyat saatının bütün günü ehtiva etmədiyini, hər məhsul üzrə əməliyyat saatının bankın öz saytında göstərildiyini, bu işdə də 6 yanvar əməliyyat icra olunsa da, 7 yanvarda təsdiq olunduğunu, çünki bankın həmin məhsul üzrə müəyyən etdiyi əməliyyat saatını keçdiyini, müqavilədə saat göstərilmədiyini, ancaq internet saytında prosedurun bu formada olmasını bildirmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanan 31 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, müraciətin araşdırılması məqsədi ilə tərəflərindən aidiyyəti üzrə “Kapital Bank" ASC-yə ünvanlanmış və bank tərəfindən surəti ona ünvanlanmaqla xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Bildirilir ki, “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən hər bır bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtləri, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtləri və qaydalarını müəyyən etməkdə sərbəstdir. Həmçinin, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 36.7-cı bəndinə əsasən yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Odur ki, nəzərə alınması xahiş edilmişdir. 8.Mülki işin materiallarında olan “Kapital Bank" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 04 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, cavab məktubunda Mülki Məcəlləyə istinad edilərək cavab verilməsində hər hansı pozuntu yoxdur. Müqavilə qanunvericiliyin tələbləri gözlənilməklə tərtib edilmişdir. Müqavilənin 4.18-ci bəndi Mülki Məcəllənin 371-ci maddəsinin tələblərinə uyğun formada tərtib edilmişdir. Mərkəzi Banka cavab məktubunda Mülki Məcəllənin 371-ci maddəsinə istinad edilməməsinin səbəbi Mərkəzi Bankın əməkdaşlarının peşəkar səviyyədə müqavilə təhlili ilə məşğul olduqlarını və bu zaman qanunvericiliyə əlavə olaraq istinad edilməsinin lüzumsuz olması ilə bağlıdır. Mərkəzi Bankın əməkdaşlarına cavab məktubunda yalnız müqaviləyə istinad edilməsinin səbəbi həmin əməkdaşların yalnız müqavilənin mətnini bilməmələri və işin detallı araşdırılması üçün həmin əməkdaşlara yalnız müqavilənin mətni lazım olması ilə bağlıdır. Müştəriyə cavab məktubunda isə müqaviləyə istinad edilməsi, müştərinin müqavilənin mətnində xəbərdar olmasıdır. Müştərinin hal-hazırda ərizədə qeyd etdiyi qanunvericiliyin müddəasına istinadla bağlı qeyd etdiklərinə münasibətdə bildirilir ki, hüququn prinsiplərinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Bu səbəbdən də müştərinin qanunvericiliyə istinad edilərək müraciətinə cavab verilməsi tələbinin heç bir hüquqi əsası yoxdur Əlavə olaraq, "xxxx" ASC-nin '"Bırbank" kredit xətti məhsulu şərtlərinə əsasən qeyri-taksit əməliyyat çərçivəsində "retail" əməliyyatlara 63 günədək güzəşt müddəti verilir. Qeyd olunan məlumat Bankın rəsmi internet səhifəsində (www.kapitalbank.az), "Bırbank" mobil tətbiqində də əks olunur. Müqavilənin 4.8.2.1. Nağdsız ödənişlər üzrə: istifadə edilmiş pul vəsaiti Güzəşt müddəti ərzində tam olaraq ödənildikdə istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ Güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu Müqavilə ilə nəzərdə tutulmuş kredit xəttinin illik faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır. Bu halda ödənilməmiş güzəşt müddətli borc məbləğini formalaşdıran sonuncu əməliyyatlara, müvafiq əməliyyatların aparıldığı tarixdən carı tarixədək hesablanmalı olan faizlər də müştərinin faiz borcuna əlavə olunur. Hər ayın bu Müqavilənin 4.11-ci bəndində əks olunmuş tarixində faiz hesabında mövcud olan məbləğ və əsas borc üzrə minimal ödəniş məbləği (bu Müqavilənin 4.10-cu bəndinə əsasən) növbəti ödəniş intervalının sonunadək (bu Müqavilənin 4.7-ci bəndinə əsasən) ödənilməlidir. 23 yanvar 2025-ci il tarixli KB-2**-KB-***/2-185/2025 nömrəli məktubda qeyd edildiyi kimi, borcun güzəşt müddəti bitdiyi üçün faiz hesablanan borca çevrilmişdir. Cari ay üzrə güzəşt müddəti bitən borcun faiz hesablanan borca çevrilməsi tarixinə ödən-ilməli minimal ödəniş tələbi olmadığı üçün gecikmə günləri yaranmır. Gecikməyə dair məlumatların mövcud olmaması səbəbindən, həmin məlumatlar aidiyyəti üzrə yönləndirilmir. 9.Mülki işin materiallarında olan Cavabdeh ASC və İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli, BRCB4216711B142 nömrəli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən Bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin kartla bağlı və ya xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. 10.Mülki işin materiallarında olan “Kapital Bank" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 23 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, müqavilənin 4.18-cı bəndinə əsasən "Bankın əməliyyat saatları ərzində ərzində Banka aid kassalar, ödəniş terminalları və ya digər ödəniş vasitələri ilə aparılmış ödənişlər müvafiq ödənişin həyata keçirildiyi gün, Banka aid olmayan bütün digər ödəniş vasitələri ilə edilmiş ödənişlər isə, vəsaitin Banka daxil olduğu gün həyata keçirilmiş ödəniş kimi qəbul edilir. Bankın əməliyyat saatlarından kənar saatlarda həyata keçirilmiş ödənişlər vəsaitin Banka daxil olduğu gün həyata keçirilmiş kimi qəbul edilir". Bankın filiallarının əməliyyat saatları rəsmi internet səhifəsində (www.kapıtalbank.az/locatıons) göstərilmişdir. İddiaçı 3000 manat ödənişi 06 yanvar 2025-ci i il tarixində saat 23:22:16-da, Bankın əməliyyat saatlarından kənar vaxta icra etmişdir. Ödəniş gecikdirildiyi üçün borc faiz hesablanan formaya keçmiş və müvafiq qaydada faiz hesablanmışdır. Əlavə olaraq, İddiaçı müqaviləni məhkəmə qaydasında mübahisələndirə bilər. Odur ki, nəzərə alınması xahiş edilmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli razılaşmadan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli Birbank Cashback kredit xətti müqaviləsinə onların qarşılıqlı razılığı ilə xitam verilməsi barədə razılığa gəlmişlər. 12.Mülki işin materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ASC, Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan ərizələr, iddiaçıya məxsus Bank hesabından çıxarış. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə BRCB4216711B142 nömrəli Birbank Cashback Kredit Xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin kartla bağlı və ya xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. 14.Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən müqavilədən irəli gələn borcun ödənilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 23:22-də ödəniş həyata keçirilmiş, xx.xx.2025-ci il tarixdə isə ona 148.50 manat məbləğində faiz borcunun hesablandığı müəyyən edilmişdir. 15.Hazırda iddiaçı müqavilədə əməliyyat saatlarının qeyd edilmədiyini, faiz borcunun əsassız hesablandığını iddia edərək, həmin faiz borcunun ləğv edilərək ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iş saatından kənar ödənilən ödənişin Bank tərəfindən növbəti iş günündə həyata keçirilmiş ödənişə aid olduğunu bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 371.1-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. 740.7-ci maddəsinə əsasən borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 745.3-cü maddəsinə əsasən bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. 18.Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə BRCB4216711B142 nömrəli Birbank Cashback Kredit Xətti müqaviləsinin: 4.8.2.1-ci bəndinə əsasən nağdsız ödənişlər üzrə: istifadə edilmiş pul vəsaiti güzəşt müddəti ərzində tam olaraq ödənildikdə istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu Müqavilə ilə nəzərdə tutulmuş kredit xəttinin illik faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır. Bu halda ödənilməmiş güzəşt müddətli borc məbləğini formalaşdıran sonuncu əməliyyatlara, müvafiq əməliyyatların aparıldığı tarixdən carı tarixədək hesablanmalı olan faizlər də müştərinin faiz borcuna əlavə olunur. Hər ayın bu Müqavilənin 4.11-ci bəndində əks olunmuş tarixində faiz hesabında mövcud olan məbləğ və əsas borc üzrə minimal ödəniş məbləği (bu Müqavilənin 4.10-cu bəndinə əsasən) növbəti ödəniş intervalının sonunadək (bu Müqavilənin 4.7-ci bəndinə əsasən) ödənilməlidir 4.18-ci bəndinə əsasən Bankın əməliyyat saatları ərzində Banka aid kassalar, ödəniş terminalları və ya digər ödəniş vasitələri ilə aparılmış ödənişlər müvafiq ödənişin həyata keçirildiyi gün, Banka aid olmayan bütün digər ödəniş vasitələri ilə edilmiş ödənişlər isə, vəsaitin Banka daxil olduğu gün həyata keçirilmiş ödəniş kimi qəbul edilir. Bankın əməliyyat saatlarından kənar saatlarda həyata keçirilmiş ödənişlər vəsaitin Banka daxil olduğu gün həyata keçirilmiş kimi qəbul edilir. 8.5-ci bəndinə əsasən tərəflər razılaşır ki, bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər” (bundan sonra “Şərtlər”) bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, Şərtlərlə tanış olmuşdur və Şərtlərdə, o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir, habelə Şərtlərdə və bu müqavilədə qeyd edilənlərə dair etirazı yoxdur. Şərtlər bankın rəsmi internet ünvanında (www.kapitalbank.az) və bankın filiallarında çap versiyasında mövcuddur. 19.Göründüyü kimi iddiaçı ödənişi günün sonuna kimi həyata keçirdiyini bildirsə də, qanunvericilik əməliyyat günü anlayışını fərqləndirmişdir. Bankın rəsmi internet ünvanında (https://cards.birbank.az/az/BRCB_BLACK/kb/) birbank cashback taksit kartının aylıq ödənişi üzrə əməliyyat günü saat 19:00-dək müəyyən edilmişdir. Qeyd olunan hal tərəflər arasında bağlanmış müqavilənin 8.5-ci bəndində müəyyənləşdirilərək ödənişin konkret edilmə maksimumu (saat üzrə) razılaşdırmışdır. Yəni həmin müqavilənin 8.5-ci bəndində blanket xarakterli olaraq bankı rəsmi internet səhifəsinə yönləndirilmiş və ödəmə vaxtı bu qaydada müəyyən edilmişdir. İddiaçı müqavilə bağladığı zamanı həmin şərtlərlə tanış olmuş və müqaviləni öz sərbəst iradəsi əsasında imzalamaqla qəbul etmişdir. xx.xx.2025ci il tarixdə saat 23:22-də İddiaçı tərəfindən ödənilmiş vəsait bankın əməliyyat saatlarından kənar vaxtda icra edildiyindən növbəti iş günündə həyata keçirilmiş ödənişə aid edilmiş və ödəniş gecikdirildiyi üçün də borc faiz hesablanan formaya keçmiş, Bank tərəfindən də haqlı olaraq müvafiq qaydada faiz hesablanmışdır. 20.Göründüyü kimi məhkəmə araşdırması zamanı irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığı və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "faiz borcunun silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar